ABŞ Dövlət katibinin köməkçisi Klark Kuper bildirib ki, Birləşmiş Ştatlar öz müttəfiqlərinin müdafiə qabiliyyətini artırmasını dəstəkləyəcək. Onun fikrincə, Tramp administrasiyası bildirib ki, iyulda müttəfiqlərə və tərəfdaşlara 32 milyard dollarlıq silah satışından sonra da ABŞ öz müttəfiqlərinin müdafiə qabiliyyətini artırmasını dəstəkləməyə hazırdır: “Biz beynəlxalq tərəfdaşlarımızla təhlükəsizlik məsələləri üzrə birgə işləməyə hazırıq”.
Ona ünvanlanan “Vaşinqton bu yaxınlarda Azərbaycanla Ermənistan arasında eskalasiyanı nəzərə alaraq, Cənubi Qafqaza, o cümlədən, Azərbaycana silah satmağı planlaşdırırmı” sualının cavabında Kuper işarə edib ki, Vaşinqtonun təklif etməyə çox şeyi var və ABŞ-ın xaricdəki səfirlikləri qəbul edən tərəfin hazırlığını öyrənirlər. Bu mövzuda müzakirələr Vaşinqtondakı tərəfdaşlarla da aparılır.
Bununla belə, məsələnin detallarına varmaqdan imtina edərək, Kuper işarə edib ki, söhbət yalnız silahlardan getmir. Söhbət həm də kibertəhlükəsizlikdən gedir, hər şeydən öncə Rusiya və Çinin təsirindən qorunmaq üçün: “Ölkələrin öz milli təhlükəsizlik maraqlarına uyğun, etdiklərinə əlavə olaraq, onlara verə biləcəyimiz bir çox münasib şey var”.
Hər halda, ABŞ rəsmisinin belə yanaşması maraqlıdır. Xüsusən də Azərbaycanın öz müdafiə qüdrətini artırmaq baxımından. Belə məlum olur ki, ABŞ Azərbaycana silah satışını həyata keçirə bilər.
“Hər halda, Tovuz döyüşləri göstərdi ki...”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, Dövlət Departamenti rəsmisi səviyyəsində belə bir mesajın verilməsi çox önəmli məsələdir: “Hesab edirəm ki, bu bir çox məsələdən xəbər verir. Ən başlıcası, o deməkdir ki, ABŞ bir sıra postsovet ölkələrinin Rusiyanın təsiri altına düşməsinə, onlara təzyiqin edilməsinə razılaşmayacaq. İlk növbədə, Ukrayna və Gürcüstana Birləşmiş Ştatların silah satışının, hərbi yardımının artacağı gözlənir. Çünki bir sıra proseslərin gedişi bunu deməyə əsas verir. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ABŞ Azərbaycana silah satmır. Ancaq Xəzərdə sərhəd mühafizəsinin artırılması ilə əlaqədar bu ölkə Azərbaycana bəzi yardımlar edir. Yəni ABŞ-ın silah satışında embarqosu daimi davam edə bilməz. Məqsəd Azərbaycanın öz təhlükəsizliyini daha da möhkəmləndirməsinə kömək etməkdir. Hesab edirəm ki, Rusiya Cənubi Qafqazda öz geosiyasi təsir dairəsini genişləndirdiyi halda, ABŞ-ın Azərbaycana silah satışı mümkün ola bilər. Hər halda, Tovuz döyüşləri göstərdi ki, ABŞ enerji layihələrinin təhlükəsizliyi üçün bölgədə aktivliyini artırmaq məcburiyyətindədir. Çünki Ermənistanın arxasında dayanan dövlətlər bu layihələri təhdid etmək istəyirlər”.
Ekspertin fikrincə, ABŞ-ın regionda aktivliyinin bütün mənalarda artacağı güman edilir.
Vidadi ORDAHALLI