Məlum olduğu kimi, Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.
Ölkə başçısı çıxışında qeyd edib ki, iki ölkənin əməkdaşlığına mənfi təsir göstərən bir neçə məsələ olub: “Onlardan biri Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır. Deyə bilərəm ki, bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq baş naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim “Cənub Qaz Dəhlizi”nin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt, əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda, biz avans ödənişi etdik, qiymətin 10 faizini təşkil edən 40 milyon avronu və 4 il ərzində - 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi”.
Prezident onu da qeyd edib ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın baş nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik: “Lakin siyasi səbəblərdən, Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Sözsüz ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Lakin ondan sonra, açığını desək, biz qərara gəldik ki, əgər Yunanıstan hökuməti bizə belə münasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünməliyik. Bizim cavabımız, faktiki olaraq, heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadıq. Beləliklə, bu, çox məyusedici məsələ idi və əlbəttə ki, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi”.
Göründüyü kimi, o zaman Yunanıstanın “DESFA” ilə bağlı verdiyi qərar doğru deyildi. Nəticədə bu, iki ölkə arasında olan əlaqələrə mənfi təsir etdi.
“Təbii ki, bunda Yunanıstan hökumətinin günahı az deyil”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Yunanıstanın bu addımı siyasi amillərlə bağlı olub: “O zaman Avropa Komissiyası SOCAR-ın məlum tenderdə qalibiyyətinin təsdiqini blokladı. Bloklamağı belə qeyri-rəsmi izah edirdilər ki, bunun səbəbi borcla bağlıdır. Məsələ ondadır ki, 2010-cu ildən sonra Yunanıstan Avropa İttifaqı daxilində böyük borca girdi. Yunanıstan 2009-cu ildən sonra iqtisadi böhrana sürükləndi. Aİ Yunanıstana borc pul verərkən şərt qoydu ki, dövlət şirkətləri özəlləşdirilsin. Yəni dövlətin əlində olan aktivləri özəlləşdirərək onlardan daha böyük fayda götürsünlər. Bu səbəbdən Yunanıstanın qaz nəqli və onun paylanması ilə məşğul olan “DESFA” şirkətinin özəlləşdirilməsinə qərar verdi. Baxmayaraq ki, Yunanıstanın müvafiq orqanları bunu təsdiqlədilər, ancaq Avropa Komissiyası buna razılıq vermədi. O zaman bunu onunla əlaqələndirirdilər ki, özəlləşmədən sonra şirkəti digər dövlət şirkəti alır. Yəni dövlət şirkəti olan “DESFA” özəlləşdirilir, onun 60 faizini Azərbaycanın dövlət şirkəti alır. Onda bunun fəlsəfəsi nə oldu? Avrokomissiya məsələyə bu cür yanaşırdı. Tender proseduruna onların heç bir cavabdehliyi yox idi, amma özəlləşdirmənin fəlsəfəsinə yanaşmada narazı idilər. Dövlət şirkətinin özəlləşdirilən şirkəti yaxşı idarə etməsi belə, onlar üçün o qədər də məna kəsb etmirdi. Beləcə, 4 il məchul danışıqlar getdi və sonra da ləğv olundu. Hesab edirəm ki, bu, düzgün yanaşma deyildi. Təbii ki, bunda Yunanıstan hökumətinin də günahı az deyil. Onlar gərək buna şərait yaratmayaydılar və qətiyyətli mövqe ortaya qoyaydılar”.
Ekspertin fikrincə, “DESFA” məsələsi iki ölkə əlaqələrinə mənfi təsir etdi.
Vidadi ORDAHALLI