“Yaxın qonşu uzaq qohumdan yaxşıdır”. Babalarımız haqlıdırlar. Biz həmişə çalışmışıq ki, redaksiya qonşularımızla qaynayıb qarışaq, mehriban, səmimi münasibət saxlayaq, sevinclərinə, şadlıqlarına şərik olaq, qayğılarını öz qayğımız bilək. “Azərbaycan” nəşriyyatında yerləşən və 30 yaşını qeyd edən “Ədalət” qəzeti “Bakı-Xəbər”in əziz qonşularındandır. “Ədalət”in kollektivi ilə bizim kollektiv arasında həqiqətən də çox səmimi, isti münasibətlər yaranıb, biz həmişə bu münasibətləri qorumağa çalışırıq.
“Ədalət” qəzeti 1990-cı il iyulun 1-də işıq üzü görüb. Azərbaycanın dövlət müstəqilliyindən düz 1 il 3 ay tez doğulan “Ədalət” 30 ildir çağdaş mətbuatımızda öz yerini, çəkisini, sanbalını qoruyur. Xalqımızın azadlığa gedən yolunun bir qanadı da “Ədalət”dən başlayır. Görkəmli Azərbaycan ziyalılarının yazı səngərinə çevrilən “Ədalət”də xalqımızın haqlı mübarizəsinə ədalətli qiymət verilir, qəzet xalqı azadlığa çağıranların, ölkəmizi müstəqil görmək istəyən jurnalistlərin, aydınların, ictimai xadimlərin tribunasına çevrilirdi. Cəbhədən gələn qan-qada dolu məlumatlar, həyəcanlı yazılar, ruhumuzu titrədən hadisələr “Ədalət”in səhifəsindən ictimaiyyətə çatdırılırdı...
Müstəqil mətbuatımızın örnək nəşrlərindən olan “Ədalət”in 30 yaşına çatması onun rəhbərliyinin - təsisçi, görkəmli yazıçımız, millət vəkili Aqil Abbasın və baş redaktoru İradə Tuncayın, eləcə də fədakar “Ədalət”çilərin böyük zəhməti hesabına başa gəlib.
“Ədalət”in adı çəkiləndə yada yüzlərlə vətəndaşın dərdinə şərik olan, onun qayğı və problemlərini çəkinmədən ictimailəşdirən, çətinliklərinin həllinə nail olan cəsarətli qələm dostlarımız, cəfakeş həmkarlarımız düşür. İnanırıq ki, illər sonra da “Ədalət”i öz mövqeyində, öz yolunda uğurla irəliləyən görəcəyik. Qonşu kimi qonşu, dost kimi dost olan əziz “Ədalət”çilər, 30 yaşınız mübarək!
Hörmətlə: “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və qəzetin kollektivi