Qonşu Gürcüstanda parlament seçkilərinə hazırlıq fonunda yaşanan hadisələr regionun digər ölkələri tərəfindən də diqqətlə izlənməkdədir. Azərbaycan üçün bu məsələ iki prizmadan xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, Gürcüstanda xeyli sayda soydaşımız yaşayır. İkinci bir tərəfdən, ölkənin enerji resurslarının ixracında Gürcüstan əsas strateji məkandır. Eləcə də Azərbaycan qonşusunda stabillikdə maraqlıdır.
Ermənistan üçün isə Gürcüstan dünya, xüsusən də Rusiya ilə əlaqələrin saxlanmasında əsas ölkədir. İran vasitəsilə dünyaya çıxış coğrafi çətinlik və qiymət baxımından İrəvana sərf etmir. Bu səbəbdən Gürcüstanda yaşananlar İrəvanda da diqqətlə izlənir. Gürcüstanda isə ölkənin gələcəyini müəyyən edəcək önəmli faktorlardan biri cari ildə baş tutacaq parlament seçkiləridir. Artıq sentyabrın 1-dən Gürcüstanda parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib. Kampaniya 60 gün davam edəcək. Parlament seçkiləri oktyabrın 31-də yeni sistem üzrə keçiriləcək. Deputat mandatı uğrunda 30 deputat majoritar, 120 deputat isə proporsional sistem üzrə mübarizə aparacaq. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası bəyan edib ki, hakimiyyət seçkilərin azad, ədalətli və sakit mühitdə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Hakim partiyanın rəhbərliyi digər siyasi partiyaları seçkiqabağı kampaniya dövründə yüksək məsuliyyət və dözüm nümayiş etdirməyə çağırıb. Qeyd edək ki, bugünədək seçkilərdə iştirak etmək üçün parlamentdə təmsil olunmayan 59 partiya qeydiyyatdan keçib. Seçkilərlə bağlı maraq doğuran məqamlardan biri isə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ölkəyə qayıdacağını açıqlamasıdır. Gürcüstanın eks-prezidenti bununla bağlı videomüraciətində bildirir:“Ukrayna mənim ikinci evimdir. Mən zamanında buraya - öz əsas evimə gəlmişdim. Mən Ukraynanı tələbəlik dövründən sevirdim. Ən ağır zamanlarımda məhz o məni olduğum kimi qəbul etdi və mən buna çox yüksək qiymət verirəm. Son 7 il ərzində kifayət qədər təcrübə yığmışam ki, ölkəmə yaxşı xidmət edib, səhvlərə yol verməyim. Allah şahiddir ki, mən öz xalqım üçün ən yaxşısını istəmişəm. İstəyirdim ki, mənim xalqım yaxşı yaşasın və yenə də buraxılan səhvlərə görə hər kəsdən üzr istəyirəm. Mən Gürcüstandan xəbər eşidəndə başa düşürəm ki, biz daha yaxşı yaşaya bilərik, hər gürcü zəngin ola bilər və bu bizdə alınacaq. Mən geri dönürəm”.
Saakaşvilinin qayıdışının elan edilməsi indiki şəraitdə Gürcüstan ətrafında kifayət qədər dramatik proseslərin inkişafını istisna etmir. O və partiyasının qələbə şansı yüksək qiymətləndirilir. Bundan narahat olan əsas tərəflərdən biri isə Rusiya və Ermənistandır. Bununla yanaşı, xüsusilə Saakaşvilinin prezident olduğu müddətdə birmənalı yanaşmalarla nəzərə çarpdığı Samtsxe-Cavaxetiya məsələsi var. Keçmiş prezidentin Rusiyaya qarşı münasibəti məlumdur. Onun və komandasının parlamentdə qələbəsi Tiflisin Rusiya ilə münasibətlərində yeni gərginliklərin yaşanmasını istisna etmir. Bu halda Gürcüstan üzərindən Rusiyadan Ermənistanla əlaqələrin saxlanmasında müəyyən problemlərin olması qaçılmaz sayılır. Kremllə yanaşı, bu məqam İrəvanı da ciddi narahat edir. Ermənistan parlamentinin keçmiş üzvü Artur Bağdasaryan bunu təbii sayır: Saakaşvilinin hakimiyyət illəri Ermənistanla münasibətlərdə müsbətdən çox mənfilər gətirdi. Çünki o, əsas xarici siyasət kursunu Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaqda gördü. Əslində, o bununla Ermənistana qarşı iqtisadi və siyasi təzyiqlərə rəvac vermiş oldu”. Cavaxetiya erməni separatizmi və Gümrüdə Rusiyaya məxsus 102-ci hərbi bazanın mövcudluğu Saakaşvilini rəsmi İrəvanla ehtiyatlı davaranmağa vadar etsə də, siyasətçi hər zaman Ermənistan rəhbərliyinə soyuq münasibətini nümayiş etdirib. Bunlar fonunda Saakaşvilinin Türkiyə və Azərbaycanla sıx əməkdaşlığı da məlumdur. Bu fonda xatırladaq ki, Gürcüstan prezidenti postundan getdikdən sonra da Mixeil Saakaşvili beynəlxalq arenada Azərbaycanın maraqlarını müdafiə edən çıxışları ilə diqqət çəkmişdi. 2019-cu ilin avqustunda jurnaslistlərə açıqlamasında “Qarabağ Azərbaycandır” deyərək Ermənistan baş naziri Nikol Paşinyanın başlatdığı polemikaya öz münasibətini göstərmişdi. Bu cəsarətli mövqedən sonra Ermənistanın hakim dairələri və mətbuatında ona düşmən münasibət daha da güclənib. Elə indinin özündə də bu yanaşma Ermənistan tərəfindən davam etdirilir. Saakaşvili isə, bunlara rəğmən, Azərbaycanı Gürcüstanın əsas strateji müttəfiqi adlandırır. Bu məqam da Ermənistan üçün qəbuledilməz sayılır. Məhz bu səbəbdən İrəvan Samtsxe-Cavaxetiyada yaşayan ermənilərin Saakaşviliyə qarşı cəbhədə yer alması istiqamətində iş aparır. Samtsxe-Cavaxetiya isə həmişə Ermənistan tərəfindən Gürcüstana təsir etmək məqsədilə ağrılı nöqtələrdən biri olub və bu, Gürcüstanın sabitliyində maraqlı olmayan ölkələr tərəfindən də istifadə edilən kartdır. Təbii ki, söhbət burada ilk olaraq Rusiyadan gedir. Amma Saakaşvilinin bu məsələdə sərt mövqeyi məlumdur və onun hakimiyyət illərində Cavaxetiyada erməni iddilarına qarşı sərt mübarizə olub. Bunun davam edəcəyindən narahat olan ermənilər Saakaşviliyə qarşı çıxmaqda davam edir.
Nahid SALAYEV