18/09/2020 21:42
728 x 90

Livan ermənilərinin Qarabağa axını Bakını daha sərt siyasətə vadar edə bilər

img

Avqustun 4-də Livanın paytaxtı Beyrutun dəniz limanında baş vermiş partlayış ətrafında qalmaqal səngimir. Xatırladaq ki, partlayış səbəbindən Beyrutda azı 150 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib, 300 mindən çox insan evsiz qalıb.

Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanırmış. Hadisə ilə əlaqədar liman administrasiyasının 16 əməkdaşı, o cümlədən direktoru saxlanıb. Amma partlayışın terror nəticəsində baş verdiyi də iddialar sırasındadır. Partlayışdan sonra Beyrutu tərk edənlərin sayında artım olduğu da bildirilir və onların sırasında ermənilər də yer alır. Artıq məlumata əsasən, Beyrutda məskunlaşan bir çox erməni İrəvana gəlmək istəyir. "Çiçəklənən Ermənistan" fraksiyasının deputatı Anna Kostanyan bu xüsusda bildirir:"Bir çox tanıdığım və tanış olmayan ermənilər Ermənistan hökumətindən xüsusi uçuşlarla tarixi vətənlərinə aparılmalarını xahiş edirlər. Düşünürəm ki, hökumət və Xarici İşlər Nazirliyi Livan ermənilərinin mümkün qədər tez Ermənistana köçürülməsini birgə təşkil etməlidir". O, ölkə rəhbərliyinə dəstək və başsağlığı sözlərindən kənara çıxmağa, Livan erməniləri üçün dəqiq addımlar atmağa çağırış edib.

Xatırladaq ki, partlayış nəticəsində Beyrutda zərərçəkmiş tikililər arasında erməni məhəllələri, o cümlədən Müqəddəs Gevork kilsəsi, Livandakı Ermənistan səfirliyinin binası da var. Ölən ermənilərdən biri Livan “Əl-Kataib” partiyasının baş katibi Nizar Najaryandır. Ümumilikdə, hadisə zamanı 3 erməninin öldüyü, yüzə yaxın yaralının olduğu bildirilir. Onu da qeyd edək ki, Livan ermənilərin ən çox məskunlaşdığı ölkələrin başında gəlir. Beyrut həm də ASALA terror təşkilatının yarandığı yer kimi yadda qalıb. İndiki durumda Livandan ermənilərin Ermənistana müəyyən sayda köçünün olacağı isə istisna olunmur. Bu fonda qondarma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. Birinci Aramın təklifə müsbət cavab verdiyi və prosesin detallarının müzakirəsinə başlanıldığı bildirilir. Ekspertlər isə qeyd edir ki, İrəvan Livan ermənilərini Ermənistandan daha çox işğal altındakı Azərbaycan ərazilərinə köçürməyə çalışacaq. Çünki Ermənistanın indiki sosial-iqtisadi vəziyəti xaricdən yeni şəxslərin cəlbinə imkan vermir. Qarabağa köçürülən ermənilərə isə ilk mərhələdə diaspor yardım edir.  Baş verənlərə münasibət bildirən politoloq Qabil Hüseynli qeyd edir ki, bu gün Livanda 200 mindən çox erməni yaşayır:“Ermənilər dünyanın bir çox ölkəsində yaşasa da, Livan onlar üçün çox önəmlidir. Çünki bu ölkə, xüsusilə də Beyrut limanı ermənilərin dünyaya açılan qapısı hesab edilir. Ermənilərin Livana gəlişi XIX əsrin sonlarına təsadüf edir. Bu ermənilər Osmanlı sultanı ikinci Əbdülhəmidin dövründə mərkəzi hakimiyyətə vaxtaşırı üsyan etdikləri üçün Şərqi Anadoludan sürgün ediliblər. Sürgündən sonra ermənilər Yaxın Şərqin bir çox strateji nöqtəsini, eyni zamanda Livanın Beyrut limanını özləri üçün məskən seçiblər. Dünyaca tanınan ASALA terror təşkilatının mərkəzi Beyrut şəhəridir. Təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsi vaxtı Livandan Dağlıq Qarabağa ASALA-nın çoxsaylı militan dəstələri köməyə gəlirdi”.

Politoloq “axar.az”portalına bildirib ki, Ermənistan Beyrutda baş verən partlayışdan istifadə etməyə çalışacaq:“Beyrutda partlayışdan ən çox zərər çəkənlər yerli ermənilərdir. Çünki bu ermənilərin bir çoxu liman ərazisində yaşayırdı və geniş biznes sahələri vardı. Partlayış zamanı evlərini, mülklərini itirən erməniləri rəsmi İrəvan sevə-sevə qarşılamağa hazırdır. Xüsusilə də bu ermənilər ilk növbədə işğal altındakı Dağlıq Qarabağa yerləşdirilə bilər. Məqsəd isə Dağlıq Qarabağda ermənilərin sayını artırmaqdır. Bildiyiniz kimi, orda hazırda 50-60 min erməni qalıb”. Lakin politoloqun sözlərinə görə, Livan ermənilərinin Dağlıq Qarabağa yerləşməsi ümumilikdə o qədər də asan məsələ deyil:“Burda bir neçə səbəb var. Birincisi, Azərbaycanın müqaviməti, ikincisi, Dağlıq Qarabağın və ümumiyyətlə Ermənistanın iqtisadi baxımdan regional layihələrdən kənarda qalması, investisiya üçün əlverişsiz olmasıdır. Təsadüfü deyil ki, Ermənistanın özünə investisiya yatırılmır. Digər ən önəmli məsələ Ermənistanın okeanlara çıxışının olmamasıdır. Livan erməniləri liman şəhərində yaşayırlar və böyük ticari əlaqələri də bunun üzərindən qurublar. Onlar Ermənistanda ərik əkib, Rusiyada satmağa və yaxud turizmin çökdüyü bir vaxtda Dağlıq Qarabağ ermənilərinin yeganə ümid yeri olan turizmə sərmayə qoya bilməzlər. Nəzərə alsaq ki, Qarabağa turist cəlbi də mümkün deyil və Azərbaycan bu cəhdləri ciddi şəkildə bloklayır, onda Livan ermənilərinin Dağlıq Qarabağda yerləşməsi çətin görünür. Amma bütün hallarda, Azərbaycanın bu prosesi diqqətdə saxlaması vacibdir”.

Istənilən halda isə Livandan ermənilərin işğal altındakı Azərbaycan ərazilərinə köçünə cəhd istisna deyil. Bu hal olarsa, Bakı Qarabağ məsələsində daha sərt və güc üzərində köklənən siyasətə üstünlük verməli olacaq.

Tahir TAĞIYEV

 

 

Son xəbərlər