Koronavirus pandemiyası ilə bağlı son vəziyyət göstərir ki, bu problemə qarşı mübarizə gələn il ərzində də davam edəcək. Artıq dünya dövlətləri gələn il ərzində də bu bəlaya qarşı mübarizə üçün böyük həcmdə vəsaitlər ayırmağı düşünür. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan 2021-ci il dövlət büdcəsindən COVID-19-la mübarizəyə 600 milyon manat vəsait ayıracaq.
Amma ekspertlər bildirir ki, payız-qış mövsümündə virusun ikinci dalğası başlasa, sərf ediləcək vəsaitin həcmi həm dünyada, həm də Azərbaycanda artacaq. Indilikdə isə görülən tədbirlər nəticəsində Azərbaycanda koronavirus xəstələrinin sayı azalmaqdadır. Amma təbii ki, bu rəqəmlərə istinad edib rahatlaşmaq ciddi problemlər yarada bilər. Xüsusilə də payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. İndi dövlət bütün ehtimalları nəzərə alaraq modul tipli xəstəxanalar inşa edir. Hətta bu gün mövcud xəstəxanalardakı yerlərlə yanaşı, iki Olimpiya İdman Kompleksi də koronavirus xəstələri üçün ayrılıb və orada 300-dən 500-ə qədər çarpayı var. Ehtiyac yaranarsa, qısa müddətdə əlavə olaraq 1400 çarpayılıq 7 modul tipli xəstəxananın da tikintisi həyata keçirilə bilər. Bununla yanaşı, ölkəmizdə laboratoriyaların sayı 45-ə çatdırılıb və 1 milyona yaxın test keçirilib. Görülən bütün bu tədbirlər və işlər onu sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığını, onları koronavirus bəlasından qorumaq üçün lazımi infrastruktur formalaşdırıb. Lakin bütün bunlar hələ də məsələnin tam həlli deyil. Yuxarıda qeyd olunduğu kimi, gələn il də Azərbaycan pandemiyaya qarşı böyük həcmdə vəsait ayırmağı nəzərdə tutur. Bu, dövlət büdcəsində də əksini tapıb.
Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyyətlərdən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir. Həmçinin COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb. Amma təkcə Azərbaycan yox, digər ölkələr də virusa qarşı mübarizə üçün indidən tədbirlər görür. Özü də nəzərə almaq lazımdır ki, hazırda iqtisadi fəallığın aşağı düşməsi, eyni zamanda bir çox xidmət sahələrində, o cümlədən turizm, logistika, təhsil sahələrində məhdudiyyətlərin tətbiq olunması nəticəsində dünya iqtisadiyyatında ləngimə yaşanır. Bu da dövlətlər üçün əlavə çətinliklər yaradır. Bu durumda bəzi ölkələrin virusa qarşı mübarizə imkanları daralır. Amma görünən budur ki, Azərbaycan hələlik belə problemlə üzləşməyib. Azərbaycanda pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə mənfi təsirini azaltmaq üçün əməli addımlar atılır. Pandemiyanın təsirlərinin minimallaşdırılması, xüsusilə də xəstəliyin vətəndaşların sağlamlığına təsirlərinin azaldılması, iqtisadi məsələlərin mərhələli şəkildə həlli Azərbaycan dövləti üçün prioritet hədəflərdəndir. Milli Məclisin deputatı Vüqar Bayramov bu xüsusda bildirib ki, həm rəsmi statistika, həm də pandemiyanın təsirlərinin minimallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər ötən müddətdə Azərbaycanın praktiki olaraq pandemiya ilə əlaqədar qarşıya qoyulan hədəflərə çata bildiyini göstərir:“Azərbaycan prezidentinin rəhbərliyi ilə dövlət siyasəti birbaşa olaraq vətəndaşların sağlamlığının qorunmasına yönəldilib”. Pandemiya şəraitində, təbii olaraq, iqtisadi çətinliklərin də yaşandığını diqqətə çatdıran deputat qeyd edir:“Vəziyyətlə əlaqədar olaraq 11 iqtisadi sahədən 9-da durğunluq müşahidə edilir. Real sektora da təsirlər az deyil. Amma buna baxmayaraq, ölkəmiz pandemiyanın iqtisadi sahəyə təsirlərinin minimallaşdırılması ilə bağlı əməli tədbirlər həyata keçirir. Məsələn, bu ilin 7 ayında ölkədə iqtisadi azalma 2,8 faiz olub. Rusiyada isə bu rəqəm 8,5 faiz təşkil edir. Bu ilin ikinci yarısında Böyük Britaniyada iqtisadiyyat 24 faiz geriləyib və bu, son 10 ildə ilk belə hadisədir. Avropanın bir sıra digər ölkələrində iqtisadiyyatda geriləmə ikirəqəmli həddədir. ABŞ-da isə bu rəqəm 20 faiz təşkil edir. Müqayisələr onu deməyə imkan verir ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə müqayisədə Azərbaycanda pandemiyanın təsirlərinin minimallaşdırılması mümkün olub”.
Deputat vurğulayıb ki, pandemiya şəraitində mövcud iqtisadi azalma məqbul hesab olunur:“İqtisadi azalmanın optimallaşdırılması postpandemiya dövründə yenidən iqtisadi aktivlər əldə edilməsinə yönəldilib. Növbəti aylarda da vətəndaşların sağlamlığının prioritet olması kontekstində pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi siyasəti davam etdiriləcək. Məqsəd ondan ibarətdir ki, postpandemiya dövründə real sektorda aktivliyi çox qısa zamanda bərpa etmək mümkün olsun. Bir sözlə, vətəndaşların rifahı və sağlamlığı dövlət üçün əsas məsələdir”. Indi hesab edilir ki, dövlət yenə gələn il ərzində iqtisadi müstəvidə özəl sektoru və bütün işverənləri dəstəkləməkdə davam edəcək. Eyni zamanda, virusa qarşı peyvənd və vaksin hazır olduğu təqdirdə onun ölkəyə gəlişində yenə əsas rol dövlətə məxsus olacaq. Dövlət yükünün azalması isə sadəcə vətəndaşların məsuliyyətindən, virusa qarşı ehtiyatlı olmasından asılı olacaq.
Tahir TAĞIYEV