Şərqi Aralıq dənizində baş verənlər burada qardaş Türkiyə ilə bir sıra Qərb ölkələri, xüsusən də Yunanısran və Fransa ilə münasibətlərin daha gərgin mərhələyə qədəm qoyacağını göstərir. Sonuncuların mövqeyi, faktiki olaraq, beynəlxalq hüquq normalarından uzaq olmaqla, Türkiyəyə qarşı məkrli planlar üzərində qurulub.
Xatırladaq ki, Türkiyə Şərqi Aralıq dənizində və Şimali Kipr sahillərində özünün müstəsna iqtisadi fəaliyyət zonası hesab etdiyi bölgələrdə neft-qaz kəşfiyyatı aparır. Yunanıstan və ona dəstək verən bəzi Avropa ölkələri isə Türkiyəyə əngəl olmağa çalışırlar. Hətta Avropa Komissiyası Türkiyəyə 25 sentyabradək vaxt verib. Komissiyanın sədr müavini Marqaritis Şinas Şərqi Aralıq dənizində Yunanıstanla Türkiyə arasındakı gərginliyin həll yolu tapılmayacağı halda rəsmi Ankaraya sanksiya tətbiq edəcəklərini bildirib. Yunanıstanın “Alfa” telekanalına müsahibə verən Şinas Türkiyənin sondaj fəaliyyətlərini dayandırması üçün son çarələr axtardıqlarını dilə gətirib. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel də bundan əvvəl Berlində təşkil edilən toplantıda, iqtisadi sanksiyalar da daxil olmaqla, Türkiyəyə qarşı atılacaq addımları açıqlamışdı. Türkiyəyə sanksiya tətbiq edilə bilməsi üçün Avropa İttifaqına üzv ölkələrin hamısının səs verməsi şərtdir. Qeyd edək ki, Avropa İttifaqı liderlərinin 24-25 sentyabrda zirvə görüşü baş tutacaq. Amma Türkiyə geri çəkilmək niyyətində deyil və mövqeyini, hətta hərbi güc yolu ilə də müdafiə etməyə hazır olduğunu bəyan edir. Bu isə artıq NATO ölkələri arasında savaş deməkdir. Indiki halda məlumdur ki, Yunanıstan Lozanna anlaşmasına zidd olaraq Şərqi Aralıq dənizində 16 adanı silahlandırıb. Türkiyə ilə Yunanıstan arasında gərginliyin davam etdiyi bir vaxtda Fransa bir çox döyüş təyyarələri və sualtı qayıqları ilə birlikdə “Şarl de Qoll” təyyarədaşıyan gəmisini də bölgəyə göndərib. Ankara Parisin bu hərəkətinə sərt reaksiya verib. Türkiyənin müdafiə naziri Hulusi Akar isə Yunanıstana dəstək üçün Şərqi Aralıq dənizinə öz təyyarədaşıyan gəmisini göndərən Fransaya Atatürkün məşhur sözləri ilə mesaj verib: “Gəldikləri kimi gedəcəklər”. Müdafiə naziri deyib ki, Türkiyə bütün qonşularının siyasi suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Amma heç bir halda öz haqlarından zərrə qədər də imtina etməyəcək, qanuni hüquqlarının pozulmasına göz yummayacaq.
