Azərbaycan - Türkiyə münasibətlərinin daha dinamik xarakter alması Ermənistanda getdikcə ciddi təlaş yaradır. Erməni mediası yazır ki, Bakı və Ankara ən müxtəlif regionlarda bir-birinə daha açıq dəstək verir. Belə ki, Türkiyə Cənubi Qafqazda Azərbaycana dəstəyini artırır, buna paralel olaraq Bakı da Ankaraya Şərqi Aralıq dənizində açıq dəstək verir.
Erməni ərəbşünas Armen Petrosyan baş verənlərlə bağlı bildirir:“Şərqi Aralıq dənizi bölgəsində əsas aktivlik enerji resurslarının axtarılması istiqamətindədir və dəniz sərhədlərinin dəqiqləşdirilməsidir. Burada isə xatırlanmalıdır ki, Türkiyə Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadislərdə Azərbaycana misilsiz dəstək nümayiş etdirib və indi Bakı Türkiyəni dəstəkləyir. Azərbaycanın Şərqi Aralıq dənizi inkişafları ilə bağlı aktivləşməsi Ermənistanın rolunu cilovlamaq və ya tarazlamaqla da əlaqədardır”. Bu mövqeni erməni analitik Hakob Badalyan da bölüşür:“Ermənistan-Azərbaycan sərhəd hadisələri fonunda Türkiyə də açıq oynamağa başlayıb. Türkiyənin müdafiə naziri bildirdi ki, onlar Azərbaycanın dəstəkçisi olmaqla həm də münaqişə tərəfidirlər. Bu şəraitdə Ermənistanın davranışı mövcud həqiqətlərdən və içərisində olduğumuz geosiyasi mühitdən qaynaqlanır”. Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, parlamentin xarici münasibətlər daimi komissiyasının üzvü Sos Avetisyan vurğulayıb ki, dünya nizamının dəyişməsi “cini şüşədən buraxıb”, bir çox ölkələr, eləcə də Türkiyə və Azərbaycan açıq oynayır, Türkiyənin bəyanatları oyun kartlarını açıb. ABŞ-ın “The USA Tribune” nəşri isə yazır ki, Rusiyanın Qafqazdakı oyunları da Azərbaycan və Türkiyəni bir-birinə daha da yaxınlaşdırır:“Həm siyasi məğlubiyyətlər, həm də enerji bazarındakı itkilər Kremli ciddi narahat edir. Artıq Türkiyənin qaz bazarının böyük hissəsi məhz Azərbaycanın payına düşür. Məsələn, bu ilin martında Azərbaycandan Türkiyəyə 924 milyon kubmetr qaz ixrac edilib. Bu, Türkiyəyə tədarük edilən qazın 23,45%-i deməkdir. Beləliklə, İran və Rusiya Türkiyəyə qaz tədarükündə müvafiq olaraq ikinci və üçüncü yerləri tutur. Nəticədə Rusiya hər zaman yaxşı bacardığı üsuldan istifadə etmək qərarına gəlib – münaqişənin alovlandırılması, regionda vəziyyətin gərginləşdirilməsi. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası, irəvandakı Erebuni hava limanında isə 3624-cü aviasiya bazası yerləşir. Üstəlik, Ermənistanın sərhədini də rus hərbi birləşmələri qoruyur. Demək, əslində Moskva Ermənistanın nominal müstəqilliyinə də nəzarət edir. Maraqlıdır ki, Ermənistan-Azərbaycan sərhədindəki son döyüşlərdən dərhal sonra Moskva İrəvanla birgə hərbi təlimlər keçirib. Bununla Kreml Azərbaycanla Türkiyəyə çox sadə icmarıc ünvanlayıb: Azərbaycan Rusiyanın enerji siyasətinə təhdidi davam etdirərsə, Moskva Bakını hədəfə almaqda tərəddüd etməyəcək! Qeyd edək ki, Türkiyə və Avropaya enerji resurslarının nəqli Gəncə dəhlizi vasitəsilə həyata keçirilir. Moskva isə bu dəhlizi bağlaya biləcəyinə də eyham vurur. Odur ki, Rusiyanın son dövrdə Ermənistana külli miqdarda silah tədarük etməsi təəccüblü deyil. Birincisi, görünür Moskva Cənubi Qafqazdakı müştərisini məhz hücum silahları ilə təchiz edir. Bu hərbi avadanlıqlar Ermənistana Azərbaycana qarşı uzunmüddətli hərbi kampaniya aparmağa imkan verməlidir. Buraya Azərbaycanın müasir pilotsuz uçuş aparatlarını vura biləcək silahlar da daxildir. Yeri gəlmişkən, Rusiyanın Ermənistanla son hərbi təlimlərində əsas məqamlardan biri məhz dronların vurulması ilə bağlı olub. İkincisi, Rusiya Cənubi Qafqazda Türkiyəyə müqavimət göstərmək istəyir, bununla da regionda yaxından iştiraka can atır. Demək, Ankaranın Bakıya bugünədək görünməmiş tam və birmənalı dəstəyi həm də buradan qaynaqlanır. Əslində, Türkiyə Liviya və Suriyadakı qalibiyyətlərilə Rusiyadan üstün mövqeyə malikdir. Lakin o, Rusiyaya təzyiq göstərmək və Azərbaycana dəstək verməklə Qafqazda da movcudluğunu artırmağa, əlavə geosiyasi xal qazanmağa çalışır”. Bu arada ABŞ-ın “Vaşinqton Post” qəzeti də belə bir iddia ilə çıxış edib ki, Türkiyə Azərbaycanda hərbi aviasiya bazası quracaq. Türk ordusunun Aralıq dənizi və Suriyadakı fəaliyyətlərinin qələmə alındığı məqalədə bildirilib ki, paytaxt Bakıda baza qurulması həmləsi gündəmdədir və Türkiyə ordusunun Azərbaycandakı hərəkətliliyi təsadüfi deyil. Qəzet bildirir ki, Türkiyə Osmanlı İmperiyasından sonra ilk dəfə regional təsir bölgəsini bu qədər irəli səviyyəyə daşıyıb və genişləndirib. Məhz bütün bunlar Ermənistanda ciddi əndişə yaradır. Digər tərəfdən Rusiya da indiki siyasətinin onun Qafqazdakı mövqeyinə mənfi istiqamətdə təsir edəcəyini yaxşı başa düşür. Bakı və Ankaraya gücünü nümayiş etdirmək, Qarabağ münaqişəsinin həll açarının Moskvada olduğunu göstərmək məqsədilə yeridilən bu siyasət isə, əslində Türkiyə və Azərbaycanı daha çox yaxınlaşdırır. Bu halda Ankara və Bakı regionda Rusiyanı daha asanlıqla sıxışdırmaq imkanı da qazanır. Elə o səbəbdən istisna olunmur ki, Rusiya sonda Ermənistan siyasətində korrektələr edəcək. Ermənistanı narahat edən məqamlardan biri də məhz budur.
Samirə SƏFƏROVA