19/09/2020 23:29
728 x 90

“Bakı-Xəbər” KİVDF xətti ilə üç layihənin icrasına tanınmış ziyalı və ictimai xadimləri də cəlb edir… - FOTO

img

Avqustun 5-də “Bakı-Xəbər” qəzetinin redaksiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə qəzetin həyata keçirdiyi layihələrin müzakirəsinə həsr edilən dəyirmi masa keçirildi.

Qəzetimizin icra etdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi”, “Azərbaycançılıq ideyasının təbliği” və “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzuları ilə bağlı keçirilən müzakirələr maraqlı oldu. Azərbaycanın tanınmış, öz fikir və ideyaları ilə ictimai rəyə təsir edən ziyalıları - İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilovun, tanınmış sənətşünas-kulturoloq Binnət Hümbətoğlunun, “Ədalət” qəzetinin şöbə müdiri, tanınmış şair, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun, şair Əziz Musanın, “Qarabağa aparan yol” qəzetinin baş redaktor müavini, tanınmış yazıçı-publisist Fariz Çobanoğlunun, populyar “Elmi iş” jurnalının baş redaktoru Mübariz Binnətoğlunun, tanınmış ictimai xadim Aktay Mirzəyevin qatıldığı “dəyirmi masa”nı “Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev açaraq qəzetimizin icra etdiyi hər üç mövzu ilə bağlı iştirakçılara ətraflı məlumat verdi və qeyd etdi ki, hər üç mövzu üzrə həyata keçirilən layihələrin ən müxtəlif formalarda işlənməsi, ərsəyə gətirilməsi üçün redaksiyanın kifayət qədər potensialı var və qəzetin əməkdaşları bu layihələri yüksək səviyyədə işləmək qabiliyyətinə malikdirlər. Baş redaktor vurğuladı ki, bu istiqamətdə yaradıcılıq və  texniki baxımdan kollektivin heç bir problemi yoxdur. A.Quliyevin sözlərinə görə,  lakin hər üç mövzu Azərbaycan xalqı üçün taleyüklü məsələləri özündə ehtiva etdiyi və hər bir Azərbaycan vətəndaşını düşündürdüyü, maraqlandırdığı, milli dövlətçilik maraqlarımızla bağlı olduğu üçün burada hər bir azərbaycanlının, xüsusən də ölkənin tanınmış ziyalılarının, ictimai-siyasi xadimlərinin, ictimai rəyə təsir edən insanların da iştirakı vacibdir.

A.Quliyev bildirdi ki, qəzetimizlə daim əməkdaşlıq edən, ekspert kimi çıxış edən ölkənin bütün ziyalıları, elm və fikir adamları layihələrdə həm yazılarla, həm fikir və təkliflərlə, həm də ekspert kimi yaxından iştirak edə bilər. Qəzet hər zaman onların yazılarını, fikir və təkliflərini, rəylərini dəyərləndirməyə imkanlar yaradır. A.Quliyev qeyd etdi ki, tanınmış ziyalıların və ictimai xadimlərin bu layihələrin icrasına cəlb edilməsində məqsəd xalqımız, dövlətimiz, dövlətçiliyimiz, milli ideologiyamız üçün vacib əhəmiyyət kəsb edən bu mövzuların daha da zənginləşməsini təmin etməkdir.

“Dəyirmi masa”da çıxış edən ziyalılar Baş redaktorun bu yeni əməkdaşlıq təklifini olduqca maraqla qarşıladılar və layihələrdə iştirak edəcəklərini bildirdilər. Maraqlı fikir və təkliflərlə çıxış edən “dəyirmi masa” iştirakçıları bildirdilər ki, indiyə qədər heç bir qəzet icra etdiyi layihələrin müzakirəsinə ziyalıları, ictimai xadimləri cəlb etməyib. “Bakı-Xəbər” redaksiyasının bu istiqmaətdə də ilkə imza atdığını vurğulayan ziyalılar qəzetimizin KİVDF-nin xətti ilə icra etdiyi hər üç layihənin xalqımız, dövlətimiz, dövlətçiliyimiz üçün çox əhəmiyyətli olduğunu qeyd etməklə yanaşı, vurğuladılar ki, “Bakı-Xəbər” öz əzəli ideyasına, yoluna sadiq qalaraq, yenə də xalq, dövlət üçün böyük məna, maraq, əhəmiyyət kəsb edən məsələləri diqqətdə saxlayır və onu səhifələrində işıqlandırır.

Onu da vurğulayaq ki, “dəyirmi masa” 15-20 dəqiqəlik çevik bir müzakirə kimi nəzərdə tutulsa da, mövzular ətrafında qızğın və maraqlı söhbətlər 1 saat yarım davam etdi.

İradə SARIYEVA

Son xəbərlər