Bir neçə gün əvvəl separatçı “Dnestryanı respublika”nın “paytaxtı” Tiraspolda “müstəqilliklə” bağlı tədbir keçirilib. Sözügedən tədbirdə Qarabağdakı separatçı qurumun "parlamentinin spikeri" Artur Tovmasyanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Məlum olub ki, Qarabağ separatçılarının nümayəndə heyəti Tiraspola ilk dəfə deyil gedir. Oraya necə getmələri maraqlı bir sualdır. Çünki ora iki yolla getmək olar: ya Ukrayna, ya da Rumıniya ərazisi vasitəsilə. Moldova Respublikası yalnız bu iki ölkə ilə həmsərhəddir. Məlumata görə, bu dəfə Qarabağdakı erməni separatçılardan ibarət nümayəndə heyəti Ukrayna sərhədindən keçərək separatçı bölgəyə gedib. Daha da maraqlısı Tiraspoldan gələn nümayəndə heyətinin təkrar səfərləridir. İrəvan üzərindən dəfələrlə tanınmayan "DQR"ə səfər ediblər. Bu o deməkdir ki, Artur Tovmasyanın rəhbərlik etdiyi "DQR" nümayəndə heyətinin Dnestryanıya səfəri, ilk növbədə, beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir. İkincisi, açıq bir dost olmayan addım, daha doğrusu, Moldovaya arxadan Ermənistan tərəfindən vurulan bir bıçaqdır.
Ən pisi odur ki, özü separatizmdən əziyyət çəkən Ukrayna Qarabağ separatçılarına getmək üçün şərait yaradır. Hansı ki, Ukrayna Azərbaycanla çox yaxın münasibətlərə malikdir.
“Çox güman ki, Qarabağ separatçıları Ermənistan pasportu ilə Dnestryanı bölgəyə gediblər”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Azərbaycan bununla bağlı Ukraynadan izahat tələb etməlidir: “Çünki bu, iki ölkə münasibətlərinə uyğun deyil. Ukraynanın özü də separatizmdən əziyyət çəkir. Belə olan halda, Ukrayna daha diqqətli olmalıdır. Düzdür, Ukrayna Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını açıq bəyan etdi və bu, Ermənistanı məyus etdi. Ancaq belə hallara da yol vermək olmaz. Çox güman ki, Qarabağ separatçıları Ermənistan pasportu ilə Dnestryanı bölgəyə gediblər. Yəni aldadıcı metod işə salıblar. Zatən, dəfələrlə erməni separatçıları bunu ediblər. Bütün hallarda, bunu belə buraxmaq olmaz. Başqa bir tərəfdən, Ermənistanın bu addımı Moldovanın ərazi bütövlüyünə hörmətsizlikdir. Rəsmi Kişinyov da İrəvana etiraz etməlidir”.
Ekspertin fikrincə, istənilən halda, məsələ araşdırılmalıdır.
Vidadi ORDAHALLI