Bu gün Azərbaycanda multikulturalizim azərbaycançılığın vacib bir istiqaməti kimi özünü ifadə etməkdədir. Geniş və çoxşaxəli sahələri, istiqamətləri, bütövlükdə, özündə böyük mədəniyyətlər sistemini, dünyagörüşləri birləşdirən azərbaycançılığın ayrılmaz qollarından olan multikulturalizm müasir Azərbaycanın əldə etdiyi ən böyük tarixi nailiyyətlərdəndir.
Bəzi dövlətlərdən, xüsusən də faşizm və Njdeizm kimi zərərli ideologiyaları dövlət siyasətinə çevirən Ermənistandan fərqli olaraq, Azərbaycanda əsl, heç kəsdə şübhə doğurmayan multikulturalizm, tolerantlıq mövcuddur. Dəfələrlə qeyd edildiyi kimi, dünyanın bütün mütərəqqi baxışlı ölkələri, xalqları multikulturalizmin Azərbaycan modelini böyük nümunə, örnək kimi qəbul və bu dəst-xətti təqdir edib.
Dünya miqyasında multikulturalizm ölkəsi kimi tanınan Azərbaycan…
Məlumdur ki, müasir Azərbaycanda multikulturalizmin bir siyasət kimi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizdə yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə həmişə diqqətlə yanaşıb və qayğı göstərib. Tarixçilər bildirirlər ki, Heydər Əliyevin sədrliyilə komissiya tərəfindən layihəsi hazırlanan və 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsinə uyğun olaraq, dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ, 45-ci maddəsində isə hər kəsin ana dilindən istifadə hüququ təsbit olunub. Tarixçilər və sosioloqlar, mədəniyyətşünaslar, ölkəmizdə yaşayan azsaylı xalqların icma rəhbərləri dəfələrlə ən mötəbər tədbirlərdə vurğulayıblar ki, bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışır, bir çox ali və orta məktəbdə təhsil alır, onların adət-ənənələrinə hörmətlə yanaşılır. Tarixçilər qeyd edirlər ki, Azərbaycanda milli azlıqların kütləvi informasiya vasitələri, öz ana dillərində qəzet və kitabları nəşr edilir, televiziya və radio verilişləri hazırlanır.
Hər kəsə məlumdur ki, Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirib və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıdıb.
Heydər Əliyevin böyük fəxrlə və qürur hissilə dediyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsi hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan xalqının multikultural adət-ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.
Azərbaycanda tolerantlıq mühiti ən yüksək səviyyədədir
Bu gün ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi azərbaycançılıq ideyasının daşıycısı, təbliğatçısı kimi özünü təqdim edir. Sevindirici haldır ki, Azərbaycandan köçüb gedən və başqa ölkələrdə yaşayan azsaylı xalqların nümayəndələri də Azərbaycanı unutmur, azərbaycançılıq ideyasına sadiq olduqlarını sübut edirlər. Əlbəttə, Azərbaycanda multikulturalizm azərbaycançılığın ayrılmaz tərkib hissəsinə çevrilməsəydi, biz bu halların şahidi ola bilməzdik. Azərbaycan bütün burada yaşayan xalqların vətəni olduğu kimi, azərbaycançılıq da onların vahid ideyası, ideologiyasıdır.
Bilirik ki, son 15-16 ildə Azərbaycanda mədəniyyətlərarası dialoq müstəvisində saysız beynəlxalq tədbir, forum keçirilib. Tarixçilər və mədəniyyətşünasların vurğuladığı kimi, ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir. Dönə-dönə qeyd edildiyi kimi, Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla dünyada öz nüfuzunu gücləndirməkdədir. Tarixçilər bildirirlər ki, Azərbaycanda tolerantlıq mühiti ən yüksək səviyyədə olduğu üçün, multikulturalizm, millətlər və dillər arasında olan münasibətlərə, dialoqa həsr edilən beynəlxalq səviyyəli bir çox tədbir, o cümlədən, dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprel ayında məhz Bakı şəhərində keçirilib.
“Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var”
Tarixçilər vurğulayırlar ki, 2011-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. 26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının Xll sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi: “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə, bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrıseçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə biz öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq”.
“Bu və digər tədbirlər beynəlxalq aləmdə Azərbaycanın multikulturalizm modelinin təbliğində mühüm rol oynayıb”
Multikulturalizmin azərbaycançılıq ideologiyasında tarixilik və müasirlik baxımından yeni mərhələ açdığını deyən “Azərbaycan” universitetinin dissertantı, ədəbiyyatşünas Leyla Məmmədəliyeva qeyd edir ki, ölkəmizdə multikulturalizm azərbaycançılıq məfkurəsinə sıx bağlıdır və bu özünü praktik, əyani şəkildə göstərir. O vurğulayır ki, Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq məfkurəsinə uyğun olaraq, tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, dövlət başçısının 15 may 2014-cü il tarixli Sərəncamı ilə Baki Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb,11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilib.
