Məlum olduğu kimi, Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən ölkəmiz üçün həssas olan bir çox məqama toxunub.
Dövlət başçısının Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edərkən səsləndirdiyi bəyanatlar, verdiyi mesajlar diplomatiya tarixində bir yenilik idi. O, yunan diplomatla görüşdə olduqca açıq, Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirdi. Azərbaycan üçün həssas məqamları çox açıq şəkildə bəyan etdi. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ortaya qoydu. Prezident açıq şəkildə yunan səfirin diqqətinə çatdırdı ki, Azərbaycan və Yunanıstan arasında münasibətlərdə son illərdəki durğunluğun bir neçə səbəbi var. Birincisi, bu, Yunanıstan hökumətinin siyasi səbəblərdən dolayı SOCAR-a qarşı apardığı yanlış davranışla bağlıdır. Belə ki, Yunanıstanın o zamankı hökumət başçısının özünün xahişi və təklifi əsasında “DESFA” qaz şirkətini almaq üçün açıq tenderə qoşulan SOCAR bu tenderi qazanmasına və Azərbaycanın 40 milyon dollarlıq avans ödənişi etməsinə baxmayaraq, tamamilə leqal paya sahib ola-ola, siyasi motivli qərar səbəbindən Siriza hökuməti tərəfindən ölkədən çıxarıldı. Bununla, bir növ, Yunanıstanın anti-Azərbaycan siyasəti apardığını ortaya qoydu.
İkincisi, işğalçı Ermənistana Yunanıstanın hərbi dəstəyi. Dövlət başçısı Yunanıstan-Kipr-Ermənistan hərbi əməkdaşlığına toxunaraq, bu məsələdə Azərbaycanın qəti və prinsipial mövqeyini Yunanıstanın ölkəmizə yeni təyin olunan səfirinin diqqətinə çatdırdı. Nəzərə alsaq ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, o zaman qurumun üzvü olan Yunanıstanın məlum addımı beynəlxalq hüquqa ziddir. Eyni zamanda, Rusiyanın Ermənistanı silahlandırması məsələsinə toxunaraq bunun doğru olmadığını bildirdi.
Üçüncüsü, Prezident Azərbaycanın hər zaman Türkiyənin yanında olacağını bəyan etdi. Sözsüz ki, ölkəmizin dostları mövzusuna toxunarkən bu siyahıda ilk yeri qardaş Türkiyə tutur. Heç təəccüblü deyil ki, Prezident yunan səfirlə görüşdə son zamanlar Şərqi Aralıq dənizi regionunda Yunanıstanla Türkiyə arasında münaqişədə dünya liderləri arasında ilk və yeganə lider olaraq Ankaraya dəstəyini açıq şəkildə ifadə etdi və bildirdi: “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.
Onu da qeyd edək ki, Azərbaycan dövlət başçısı dəfələrlə qardaş Türkiyəyə müxtəlif məsələlərdə dəstəyini ifadə edib, Ankaranın hər bir addımının yanında olduğunu bildirib. Bu dəfə də ənənəsinə sadiq qalaraq sözügedən mövqedən çıxış etdi. Özü də son dərəcə açıq formada.
Bütün bu deyilənlərin fonunda, Prezidentimizin yunan səfiri ilə bu qədər açıq və birbaşa danışması diplomatiyada necə bir nümunə sayılır?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Prezident İlham Əliyev məlum mövqeyi ilə diplomatiya tarixində görünməmiş bir yeniliyə imza atdı: “Deyərdim ki, müasir siyasi tarixdə buna bənzər hal yaşanmayıb. Ölkə başçısı böyük diplomatik ustalıq və cəsarət göstərərək yunan səfirinə ölkəsinin yanlış yolda olduğunu izah etdi. Özü də tutarlı, əhatəli və konkret faktlara söykənən arqumentlərlə. Aydın məsələdir ki, bu faktların qarşısında kim olursa-olsun, aciz duruma düşər. Çünki ölkə başçısı son dərəcə vacib və aktual əhəmiyyət kəsb edən məsələləri gündəmə gətirdi. Məlum oldu ki, Yunanıstan çox ciddi səhvlərə yol verib və bu indi də davam edir. Baxmayaraq ki, bütün bunlar həm də Yunanıstanın öz maraqlarının əleyhinə yönəlib. Prezident İlham Əliyevin qardaş Türkiyə dövlətinə verdiyi birmənalı açıq dəstək olduqca ciddi hadisə idi. Bu bir daha qardaş ölkə ilə Azərbaycanın dostluğunun əbədi olduğunu göstərir”.
Şərqşünasın fikrincə, bütün bunlar bir daha sübut etdi ki, Prezident İlham Əliyev böyük dövlət xadimi olmaqla yanaşı, həm də böyük diplomatdır.
Vidadi ORDAHALLI