18/09/2020 20:48
728 x 90

Ermənistanda Prezident sərəncamı ilə Rusiya kanallarının yayımı məhdudlaşdırıldı...

Məhəmməd Əsədullazadə: “Bundan sonra Moskvada Paşinyana qarşı daha da aqressiv siyasət həyata keçiriləcək”

img

Ermənistan Prezidenti Armen Sarkisyan Rusiya kanalları da daxil olmaqla, xarici televiziya kanallarının multipleks yayımlarını məhdudlaşdıran qanun imzalayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən, Rusiya telekanallarının ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq.

Lisenziyalaşdırma şöbəsinin müdiri Lianna Dohikyan bildirib ki, xarici televiziya kanalları hazırda lisenziyalıdır və lisenziyalarının müddəti başa çatana qədər fəaliyyət göstərəcəklər: “Əgər bundan əvvəl dövlətlərarası müqavilələr imzalanarsa, onda bu razılaşmalar əsasında fəaliyyətlərini davam etdirəcəklər”.

Erməni mediası yazır ki, qanunda xarici televiziyalar sözü yazılsa da, əslində, hədəf Rusiya kanallarıdır. Ermənistanda hazırda Rusiyanın “Pervıy Kanal”, “RTR Planeta”, “Rossiya. Kultura” və dövlətlərarası televiziya kanalı “Mir” yayımlanır. Qeyd olunur ki, bu qərar mütləq Rusiyanı Ermənistana qarşı əks addımlar atmağa sövq edəcək və Moskva bunu Paşinyana bağışlamayacaq.

  • “Ermənistanda Rusiya kanallarının yayımının qarşısının alınmasını hədəfləyən yeni qanunun qəbulu...

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistan-Rusiya əlaqələri böhranlı dövrünü yaşayır. Ermənistan Baş naziri Nikol Paşinyanın apardığı siyasət ölkəsində Rusiyanın siyasətinin zəiflədilməsinə və son nəticədə bu ölkədən çıxarılmasına hesablanıb. Məhz Ermənistanda Rusiya kanallarının yayımının qarşısının alınmasını hədəfləyən yeni qanunun qəbulu buna hesablanıb. Hesab edirəm ki, bu qanunun icrası Rusiya-Ermənistan mədəni əlaqələrinin birbaşa İrəvan tərəfindən qoparılmasının başlanğıcıdır. Bundan sonra Moskvada Paşinyana qarşı daha da aqressiv siyasət həyata keçiriləcək. Ermənistanda Nikol Paşinyan vətəndaş cəmiyyəti institutlarının da fəaliyyətinin anti-Rusiya istiqamətində formalaşması üçün tapşırıqlar verib. Soros Fondunun kölgəsində olan Ermənistan hakimiyyətinin apardığı siyasət ölkəsində Rusiyanın informasiya siyasətini və siyasi təbliğatının qarşısını almaqdır. Hesab edirəm ki, sözügedən TV-lərin analoq yayımının dayandırılması Moskvanın Cənubi Qafqazda son qalası olan bir ölkədə baş verir. Bunu regionda Rusiyanın müdafiə etdiyi və daim qoruduğu Ermənistan edir. Rusiya öz siyasətində bu istiqamətdə kardinal dəyişikliklər edib, öz ətrafında dostu və düşmənini tanımalıdır. Təəssüf ki, Rusiyanın regional baxımdan Ermənistan siyasəti bu günə kimi yanlış olub. Paşinyan Rusiyanın bu yaxşılıqlarının üstündən xətt çəkir. Moskva anlamalıdır ki, ermənilərin mahiyyəti budur. Hesab edirəm ki, Rusiya nə qədər Ermənistana boylansa da, İrəvan Qərbə boylanmağa başlayıb. Nəhayət ki, bunu Moskvada anlaya bilərlər”.

Ekspert hesab edir ki, Kreml bununla bağlı hansısa adekvat addımlar ata bilər.

Vidadi ORDAHALLI

Son xəbərlər