İndilikdə Türkiyə və Yunanıstan liderləri Şərqi Aralıq dənizində hərbi qarşıdurmanın önünü almaq və hadisələrin risqini azaltmaq üçün NATO-da texniki görüşlərin keçirilməsinə razılıq veriblər. Amma bununla belə, yunan tərəfi geri çəkilməyəcəyini bildirib. Bu isə hadisələrin savaşa qədər inkişafına səbəb ola bilər. Türkiyənin “Takvim” qəzeti baş verənlərlə bağlı yazır:“ABŞ-ın ən önəmli iki enerji şirkəti “Exxon Mobil” və “Nobel” İngiltərənin “BG Group”, Fransanın “Total” və İtaliyanın “Eni” şirkətləri ilə başladığı çalışmalarda Aralıq dənizi bu gün dünyanın ən önəmli su sahəsi kimi qiymətləndirilir. “Exxon Mobil” şirkətinin direktoru Darren Vuds isə Aralıq dənizi ilə bağlı tarixi açıqlamalar verib. O, “Aralıq dənizi dünya okeanlarından və digər dənizlərdən daha qiymətlidir. Buna səbəb nədir? Ona görə ki, 100-ə yaxın ölkənin heç bir iş görmədən Aralıq dənizində güc uğrunda vuruşması bu bölgənin nə qədər dəyərli olduğunu sübut edir. Aralıq dənizini enerji sahəsi ilə qiymətləndirirəm. Əmin olun ki, 100 ölkənin məqsədi yalnız enerji deyil. Bir az araşdırma Aralıq dənizinin gələcəkdə nə qədər əhəmiyyətli olduğunu başa düşməyə imkan verəcək”. Vudsun dediyi kimi, 100 ölkə Aralıq dənizində olmaq istəyir. Ancaq məsələ burasındadır ki, həmin 100 ölkə üçün bölgədə nə enerji, nə də yer kifayət qədərdir. Bu da sirr sayılmır. Böyük oyunçular istisna olmaqla, bölgədə heç kim olmayacaq. Bu, bilinən, amma sakit səslə danışılan mövzudur. Böyük oyunun böyük oyunçuları isə ABŞ, Türkiyə, Fransa, İtaliya, Almaniya, İngiltərə və Rusiyadır. Nə Yunanıstan, nə İspaniya, nə də Misir əslində oyunçu hesab edilmir. İndi belə bir vəziyyətdə Aralıq dənizində təkbaşına böyük güc olma xəyalı ilə yaşayan Yunanıstan üçün qara günlər hələ başlamayıb. Amma hələ ki, bunu görə bilmirlər. Fərqinə varsalar belə, yenə də edə biləcəkləri bir şey yoxdur. Pulun və gücün yoxdursa, əmr almaqdan başqa bir şey bacara bilməzsən.Türkiyənin vəziyyəti isə olduqca fərqlidir. Türk dövləti öz gücü ilə meydandadır. Böyük oyunun bütün oyunçularını bilir, tanıyır, nə istədiklərini də bilir, ancaq yenə də öz bildiyini edir. Bütün bu hadisələr Türkiyəni Aralıq dənizində böyük gücə çevirir. Ancaq Yunanıstan üzərindən qurulan bu oyuna Türkiyəni də cəlb etmək istənilir”. Məhz bu durumda Türkiyənin mövqeyini daha güclü hala gətirmək üçün dəstəyə ehtiyacı artır. İndi Ankaraya belə dəstək verən ölkə qismində isə Azərbaycan çıxış edir.
Qeyd edək ki, elə bu günlərdə prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə də toxunub. İlham Əliyev bu məsələdə Yunanıstana sərt mövqeyini bildirərək deyib ki, Türkiyə Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkədir. O həmçinin vurğulayıb ki, Azərbaycan heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək. Ümumiyyətlə, Bakı hesab edir ki, Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti bütün beynəlxalq hüquq normalarından doğan prinsiplərə tamamilə uyğundur. Sadəcə, ikili standartlar, ədalətsizlik və Türkiyənin güc mərkəzinə çevrilməsinin qarşısının alınması üçün ona qarşı oyunlar qurulur. Bu halda Azərbaycan Prezidentinin dövlətimizin və millətimizin Türkiyənin və türk millətinin yanında olmasını birmənalı şəkildə elan etməsi həm qardaşlığımız, həm Bakının beynəlxalq hüququn, ədalətin yanında dayanması deməkdir, həm də məsələni anlamayanları başa salmaqdır. “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver də bunu vacib sayır. Onun sızlərinə görə, Prezident İlham Əliyev Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədiyi fikirlərlə Azərbaycan-Türkiyə münasibətlərinin həqiqətən də qardaşlıq münasibətləri olduğunu bir daha sübut etdi: “Azərbaycan Prezidenti ölkəmizə və millətimizə dəstəyini göstərməklə bərabər bütün dünyaya göstərdi ki, Türkiyə yalnız deyil. Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurlar Türkiyənin qürur mənbəyidir. İlham Əliyevin hər fürsətdə Türkiyəni dəstəkləməsi bizə ayrıca qürur hissi yaşadır. Azərbaycan və Türkiyə hər zaman tərəddüdsüz bir-birinin yanında olub və bundan sonra da olacaq. Bizim qardaşlığımız əbədidir”.
Nahid SALAYEV