Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qanunsuz fəaliyyəti, o cümlədən, məskunlaşdırma siyasəti davam etdirilir. “Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qanunsuz yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb.
Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin verdiyi məlumata görə, 2019-cu ilin sonlarından etibarən salınmağa başlanmış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdisə, avqust ayında bu rəqəm artıq 15-ə çatıb. Məlumat üçün bildiririk ki, düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən, Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qanunsuz fəaliyyət həyata keçirilib. Peyk təsvirlərinin analizində göründüyü kimi, yeni yaşayış məntəqələrinin salınması faktı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq, o cümlədən, 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına, insan hüquqları normalarına zidd olaraq qanunsuz fəaliyyətini davam etdirdiyini sübut edir.
Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib.
Məlum olduğu kimi, neçə ildir Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparır. Bütün bunlarda ermənilərin məqsədləri nədir?
“Əvvəllər əsasən Suriyadan olan ermənilər Qarabağa köçürülürdüsə, indi Livan erməniləri də bu prosesdə iştirak edirlər”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, Kəlbəcərdə yeni yaşayış məntəqələrinin salınmasında bir neçə məqsəd var: “Başlıca məqsədlərdən biri işğal olunmuş əraziləri qanunsuz olaraq özününküləşdirməkdir. Bunun üçün başlıca şərt süni məskunlaşmanı təmin etməkdir. Burada birinci şərt həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişməkdir. Məlum olduğu kimi, ərazilərimiz işğal olunandan sonra orada bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistan əhalisi artmır. Həm təbii artım aşağıdır, həm də ölkədə miqrasiya dayanmaq bilmir. Ermənilər ordan-burdan, əsasən də Yaxın Şərq ölkələrindən yoxsul erməniləri Qarabağa köçürməklə orada süni məskunlaşma siyasəti aparırlar. Əvvəllər əsasən Suriyadan olan ermənilər Qarabağa köçürülürdüsə, indi Livan erməniləri də bu prosesdə iştirak edirlər. Məsələ ondadır ki, Ermənistan 20 faiz ərazimizi işğal etsə də, həmin ərazilərdə əsaslı məskunlaşma siyasəti apara bilməyib. Bu da erməniləri narahat edir. O üzdən, son illər bu istiqamətdə səylərini artırıblar. Hesab edirəm ki, biz buna hansısa bəyanatlar verməklə işimizi bitmiş saya bilmərik. Torpaqlarımızı hərb yolu ilə azad etməliyik”.
Ekspertin fikrincə, yalnız bu yolla ermənilərin qanunsuz məskunlaşma siyasətinə son qoymaq olar.
Vidadi ORDAHALLI