Məlum olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Cənubi Qafqazda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi kontekstində müzakirə ediblər.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər yaranmış vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıblar: “Ermənistan-Azərbaycan dövlət sərhədi ərazisindəki vəziyyətin gərginləşməsi kontekstində Cənubi Qafqazla bağlı fikir mübadiləsi aparıldı. Vladimir Putin gərginliyin artmasına səbəb olan hər hansı bir hərəkətin qarşısını almağın vacibliyini vurğuladı. Hər iki tərəf münaqişə vəziyyətinin yalnız sülh yolu və danışıqlar yolu ilə həllində maraqlı olduqlarını ifadə etdi. Liderlər bölgəni sabitləşdirmək üçün səyləri əlaqələndirməyə hazır olduqlarını da əlavə ediblər”.
Prezidentlər, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olaraq siyasi və diplomatik şəkildə həllinə alternativin olmadığını qeyd ediblər.
Göründüyü kimi, Rusiya və Türkiyə prezidentləri münaqişənin Azərbaycan və Ermənistan xalqlarının mənafelərinə uyğun həllini vacib sayıblar. Halbuki, Paşinyan neçə vaxtdır “Artsax xalqı”nın da danışıqlarda mənafeyinin nəzərə alınmasını istəyirdi. Bəyan edirdi ki, münaqişə “üç xalqın” mənafeyinə uyğun həll edilməlidir. Bu baxımdan, Putin və Ərdoğanın ortaya qoyduğu mövqe Paşinyana zərbədir.
“...Ermənistanın əlavə şərt irəli sürməyə haqqı yoxdur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun fikrincə, Putin və Ərdoğanın məlum mövqedən çıxış etməsi Paşinyana növbəti zərbədir: “Müasir siyasət çox sürətlə dəyişir. Bu, müxtəlif formada özünü göstərir. Ermənistanın Baş naziri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 7 şərt irəli sürüb. Bununla bağlı Paşinyana ilk zərbəni ATƏT-in Minsk Qrupu vurdu. Həmsədrlər bəyan etdilər ki, münaqişə Minsk Qrupunun 9 mart 2019-cu ildə qəbul etdiyi bəyanat əsasında tənzimlənməlidir. Bu o deməkdir ki, Ermənistanın əlavə şərt irəli sürməyə haqqı yoxdur. Formatı dəyişməyə haqqı yoxdur. Hansı ki, Paşinyan deyirdi münaqişə həll olunarkən “üç xalqın” marağı nəzərə alınmalıdır. Separatçı qurum danışıqlarda tərəf kimi iştirak etməlidir və s. ATƏT-in Minsk Qrupu məlum bəyanatı ilə Paşinyanın “ağzından vurdu”. Rusiya və Türkiyə prezidentləri də telefon danışıqlarında bəyan etdilər ki, münaqişə Azərbaycan və Ermənistan xalqlarının maraqlarına uyğun həll edilməlidir. Yəni burada söhbət iki xalqın mənafeyindən gedir. Münaqişənin həlli zamanı iki xalqın mənafeyi nəzərə alınmalıdır. Bu, mədəni şəkildə o deməkdir ki, Paşinyanın “Artsax xalqı” sayıqlamasının məsələyə heç bir aidiyyəti yoxdur. Bununla Paşinyana öz yerinə göstərdilər. Bütün bu deyilənlərin fonunda ümid edirəm ki, Ermənistana çox güclü təzyiq olacaq və münaqişənin tənzimlənməsində praktiki iş başlayacaq”.
Bir daha məlum oldu ki, aparıcı dövlətlər Paşinyanın danışıqların formatını dəyişmək təşəbbüsünü qəbul etmirlər.
Vidadi ORDAHALLI