Ermənistanda mövcud sosial-iqtisadi vəziyyət Nikol Paşinyan iqtidarından əhalinin narazılığını sürətlə artırmaqdadır. Paşinyanın rəqiblərini inzibati metodla aradan qaldırmaq istiqamətində addımları isə ona qarşı olanları bir araya gətirib. Digər tərəfdən, Paşinyan xaricdən olan dəstəyini də sürətlə itirir. Xüsusən Qərbdən olan dəstəyin də getdikcə itirilməsi fonunda ekspertlər Ermənistan baş nazirinin kreslosunun tam laxladığını və ölkədə hər an hakimiyyət çevrilişnin ola biləcəyini istisna etmir.
Rusiyalı təhlükəsizlik və müdafiə sahələri üzrə ekspert Qriqori Trofimçuk isə qeyd edir ki, Aleksandr Lukaşenkonu təbrik etməklə Paşinyan Qərbdə zədələnmiş nüfuzuna yeni böyük zərbə vurub. Trofimçuk qeyd edib ki, bir sıra Qərb ölkələri heç bir halda Lukaşenkonu Belarus prezidenti vəzifəsində görmək istəmir:“Lukaşenkonu qələbə münasibətilə təbrik etmək Paşinyan üçün asan deyildi, çünki onu təbrik edənlər arasında nümayişkar liberal olan məhz odur. Bu da Qərbdə Paşinyana qarşı etimadı daha da sarsıtdı, Paşinyanın burada mövqeləri zəiflədi”. Burada xatırladaq ki, Paşinyanı iqtidara gətirən amerikalı milyarder Corc Soros da Aleksandr Lukaşenkonu 9 avqust prezident seçkisində qələbə münasibətilə təbrik etdiyi üçün Nikol Paşinyandan narazılığını bildirib. Erməni mediasının yazdığına görə, Soros “Paşinyanın təbrik məsələsində səhv etdiyini detalları ilə çatdırmağı” Ermənistan üzrə baş nümayəndəsi Larisa Minasyandan xahiş edib. Minasyan dövlətlərarası münasibətlər protokolu çərçivəsində bu cür təbriklərin vacibliyini qeyd etsə də, milyarder onun bəhanəsini qəbul etməyib. Ermənistan baş nazirinin manevrləri Sorosun tənbehi ilə nəticələnib, bundan sonra Paşinyan səsini kəsib.
Rusiya Milli Təhlükəsizlik İctimai Tətbiqi Problemlərinin Tədqiqi Mərkəzinin rəhbəri Aleksandr Jilin isə qeyd edir ki, Qərbin Paşinyandan üz döndərməsi sonuncuya baha başa gələcək:“Məsələ burasındadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan “məxməri inqilab” sayəsində hakimiyyətə gəldi. O, qərbyönümlü lider kimi özünü göstərməyə çalışdı. Onun əhatəsində Qərb, o cümlədən Soros Fondu tərəfindən maliyyələşdirilən bir çox qeyri-kommersiya təşkilatlarının nümayəndələri var. ABŞ-ın Ermənistandakı səfirliyi dünyada ən böyüklərdən biri hesab edilir. İrəvandakı hakimiyyət dəyişikliyi bu ölkədəki amerikalıların mövqeyinin güclənməsi ilə əlaqəlidir. Ermənistanın indiki rəhbərliyi sözsüz ABŞ-a və ümumilikdə Qərbə arxalanır. Mən bunu Ermənistanın dəhşətli strateji səhvi hesab edirəm. Minlərlə kilometr məsafədə olan bir ölkənin, yəni ABŞ-ın maraqlarına xidmət etmək, Rusiya ilə münasibətləri pisləşdirmək, ən azı, ağılsızlıq və yolverilməz hərəkətdir. 2018-ci ildən sonra Ermənistanın suverenliyinin bir hissəsini itirməsi faktı da göz qabağındadır. Bəli, ölkəni heç kim işğal etməyib, amma təkrar edirəm, İrəvan suverenliyinin bir hissəsini itirməklə öz prioritetlərini dəyişib. Və Ermənistan bunun nə ilə bitəcəyini düşünməlidir. Azərbaycanın özünün strateji müttəfiqi var - Türkiyə. Lakin Bakı ilə Ankara arasında münasibətlər suverenliyin itirilməsi hesabına qurulmur. Qərb heç vaxt tərəfdaşlıq qurmur, oradakı hər şey məqsədəuyğunluqla izah olunur. Onların dost kimi dəvət etdikləri şəxs vassal olmalıdır. Paşinyan da vassaldır, amma onun yol verdiyi səhvlər üzündən Qərb də tədricən Paşinyandan üz döndərir. Bu halda onun hakimiyyəti çox qısa ola bilər”.
Elə “qazeta.ru” saytı da yazır ki, Paşinyanın hakimiyyəti dövründə Corc Sorosun təsirində olan QHT-lərin nümayəndələri hakimiyyətdə postlar tutmağa başlasa da, son vaxtlar Ermənistanda proseslər Qərbin istədiyi kimi getmir:“Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan müsahibələrindən birində Sorosun Ermənistanda təhlükəli fəaliyyətinin artdığını bildirmişdi. Görünür, bunu ona bağışlamadılar və Vanetsyan postundan uzaqlaşdırıldı. Onun yerinə 29 yaşlı Argişti Karamyanı gətirdilər. Paşinyanın hakimiyyətə gəlişindən sonra müşahidə olunan başqa tendensiyalar haqqında da danışa bilərik: Rusiya telekanallarının yerli yayım şəbəkəsindən sıxışdırılmasını təmin edən qanun layihəsi; İctimai Televiziyada rusdilli verilişlərin bağlanması; Dövlət televiziyalarında Aleksey Navalnının çıxışlarının verilməsi. Ermənistanın siyasi və ictimai həyatında Soros və onun strukturlarlarının iştirakını tənqid edən “VETO” təşkilatının fəalları Paşinyan tərəfindən siyasi repressiyalara məruz qalır. Ekspertlər, həmçinin, İrəvanda Rusiya biznesi üçün yaradılan problemləri də yada salırlar. Hazırda Sorosun “Açıq Cəmiyyət İnstitutu” Ermənistanda praktiki olaraq bütün sferaları əhatə edən 60 QHT-ni maliyyələşdirir. Ermənistanın indiki rəhbərliyinin Rusiyanın milli maraqlarına qarşı olan Soros Fondu ilə aşkar bağlılığı yaxşı heç nə vəd etmir. Amma maraq doğuran son vaxtlarda Paşinyanın Soros və Qərb dövlətləri ilə münasibətlərində olan problemlərdir”.
Sayt yazır ki, Qərbdə Paşinyandan artan narazılıq erməni baş nazirin mövqelərini zəiflədir. Çünki Paşinyanın Qərbdən başqa heç bir dəstəyi qalmayıb. O bu dəstəyi də itirsə, vəzifə və kürsüsü ilə də vidalaşmalı olacaq.
Tahir TAĞIYEV