Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb. O bildirib ki, Rusiya müxtəlif münaqişələrin tənzimlənməsi üçün şərtlərin yaradılması üzrə beynəlxalq səylərdə iştirak edir:
“Bu, Dağlıq Qarabağ məsələsinə də aiddir. Bu məsələnin baxılması üçün ATƏT Minsk Qrupu təsis edilib və onun həmsədrləri Rusiya, ABŞ və Fransadır. Qrupa həm də digər ölkələr, o cümlədən Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir. Amma bu qrupun qərarı ilə həmsədr ölkələr – Rusiya, ABŞ və Fransaya tərəflərin ümumi qəbul olunan razılaşma əldə edə biləcəkləri mühiti yaratmaq üçün gündəlik iş səlahiyyətləri verilib. Biz problemin həlli üçün ssenarilər yazmırıq, biz onların öz aralarında danışa bilməsi üçün şərait yaradırıq. Son 18 il ərzində tərəflər arasında ilk sənədlər hazırlanıb. Az iş görülməyib. Burada BMT Nizamnaməsinin prinsiplərini, Helsinki Yekun Aktının prinsiplərini də əks etdirən prinsiplər formalaşdırılıb. Həmçinin, tənzimlənmənin baş tutması üçün razılaşdırılmalı olan konkret parametrlər hazırlanıb”.
Göründüyü kimi, Lavrov sanki tərəflər arasında hansısa gizli razılaşmanın olduğuna diqqəti yönəldir. Ermənistan rəhbərliyi dəfələrlə bir addım da güzəştin olmayacağını deyirsə, hansı razılaşmadan söhbət gedə bilər?
AMİP sədrinin müavini, politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hələlik danışıqlar prosesində hər hansı bir irəliləyişdən söhbət gedə bilməz:“Bu illər ərzində çoxlu sayda danışıqlar olub. Hansısa ortaq məxrəcin tapıldığına dair bəyanatlar verilib, ancaq ortada heç bir irəliləyiş nəzərə çarpmayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin əvvəlində Cenevrədə keçirilmiş görüşü 10 saata yaxın davam etsə də, danışıqlar tərəfləri qane edəcək müsbət razılaşma ilə nəticələnməyib. Həmin görüşdən bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın “Erməni xalqı və Dağlıq Qarabağda “prezidentliyə namizədlər” dəstək versə, “Madrid prinsipləri”ni masaya çıxararam” deməsi qeyd edilən təkliflər paketinin Cenevrə danışıqlarının əsas predmeti olduğunu istisna edir. Rəsmi İrəvan, faktiki olaraq, “Madrid prinsipləri”ndən imtina edib və hətta, nəinki Dağlıq Qarabağı, hətta işğal etdiyi ətraf rayonları belə, qaytarmaq barədə düşünmədiyini açıq bəyan edir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bir neçə dəfə yaydığı birgə bəyanatda bildirilir ki, xarici işlər nazirləri 2019-cu ildə müzakirə olunmuş razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımları müzakirə edib. Bundan başqa, gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər, həmçinin nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələləri diqqət mərkəzində olub. Ermənistan “Madrid prinsipləri”ni qəbul etmədiyi halda söhbət gələcək sülhü təşkil edən hansı prinsip və elementlərdən, yaxud onların icrasından gedir? Əgər danışıqlar masasında konkret təkliflər yoxdursa, o zaman Lavrovun bəyanatı yalnız siyasi imitasiya xarakteri daşıya bilər. Hələlik tərəflərin nisbətən ümid etdiyi “Madrid prinsipləri”nin son variantı ilə bağlıdır. Son illər bununla bağlı bir çox fikir ayrılıqları olub. Bu sənədin tam olaraq nəyi ehtiva etdiyini söyləmək çətindir. Məlumat çox azdır. “Madrid prinsipləri”nin son variantı dedikdə, çox güman ki, Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonların qaytarılması məsələsi nəzərdə tutulur. Azərbaycan da “Madrid prinsipləri”nin bütün müddəalarını qəbul etmir. Ona görə də Azərbaycan “Madrid sənədi”nin yenilənmiş variantını hazırlayıb və münaqişənin onun əsasında nizamlanmasını təklif edir. Bu gün gündəmdə duran əsas məsələ Dağlıq Qarabağın hüdudlarından kənarda işğal olunmuş yeddi rayonun qaytarılmasıdır. Bu səbəbdən də başqa bir məsələnin gündəlikdə olduğunu söyləmək çətindir. Lakin Ermənistan ətraf rayonların mərhələli şəkildə qaytarılması və Dağlıq Qarabağa keçici statusun verilməsini təklif edir. Azərbaycan isə buna qətiyyən razı ola bilməz. Çünki aralıq status Dağlıq Qarabağı müstəqilliyə aparan yoludur. Ermənilər əvvəl beş rayonun, böyük sülh sazişi “imzalananda” isə Kəlbəcər və Laçın rayonlarının qaytarılması şərtini irəli sürür. Amma ermənilər Laçın rayonunun Qayğı qəsəbəsini qaytarmaq istəmirlər. Çünki Laçın dəhlizi yolu Qayğı qəsəbəsindən keçir. Bunlar Azərbaycanı qane edə bilməz. Ermənistan bir addım da güzəştin olmayacağını bəyan edirsə, onda Lavrovun optimizmi üçün heç bir əsas yoxdur”.
Yəqin ki, Lavrov son dönəmdə Rusiyanın itirilən neytral statusunu belə populist bəyanatlarla bərpa etməyi düşünür.
Məhəmmədəli QƏRİBLİ