Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri olan deputatlar və senatorlar Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilmiş təxribat əməlləri ilə bağlı ölkə Prezidendi Emmanuel Makrona müraciət ünvanlayıblar.
Deputatlar Guy Bricout, Jean Pierre Door, Jerome Lambert, Jean-Luc Reitzer, senatorlar Alain Houpert, Andre Reichardt tərəfindən imzalanmış müraciətdə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayonunu 30 ilə yaxındır işğal altında saxladığı vurğulanıb. Bildirilib ki, son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. Ermənilərin törətdikləri təxribat nəticəsində 12 hərbçi və 1 nəfər mülki şəxs həlak olub. Eyni zamanda, Fransanın Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etdiyi qeyd edilib. BMT TŞ və Baş Assambleyası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qəbul olunmuş qətnamələrə məhəl qoyulmadığı açıqlanıb.
Müraciətçilər Fransa daxil olmaqla, beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün təzyiq göstərilməsinə çağırıblar. Fransa Prezidentindən Minsk Qrupunun həmsədri və BMT TŞ-nin daimi üzvü kimi təxirəsalınmaz addımlar atılması xahiş olunub.
Fransada həm güclü erməni lobbisinin olduğunu, eyni zamanda, orada çoxsaylı erməninin yaşadığını nəzərə alsaq, sözügedən ölkənin bir sıra parlament üzvünün məlum müraciətini Azərbaycanın diplomatik uğuru saymaq olar. Ancaq, hər halda, bu istiqamətdə Fransa ilə çox işləməyə ehtiyac var.
“Bunun davamlı olması və dəstəyin daha da artırılması istiqamətində Xarici İşlər Nazirliyi səylərini gücləndirməlidir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe sərgiləmir. Adətən Ermənistanı pərdəarxası dəstəkləyib. Ona görə də erməni lobbisinin daha güclü olduğu ölkələrdə Azərbaycan diplomatik müstəvidə daha da sıx işləməlidir. Rəsmi Parisin mövqeyində ciddi şəkildə dəyişiklik edəcək bir prosesə imza atmalıyıq. Hesab edirəm ki, Azərbaycanın Fransada diasporu Senatda dostları ilə sıx işləməklə müəyyən nəticələr əldə edə bilər. Fransa və Azərbaycan dostluq qrupu üzvlərinin bu təşəbbüsü irəliyə atılan addımdır. Bunun davamlı olması və dəstəyin daha da artırılması istiqamətində Xarici İşlər Nazirliyi səylərini gücləndirməlidir. Hesab edirəm ki, yeni siyasi çağırışlara hesablanmış diplomatik müstəvidə addımlar atılmalıdır. Ermənistanın Tovuz təxribatları artıq dünyada bu ölkənin işğalçı mahiyyətini ortaya qoyub. Ona görə də Azərbaycan diplomatiyası məhz Tovuz təxribatları üzərindən hücum etməlidir”.
Onu da qeyd edək ki, ötən ildən başlayaraq Fransa məhkəmələri bu ölkənin şəhərlərinin Qarabağdakı separatçı qurumla imzaladıqları “qardaşlıq xartiyalarını” ləğv ediblər. O baxımdan, Fransa parlament üzvlərinin timsalında məlum gediş maraqlıdır.
Vidadi ORDAHALLI