“Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli hərbi əməkdaşlıq formatı bizi narahat edir”. Bu fikirləri Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən səsləndirib.
Bununla bağlı ölkə başçısı bir sıra məqamlara toxunub: “Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. İki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir”.
Bununla belə, Prezident belə bir məqamı xüsusi olaraq qeyd edib: “Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”.
Göründüyü kimi, Prezident İlham Əliyev konkret olaraq Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq işğalçı tərəfi ifşa etməklə yanaşı, Ermənistanla olan hərbi əməkdaşlığın zərərli olduğunu dedi.
“Bütün bunlar hücumedici diplomatiyanın tərkib hissəsidir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, ölkə başçısı prinsipial şəkildə ortaya mövqe qoyaraq öz iradlarını bildirdi: “Baxmayaraq ki, sözügedən tədbir protokol xarakterli bir görüş idi, amma dövlət başçısı öz iradlarını bildirdi. Yəni bununla, faktiki olaraq, Prezident real siyasi və bizim maraqlara cavab verən məqamlara toxundu. Eyni zamanda, çox prinsipial mövqe səsləndirdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozursa, BMT qətnamələrinə əməl etmirsə, o zaman Yunanstan və Kiprin bu ölkə ilə hərbi əməkdaşlığı heç bir məntiqə uyğun gəlmir. Belə olan halda, əlbəttə ki, Azərbaycan sözügedən üçtərəfli alyansdan narahat olacaq. Çünki Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Sözügedən üçtərəfli əməkdaşlıqda əsas rolu Yunanıstan oynayır və bütün bunları rəsmi Afina nəzərə almalıdır. Bütün bunlarla yanaşı, ölkə başçısı Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistanı hava yolu ilə silahlandırmasına tənqidi prizmadan yanaşdı. Bir daha prinsipial mövqe ortaya qoyaraq bunun doğru olmadığını dedi. Nəzərə almaq lazımdır ki, Rusiya həm də ATƏT-in Minsk Qrupunun həmsədridir. Həmsədr ölkənin belə addım atması heç bir normalara uyğun gəlmir. Azərbaycanın ən yüksək səviyyədə öz mövqeyini ortaya qoyması çox vacib məsələdir. Bütün bunlar hücumedici diplomatiyanın tərkib hissəsidir”.
Politoloqun fikrincə, Azərbaycan diplomatik müstəvidə davamlı olaraq hücumedici mövqedən çıxış etməlidir.
Vidadi ORDAHALLI