İyulun 12-də Ermənistan və Azərbaycan sərhədində qeydə alınan toqquşmaya dünya miqyasında kifayət qədər reaksiyalar verildi. BMT də daxil olmaqla dünyanın, demək olar ki, bütün aparıcı təşkilatları məsələ ilə bağlı mövqelərini açıq ifadə etdilər. Müxtəlif dövlətlər səviyyəsində də baş verənlərə münasibət sərgiləndi. Burada diqqət çəkən başlıca məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünün bərpasının ön plana çıxarılması oldu.
Hesab edilir ki, bu hal, əslində Azərbaycanın Ermənistan üzərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə etdiyi növbəti mühüm nailiyyətlərdən biri oldu. Prosesdə daha bir önəmli məqam isə Cənubi Qafqazda indi əsas geosiyasi oyunçular qismində Türkiyə və Rusiyanın yer aldığının əyani surətdə təsdiqlənməsi oldu. Məlum oldu ki, digərləri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə indi Qafqazın əsas geosiyasi oyunçuları qismində Ankara və Moskva çıxış edir. Məsələnin bu tərəfi də yenə, Ermənistandan fərqli olaraq, Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Ən az o baxımdan ki, adları çəkilən ölkələrin Azərbaycanla indiki münasibətləri Bakının maraqlarına uyğun gəlir. Təbii ki, burada qardaş Türkiyənin mövqeyi birmənalıdır və Ankara ölkəmizə siyasi, diplomatik, hərbi müstəvidə tam dəstək ifadə edir. Rusiya isə indiki halda Ermənistandan ciddi şəkildə narazıdır və Azərbaycanla əməkdaşlığın inkişafına daha çox diqqət yetirir. Kreml bilir ki, Türkiyə ilə də münasibətlərinin inkişafına təsir göstərən başlıca faktorlar sırasında Azərbaycan xüsusi çəkiyə malikdir. Bütün bunlar fonunda Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Qarabağ məsələsinin də yenidən ayrıca müzakirə predmeti olması təsadüf sayıla bilməz.
Məlumata görə, bu günlərdə Türkiyə və Rusiya liderləri Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf münaqişəli vəziyyətin sülh yolu ilə həllində maraqlı olduqlarını bildirib. Regionda sabitlik məqsədilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb. Liderlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub. Burada beynəlxalq hüquq prinsiplərinin ön plana çıxarılması da təsadüf sayılmır. Çünki bu prinsiplər məsələnin Azərbaycanın ərazi bütpvlüyü çərçivəsində həllini ehtiva edir. Digər tərəfdən, Türkiyənin Azərbaycana hərtərəfli dəstək ifadə etməsinə də Rusiya indi hansısa kəskin reaksiya vermir. Hazırkı durumda Ermənistanı qorxudan əsas məqamlardan biri də budur.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Iyulun 29-dan avqustun 10-dək davam edəcək təlimlər, əslində, əvvəlcədən imzalanmış ikitərəfli plana əsasən keçirilir. Amma erməni mediası əvvəldən planlaşdırılan təlimləri Bakı ilə Ankaranın İrəvana daha sərt xəbərdarlığı kimi qələmə verməyə başlayıb. Bildirək ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Artıq təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşib. Ekspertlər bildirir ki, əslində, Türkiyə və Azərbaycan ordularının hərbi təlimlərini birbaşa məlum Tovuz hadisələri ilə əlaqələndirmək doğru deyil. Lakin istənilən müharibədə Türkiyə Azərbaycanın yanında olacaq və təlimlərin özündə ehtiva etdiyi məna da budur. Elə Ermənistan kütləvi informasiya vasitələrinə nəzər salsaq görə bilərik ki, bu hərbi təlimləri fərqli məcrada şərh etməyə çalışırlar. Xüsusilə də son Tovuz hadisələri fonunda bunu özlərinə qarşı təhdid adlandırırlar. Əslində isə, yuxarıda qeyd olunduğu kimi, belə təlimlər vaxtaşırı keçirilir. Ehtiyatda olan polkovnik-leytenant Rəşad Məmmədov da qeyd edir ki, təlimlərin keçirilməsində məqsəd hər iki ölkənin müvafiq qoşun növlərinin şəxsi heyətinin döyüş hazırlığı səviyyəsini artırmaq, onların birgə əməliyyatları icra etmək vərdişlərini inkişaf etdirmək, həmçinin aviasiya vasitələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq və hər iki ölkənin hərbi qulluqçularının döyüş uzlaşmasını yüksək səviyyədə saxlamaqdır:"Təbii ki, təlimlərin indiki vaxtda keçirilməsi bəzi üzdəniraq ekspertlər və vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələr tərəfindən bunun iyulun 12-dən 17-dək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər və ya hazırda