Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib və görüşdəki çıxışı ilə səfirə əsl diplomatiya dərsi keçib.
Sitat: “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq. Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək. Biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”.
İlham Əliyev bu mövqeyinə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” sosial hesabında belə bir şərh yazıb: “Çox təşəkkürlər edirəm, cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”.
Nazir, həmçinin, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq dövlət bayraqlarımızın qoşa təsvirini də paylaşıb.
Qeyd edək ki, ölkə başçısı ilk dəfə deyil Türkiyənin mövqeyini açıq və tərəddüsüz dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab vermişdi:“Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Göründüyü kimi, ölkə başçısı Türkiyənin mövqeyini sanki öz ölkəsi kimi müdafiə edir və fikirlərini kifayət qədər açıq formada ifadə edir. İlham Əliyevin bu addımları iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərir?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan hər zaman Türkiyəyə öz dəstəyini ifadə edib: “Eyni prosesi biz Türkiyədən də özümüzə qarşı görmüşük. Qarşılıqlı dəstəklərdə hər hansı korparativ maraq güdülməyib. Bu bir qardaşlıq münasibətinin təzahürüdür. Azərbaycan öz dəstəyini Xarici İşlər Nazirliyi səviyyəsində bildirib. Artıq Aralıq dənizində Türkiyəyə qarşı bir cəbhə formalaşıb. Hesab edirəm ki, bu gərginlikdə aparıcı ölkələr danışıqlar üçün vasitəçilik rolu təklif etməlidir. Hərbi qüvvələr bölgəyə cəlb olunub. Almaniya vasitəçilik təklif edib. Amma hələlik heç bir razılıq yoxdur. Konvesiyaya baxanda görə bilərik ki, yunanlar adalarda silahlı qüvvələrini yerləşdirə bilməzdi. Bununla Afina konvensiyadakı şərtləri pozub. Yunanıstanın Türkiyəyə qarşı hərbi xərclərini artırması həm bu ölkəni, həm də Avropa İttifaqını ciddi bir iqtisadi böhran qarşısında qoya bilər.
Yunanıstan və Türkiyə faktiki olaraq müharibə ərəfəsindədir, lakin iki ölkənin müharibə etməsi heç də real deyil. Fransa Türkiyənin Aralıq dənzindəki fəaliyyətinə mane olmaq istəyənlərə dəstək verir. Türkiyə ilə Liviya arasında əldə olunmuş razılıq Türkiyəyə Aralıq dənizində axtarış işləri aparmağa imkan yaradır. Yunanıstan-İsrail-Misir üçlüyü isə bu prosesdə Türkiyəyə qarşı çıxır. Avropa Birliyi də Fransanın timsalında bu dövlətlərə dəstək verir. Türkiyənin Yaxın Şərqdə ən böyük gücə çevrilməsi onları narahat edir. ABŞ başda olmaqla, heç bir dövlət bunu istəmir. Belə olan təqdirdə, Azərbaycan Prezidenti Türkiyə-Azərbaycan münasibətlərinin bütün diplomatiya və siyasətin fövqündə olduğunu diqqətə çatdırdı. Bu fikirlər Türkiyə-Azərbaycan qardaşlığının ən yaxşı ifadəsi və bir millət - iki dövlət fəlsəfəsinin real beynəlxalq münasibətlər sistemində təntənəsi idi. Şübhəsiz ki, bu cür qətiyyətli və prinsipial diplomatiya siyasəti milli marqlarımızı qoruyan ən yaxşı vasitədir”.
Xatırladaq ki, Türkiyənin Aralıq dənizinə “Oruc Rəis” seysmik tədqiqat gəmisini göndərməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb.
Məhəmmədəli QƏRİBLİ