“Azərbaycanda multikulturalizm azərbaycançılığın içində inkişaf edib, tərəqqi tapıb. Bu gün ölkəmizdə dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin təbliğ edilməsində Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətləri danılmazdır. Heydər Əliyev Fondunun təşkilatçılıgı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda konfrans keçirilib və "Parisin ürəyində Azərbaycan musiqisi" adlı konsert təşkil olunub. Bu və digər tədbirlər beynəlxalq aləmdə Azərbaycanın multikulturalizm modelinin təbliğində mühüm rol oynayıb. Qloballaşan dünyanın diqtə etdiyi şərtlər çox ağır və amansızdır. Görüsünüz, dünyanın özünü “demokratik” adlandıran ölkələrində nə qədər milli-dini, irqi ayrıseçkiliklər, beynəlxalq qanunlara, insan haqlarına zidd əməllər, hadisələr yaşanır. Azərbaycanda isə nə keçən əsrlərdə, nə də hazırda belə problemlər mövcud olub, biz bütün xalqların, dinlərin nümayəndələri ilə mehriban, səmimi, iç-içə yaşayırıq, sevincimizi, kədərimizi paylaşırıq. Ölkəmizdə yaşayan bütün xalqlar da Azərbaycanı ürəkdən sevir, dövlət müstəqilliyimizin əbədi yaşaması, torpaqlarımızın düşmən təcavüzündən qorunması üçün fədakarlıqlar göstərirlər. Bu, ölkəmizdə həyata keçirilən multikulturalizm, tolerantlıq siyasətindən irəli gəlir”.
Ölkəmiz dünyaya multikulturalizmin Azərbaycan modelini təqdim edir ki…
Bildiyimiz kimi, 2014-cu il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən, 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyəti, çoxsaylı beynəlxalq təşkilatın, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak ediblər. Eləcə də 2019-cu ilin may ayının 1-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib, həmin forumda dünyanın 135-dən çox ölkəsindən nümayəndə heyəti, çoxsaylı beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.
BMT-nin Sivilizasiyalar Alyansının Vll-ci Qlobal Formunun 2016-cı il aprelin 25-27-də və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. Bu gün artıq ölkəmiz dünyaya multikulturalizmin Azərbaycan modelini təqdim edir ki, Prezident İlham Əliyevin dediyi kimi, “Multikulturalizmin alternativi yoxdur”.
“Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə, dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur”
Prezident İlham Əliyev çıxışlarından birində “Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrıseçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir
ölkənin öz qaydaları, öz ənənələri var” - deyə bildirərək Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələrinə bəslənən hörməti, sevgini ifadə edib.
“Öz mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq gərək eyni şəkildə fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın”. Bu fikirlər isə UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məxsusdur.
Yəhudi əsilli mərhum millət vəkili Yevda Abramov Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizmi belə qiymətləndirib: “Yəhudilərə münasibətdən, onların yaşamından deyə bilərəm ki, Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə, dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Həm Konstitusiya yolu ilə, həm də cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə bir dözümlülük nümayiş etdirilir. Bütün millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edə bilir”.
“Ölkəmizdə müxtəlif konfessiyaların və millətlərin nümayəndələri bir ailə kimi yaşayır”
Bakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev isə “Azərbaycanda dini zəmində qarşıdurma heç vaxt olmayıb və olmayacaq. Ona görə ki, dinc-yanaşı yaşamaq bizim qanımızdadır. Bildiyiniz kimi, ölkəmizdə müxtəlif konfessiyaların və millətlərin nümayəndələri bir ailə kimi yaşayır.
Bu gün dünyada qəddarlıq və nifrət müşahidə edirik. Eyni bir dinin nümayəndələri yalnız həmin dinin müxtəlif məzhəblərinə mənsub olduqlarına görə bir-birini öldürür. Azərbaycan isə bütün dünya birliyi üçün gözəl nümunədir” - deyə bildirib.
“Bu gün Azərbaycanda müxtəlif dinlərin hamısı bərabər hüquqlara malikdirlər. Bu, təkcə sənədlərdə deyil, əməllərdə də təsdiq olunur. Bir sıra ölkələrlə müqayisədə Azərbaycanda dini münaqişələr baş vermir. Biz buna görə ölkə Prezidentinə minnətdarıq, bütün bunlar onun sayəsində baş tutur. Azərbaycanda indiyədək hər hansı dini problem, münaqişə olmayıb. Bütün bunlar ölkədə multikulturalizmin olmasına bir nümunədir”. Bu fikirlər isə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinə məxsusdur.
Bütün bu fikirlərdən belə qənaətə gəlmək olar ki, azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm ölkəmizdə yaşayıb fəaliyyət göstərən bütün xalqların, konfessiyaların hər birinin təqdir etdiyi, qiymətləndirdiyi və təbliğ etdiyi bir dəyərlər sistemidir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.