keçirilən Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab kimi təqdim ediləcəyi istisna olunmur. Lakin qeyd edim ki, bu cür və bu miqyasda təlimlər bir-iki gün ərzində razılaşdırılıb keçirilə bilməz. Bunun üçün əvvəlcədən hazırlıq aparılır, təşkilati işlər görülür. Bir ölkədən digər ölkəyə çoxlu sayda şəxsi heyət, hərbi texnikanın daşınmasının özü elə böyük bir prosedurdur. Məhz elə bu səbəbdən də əminliklə deyə bilərəm ki, bu təlimlər Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, əvvəlcədən imzalanmış ikitərəfli plana əsasən keçirilir və sözsüz ki, təlimlərin keçirilimə yeri və tarixi də əvvəlcədən həmin planda öz əksini tapıb. Yarana biləcək bütün sualları aradan qaldırmaq üçün qeyd edim ki, Azərbaycanla Türkiyə arasında ilk hərbi müqavilə hələ 1992-ci ildə imzalanıb. Sonrakı illərdə isə bu sahədə bir çox digər müqavilələr də imzalanıb. İki ölkə arasında keçirilən birgə hərbi təlimlər qarşılıqlı şəkildə Azərbaycan və Türkiyədə keçirilir. Mütəmadi olaraq birgə hərbi təlimlərin keçirilməsində hər iki tərəfin məqsədi iki ölkə arasında hərbi əlaqələrin inkişaf etdirilməsidir. Bugünədək Azərbaycanla Türkiyə arasında bir çox hərbi təlimlər keçirilib. Buna misal olaraq “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı - 2019” və bir sıra digər təlimləri göstərmək olar. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında keçirilən birgə hərbi təlimlər təkcə Azərbaycan ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib. Builki təlimlərin özəlliyi onların təkcə Bakı şəhərində deyil, eyni zamanda Azərbaycanın bir neçə şəhərində - Naxçıvan, Gəncə və Kürdəmirdə keçirilməsidir. Hər il olduğu kimi, bu il də təlimlərə hər iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Güclü və hərtərəfli təchiz edilmiş qoşun növlərinə malik olan Azərbaycan və Türkiyə ordularının birgə təlimlər keçirməsinin məqsədi əslində kiməsə güc nümayiş etdirmək deyil, əksinə həm bölgədə, həm də beynəlxalq səviyyədə sülhün və sabitliyin qorunub saxlanmasında maraqlı olduqlarını ifadə etməkdir". Bununla belə, düşmən tərəfi indidən qorxuya düşüb. Çünki faktiki olaraq, Rusiyadan və çox güvəndiyi KTMT-dən gözlədiyi dəstəyi ala bilmədi. Türkiyə isə birmənalı olaraq Azərbaycana dəstək verdiyini açıqladı. Yəni Ermənistanda hərbi əməliyyatların hər an başlaya biləcəyi yönündə bir təlaş var. Mövcud hərbi təlimlərə erməni mediasının reaksiyası və ciddi narahatlıq ifadə etməsi də bunun sübutudur. Ermənistanın “İravnuk” qəzeti məsələ ilə bağlı yazır:“Sərhəddəki olaylardan sonra Türkiyə hər səviyyədə Azərbaycana açıq dəstək ifadə etdi. Ardınca Ermənistanla sərhəddə Türkiyə və Azərbaycanın güc nümayişi başlanır. Bu vəziyyətdə Ermənistan KTMT-dən və Rusiyadan yardım almaq istəsə də hansısa nəticə əldə olunmadı. Rusiya ilə keçirilən təlimlər isə indiki halda hansısa effektə mail deyil. O, Azərbaycan və Türkiyə təlimi ilə müqayisədə çox sönük görünür. Ən əsası isə, Moskva hələ də Nikol Paşinyan iqtidarından çox narazıdır və bu səbəbdən Kreml İrəvanı türk dövlətləri qarşısında yalnız qoyub”.
"Erməni Qartalları: Birləşmiş Ermənistan" partiyasının sədri Xaçik Asryan isə hesab edir ki, Kremlin İrəvanla bağlı növbəti addımları daha sərt ola bilər:“Məsələ burasındadır ki, Nikol Paşinyan Ermənistanı Qərbə satır. Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları timsalında Qərb Ermənistan baş naziri kürsüsündə oturmaqla kifayətlənməyərək Ermənistanın idarəetməsini tamamilə öz əlinə götürməyə qərar verib. Qərb sahibləri Paşinyanın ona verilmiş tapşırıqların icra edilməsini o qədər də cəld və peşəkarcasına həyata keçirmədiyindən əmin olaraq Ermənistanın müstəmləkəçiliyini və erməni millətinin əsarətini dərhal öz əllərinə götürməyə qərar veriblər. Bu vəziyyət Kremli qıcıqlandırır və Moskva qəzəbini müxtəlif istiqamətlərdə ifadə edir”. O bildirir ki, yaranmış vəziyyətdə Qarabağ məsələsində Ermənistanın mövqeyi daha da zəifləyəcək və Bakı da bundan maksimum dərəcədə istifadə etməyə çalışacaq. Bütün bunlar da, öz növbəsində, Azərbaycanın Ermənistana daha sarsıdıcı zərbələr vurmasına əlverişli şərait yaradır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.