Azərbaycanın bütün narazılıq və xəbərdarlıqlarına baxmayaraq, Rusiya hələ də Ermənistanı silahlandırmaqda davam edir. Hadisələrin bu səpkidə inkişafı isə, sözsüz ki, Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməklə yanaşı, Cənubi Qafqazda geosiyasi mənzərənin dəyişməsinə də rəvac verir. Belə görünür ki, yaranmış vəziyyətdə Azərbaycan Türkiyə və regionda xüsusi marağı olan ABŞ-la, Qərblə işbirliyini daha da dərinləşdirmək istiqamətində müvafiq addımlar atmalı olacaq.
Digər tərəfdən o da məlum həqiqətdir ki, regionda əsas güc mərkəzi qismində Azərbaycan çıxış edir. Deməli, Azərbaycanla əməkdaşlıq Qafqazın geosiyasi mənzərəsini müəyyənləşdirən əsas faktor olaraq da qəbul edilir. Amma görünür, Rusiya bu məqamı yaddan çıxarır və bununla regionda öz mövqeyinə zərbə vurmuş olur. Hər halda, Kremlin İrəvana silah daşıması da bunun təsdiqi hesab edilə bilər. Qeyd edək ki,, bu məsələyə Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən də xüsusi olaraq toxundu: “Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu sadəcə sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər”. Azərbaycanın bu xüsusda həssaslığını Rusiya yaxşı bilir. Qeyd edilən məsələdə narahatlıq Rusiya prezidentinə, müdafiə və xarici işlər nazirlərinə Azərbaycan rəsmiləri tərəfindən çatdırılıb. Amma buna rəğmən, Rusiya açıq şəkildə Ermənistanı silahlandırmaqda davam edir. Bununla Kreml Qafqazda Azərbaycan kimi strateji bir tərəfdaşla əməkdaşlığına ciddi zərbə vurmuş olur. Belə vəziyyətdə Qərb dünyasından, o cümlədən Azərbaycana artan maraq isə tamamilə təbii qarşılana bilər. Bununla bağlı ABŞ müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavini vəzifəsini icra edən Laura Kuperin "COVID-19 dövründə Xəzər regionu: Təhlükəsizlik Siyasəti və Regional Əməkdaşlığa Təsirlər" mövzusunda vebinarda söylədikləri də təsadüfi sayıla bilməz. O qeyd edib ki, bu region həmin strategiyanın, demək olar, mərkəzi sayılır: “Bizim Xəzər regionundakı əməkdaşlığımız bir neçə milli müdafiə strategiyası obyektinə əsaslanır. ABŞ-ın maraqları əsasən uzunmüddətli tərəfdaşlığı gücləndirmək, ölkəni terror hücumlarından qorumaq, kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaqdan ibarətdir. Mənim portfelim sadəcə iki ölkəni əhatə edir - Azərbaycan və Rusiyanı. Və ABŞ-la bu iki ölkə arasında olan münasibətlərin təbiəti son dərəcədə fərqlidir. Mən fikirlərimi Bakı ilə təhlükəsizlik münasibətlərinə yönəldirəm. Dogrudur, ABŞ-ın Rusiyanın maraq dairəsində olan regionlara - Cənubi Qafqaz, Qərbi Balkanlardakı ölkələrə, Ukraynaya münasibətində eynilik var, amma Azərbaycan bu münasibətlərdə xüsusi qlobal rol oynayır - Xəzər enerji resursları və tranzit, eləcə də enerji resurları mənbəyi baxımından. Azərbaycan həm də ABŞ-ın strateji partnyorudur. Əfqanıstana 2001-ci ildən etibarən giriş rolunu oynayır. Biz qəbul edirik ki, Azərbaycan güclü maraq dairəsi olan qonşularla yaşayır. İranla Rusiya arasında, eləcə də Avropa və Yaxın Şərq, Mərkəzi Asiya ölkələrinə gedən kəsişmə yollarında yerləşir. Risqlər var – terrorçuların, kütləvi qırğın silahları və qeyri-qanuni daşımaların bu yoldan keçirilməsi cəhdləri! Biz illərdir Azərbaycanla bu istiqamətdə işləyirik. İnanıram ki, bütün region bizim bu istiqamətdə reallaşdırdığımız proqramdan bəhrələnir”.
Ekspertlər ABŞ rəsmisinin bu fikirlərini təsadüf saymır. Burada diqqət cəlb edən ilk növbədə Azərbaycanın qonşularına çəkilən diqqətdir. İndiki halda burada vurğu daha çox Rusiyanın üzərinə yönəlir. Rusiyanın indiki siyasətindən nə ABŞ, nə də Azərbaycan razıdır. Bu halda onların eyni mövqedən çıxış edib əməkdaşlıqlarını gücləndirməsi təbii hal sayıla bilər. Hazırda Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq yüksək səviyyədədir. Siyasi və təhlükəsizlik sahəsi ilə yanaşı, enerji sahəsində də əməkdaşlıq çox müsbət dəyərləndirilir. Beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan ABŞ-la qarşılıqlı əməkdaşlığın genişləndirilməsi artıq Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir. Hazırda ABŞ-Azərbaycan münasibətlərində yeni bir canlanmanın yaranmasına zəmin yaradan hadisələr baş verir. Xüsusən də Rusiyanın atdığı addımlar bunu şərtləndirən mühüm faktorlar sırasında ter alır. Azərbaycanla bu fonda daha sıx yaxınlaşmaq ABŞ-ın öz geosiyasi maraqları üçün də mühüm əhəmiyyətə malikdir.
Nahid SALAYEV