Məlum olduğu kimi, bir neçə gün əvvəl qardaş Türkiyə Qara dənizdə “Tuna-1” bölgəsində 320 milyard kubmetr ehtiyatı olan təbii qaz yatağı aşkar edib. Bu məsələyə dünya miqyasında böyük diqqət yetirilir. ABŞ-ın məhşur “Vud Makenzie” konsaltinq şirkətinin hesabatında da deyilir ki, Türkiyənin Qara dənizdə qaz yatağını kəşf etməsi gələcək idxal üçün böyük nəticələrə gətirib çıxaracaq.
Hesabatda qeyd olunur ki, Türkiyə əsasən Rusiya, Azərbaycan və İrandan qaz idxalından asılıdır, eyni zamanda idxalda mayeləşdirilmiş təbii qazın payı artmaqdadır. Şirkətin kəşfiyyat və hasilat üzrə analitiki Tomas Purdi hesab edir ki, 320 milyard kubmetr qaz ehtiyatının olduğu hesab edilən yatağın kəşfi Türkiyə tarixində, eləcə də dünyada 2020-ci ildə ən böyük kəşfdir:“Bundan əlavə, bu kəşf Bolqarıstanın bir neçə uğursuz qazma işlərindən sonra dərinsulu Qara dənizin karbohidrogen potensialını təsdiq edir”. Elə Ankara özü də bildirir ki, tapılan yataq aysberqin görünən hissəsidir. Yeni kəşfiyyat işləri daha böyük ehtiyata malik yataqların üzə çıxarılmasını istisna etmir. Bu isə Türkiyəni, hətta qaz ixracatçısına çevirə bilər. Bu zaman Azərbaycanın Türkiyədən keçib Avropaya gedən boru kəmərlərindən Ankaranın faydalanması da tamamilə gözlənilən sayılır. İndilikdə isə aparılan hesablamalar göstərir ki, Türkiyənin Qara dənizdə kəşf edilmiş təbii qaz yatağının potensial iqtisadi dəyəri bugünkü qiymətlərlə 80 milyard dollar səviyyəsindədir. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol yataqda kəşf edilən 320 milyard kubmetr həcmində qazın hasilatına başlamaq üçün 6 milyard dollar sərmayə yatırmağın zəruriliyini, nəticədə illik 10-15 milyard kubmetr hasilat səviyyəsinin əldə edilə biləcəyini qeyd edir:“Bu da Türkiyənin təbii qaz istehlakının üçdə birini təmin edən rəqəmdir”. Birol bu kəşfin 2010-cu ildə Norveç tərəfindən Şimal dənizində aşkar olunan qaz yataqlarının cəmi qədər əhəmiyyətə malik olduğunu bildirib:“Türkiyənin 2023-cü ildə hasilata başlamaq hədəfi olduqca iddialı olsa da, imkansız deyil. Bənzər yataqlara baxanda 2-3 il ərzində bitirildiyini deyə bilərik. Lakin Türkiyənin buradakı öncül məqsədlərini dəqiq müəyyənləşdirməsi, bürokratik prosedurları mümkün qədər tezləşdirərək iqtisadi məsələləri rəhbər tutması halında 3 il ərzində hasilata başlamaq mümkündür”. Bu il dünya boyu neft və qaz sərmayələrinin ötən ilə nisbətən 50 faizədək azalmasını gözlədiklərini qeyd edən ekspert bu baxımdan Türkiyənin yeni yatağın istismarına başlaması üçün son dərəcə əlverişli məqam olduğunu, yəni həm öz gücü ilə, həm də əcnəbi şirkətlərlə sərfəli şərtlərlə anlaşaraq bu işi görə biləcəklərini diqqətə çatdırıb. Bu məsələdə Türkiyənin yardımına çata biləcək əsas ölkə qismində də məhz Azərbaycanın adı çəkilir.
Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Türkiyə yeni böyek yataqlar kəşf edərsə, onun Avropa bazarlarına çıxarılmasını Azərbaycan kəmərləri vasitəsilə də təmin edə bilər. Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov da istisna etmir. Onun sözlərinə görə, Türkiyənin yeni yataqların kəşf edilməsinə qədər illik qaza olan tələbatını nəzərə alaraq, kəşf edilən qazı rezervləşdirməsi yaxşı olardı:“Çünki Türkiyə regionun mavi yanacağa ən çox ehtiyacı olan ölkəsidir. Türkiyə həm də bu yolla yeni yataqların kəşfi üçün zəmin yarada biləcək. Azərbaycan da bir zamanlar qaz ixrac edən ölkə deyildi. Lakin “Şahdəniz” qaz yatağı, daha sonra digər yataqların kəşf edilməsi Azərbaycanı regionun həm neft, həm də qaz ixrac edən ölkəsinə çevirdi”. İqtisadçının sözlərinə görə, Türkiyə öz təbii qazını Rusiyanın “Türk axını-1” və ya “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa bazarına çıxara bilər:“Rusiyanın Qara dənizdən keçən “Türk axını” layihəsinin boru kəməri Türkiyənin kəşf etdiyi təbii qaz yatağının yaxınlığından keçir. Yəni Türkiyə çox qısa zamanda logistik olaraq təbii qazını Avropa bazarına çıxara bilər. Azərbaycanın SOCAR şirkətinin reallaşdırdığı və Anadolu üzərindən keçən “Cənub Qaz Dəhlizi” layihəsinin də üstünlükləri var. “Cənub Qaz Dəhlizi”nin 30 faizinin Türkiyənin BOTAŞ şirkətinə məxsus olması əlavə imkan yaradır. Yəni Türkiyə pay sahibi olduğu, eyni zamanda strateji iqtisadi müttəfiqi Azərbaycanla birlikdə öz qazını Avropa bazarına çıxara bilər”. İqtisadçı bildirir ki, “Cənub Qaz Dəhlizi”nin logistik imkanları böyükdür:“Son açıqlamalarda ixracat potensialının yüksəldiləcəyi qeyd olunmuşdu. Digər tərəfdən, Türkiyə bu yolla pay sahibi olduğu bir boru kəmərinin prestijini də qaldıra bilər. Düşünürəm, Türkiyənin yeni kəşflərdən sonra öz mavi qazını “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa bazarına çıxarması daha məqsəduyğun olar”. Bütün bunlar enerji məsələsində Azərbaycanın Türkiyəyə dəstək imkanlarının kifayət qədər yüksək olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda baş verənlər onu da göstərir ki, dünya enerji bazarında etibarlı tranzit ölkəsi kimi tanınan Türkiyə bundan sonra həm də mühüm enerji istehsalçısı kimi çıxış edəcək.
Nahid SALAYEV