Avqustun 25-də Rusiyanın Suriyadakı Hmeymim aviabazasından qalxan İl-76 hərbi-nəqliyyat təyyarəsi İrəvana enib. Bu barədə Türkiyədən yayımlanan “Haber Global” telekanalının Rusiyanın son həftələrdə Ermənistanı silahlandırmaqda davam etməsi barədə reportajında deyilir.
Telekanal bildirir ki, avqustun 25-dən etibarən hər gün Mozdok (Rusiya)-Aktau (Qazaxıstan)-Türkmənbaşı (Türkmənistan)-Nevşəhr (İran)-Rəşt (İran)-Mehri (Ermənistan)-İrəvan marşrutu ilə İl-76 hərbi-nəqliyyat təyyarələri reyslər həyata keçirir. Uçuş marşrutunun bu cür qarışıq olması təyyarələrdə, Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakıda bildirdiyi kimi, Gümrüdəki 102-ci hərbi bazaya “inşaat materiallarının” daşınmadığını, Ermənistanı yeni müharibəyə hazırlamaq üçün silah daşındığını göstərir.
Habelə, radar məlumatlarına əsasən, avqustun 25-də Suriyadan qalxan Rusiya hərbi-nəqliyyat təyyarəsi də İrəvana enib. Telekanal bildirir ki, Rusiya təyyarələri son 25 gündə Ermənistana 500 tondan çox yük daşıyıb.
Xatırladaq ki, bundan əvvəl iyul ayında - Ermənistan ordusunun Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinə hücum etdiyi günlərdə Rusiya İl-76 təyyarələrinin Ermənistana yuxarıda açıqlanan marşrutla 400 tona yaxın silah daşıdığı məlum olmuşdu. Bu faktla bağlı Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə zəng vuraraq narahatlığını çatdırmışdı.
Daha sonra müdafiə naziri Sergey Şoyqu Rusiyanın hər il təşkil etdiyi ordu oyunlarının dəniz mərhələsi ilə əlaqədar Bakıya gələrkən təyyarələrin guya “inşaat materialları” daşıdığı şəklində gülünc izahat vermişdi. Rəsmi Bakı isə bəyan etdi ki, Rusiya tərəfinin bu izahatını inandırıcı hesab etmir və daha tutarlı izahat gözləyir.
Ehtimal etmək olarmı ki, bütün bunların fonunda Rusiya Ermənistanın silahlandırılmasını indi də Suriya-İrəvan marşrutu üzrə davam etdirir?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu xəbərlə o da tanışdır:“Qeyd edilir ki, həmin təyyarə Ermənistana silah daşınmasını davam etdirib. Rusiya son bir ildə Ermənistandakı 102-ci hərbi bazasına silah daşımağı çoxaldıb. Əslində həmin baza Ermənistanı silahla təmin etmək üçün bir funksiyanı öz üzərinə götürüb. Son proseslər də onu deməyə əsas verir ki, Rusiya NATO-nun bölgəyə gəlişindən ciddi narahat olmaqdadır. Bu, Türkiyənin formatında hazırda baş verir. Buna görə də, həm Ermənistandakı hərbi bazasını, həm də Ermənistan ordusunun silah arsenalını zənginləşdirir. Onların təbirincə desək, bununla da bölgədəki hərbi balansı qorumağa çalışır. Rusiya baş verə biləcək qarşıdurmalardan bu şəkildə sığortalanmaq istəyir. Ermənistan Rusiya silahlı qüvvələrinin cənub hərbi dairəsinin ərazisi sayılır. Bu hərbi dairə həm Tacikistan, həm də Ermənistan istiqamətindən NATO ilə həmsərhəddir. Rusiya hərbçiləri belə düşünür ki, NATO-nun hərbi əməliyyatları Azərbaycanın Ermənistana başlayacağı hərbi əməliyyatlar formasında start verəcək. Onların hesablamalarına görə, Azərbaycanın ərazilərini işğaldan azad etməsinə başlaması prosesi NATO ilə Rusiyanı üz-üzə gətirə bilər. İstər-istəməz, Qarabağ istiqamətində başlayan hərbi əməliyyatlar Ermənistan-Azərbaycan sərhədində də davam edəcək. Ermənistanın tam məğlub vəziyyətə düşməməsi üçün Rusiya tələsik şəkildə oradakı hərbi bazasını və Ermənistanı silahlandırır. Buna əsas səbəb kimi Türkiyənin regiondakı fəallığını göstərmək olar. Rusiya Türkiyənin Azərbaycanda olmasını həm də NATO-nun onun sərhədlərinə yaxınlaşması kimi qəbul edir. Amma istənilən halda, bu əsas vermir ki, işğalçı bir ordu silahlandırılsın. Rusiya həm də münaqişənin həlli ilə məşğul olan formatda təmsil olunursa, belə əməllər onun neytrallığını şübhə altında qoyur”.
Görünən budur ki, Rusiya Tovuz hadisələri zamanı Ermənistanı silahlandırması ilə bağlı iradlara gülməli arqumentlə cavab verməklə məsələnin qapandığını düşünür və öz yoluna davam edir. Ancaq bu yolverilməzdir və təcili şəkildə prosesi dayandırmalıdır.
Məhəmmədəli QƏRİBLİ