Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Rusiyanı şantajsayağı ittiham edib və Rusiya ilə Türkiyəni qarşı-qarşıya qoymaq istəyib. Belə ki, o, Rusiyanın RBK televiziyasına müsahibəsində bu yöndə bir sıra təxribatçı xarakterli fikirlər səsləndirib.
Paşinyan sözügedən müsahibəsində deyib ki, guya Türkiyə Rusiyanı Minsk Qrupundan sıxışdırıb çıxarmağa çalışır və bununla bağlı bir sıra vasitələrə əl atır: “Türkiyə və Azərbaycan Minsk Qrupunu prosesdən qovmaq istəyirlər. Rusiya isə susur. Aydındır ki, danışıqlar prosesi dalana dirənib. Cənubi Qafqazda maraqları olan qüvvələr də mövcuddur. Rusiyanı neytrallaşdırmaq isəyirlər. Kremlin isə bütün bunların öhdəsindən gəlmək imkanları var. Amma biz hələ ki, Moskvadan hər hansı bir addım görmürük”.
Göründüyü kimi, Paşinyan bu kimi pozucu xarakterli açıqlamalar verməklə Rusiya ilə Türkiyəni üz-üzə qoymaq istəyir. O baxımdan onun bu təxribatçı yanaşmasını ekspertlər necə dəyərləndirirlər?
“Ermənistan rəhbərliyi yaxşı bilir ki, Türkiyənin Cənubi Qafqazla bağlı...”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu. Onun sözlərinə görə, Paşinyan bu kimi cəfəng iddialarla çıxış etməklə müəyyən çirkin məqsədlər güdür: “Əvvəla sülh danışıqlarının dalana dirənməsi Ermənistanın danışıqlarda sərgilədiyi qeyri-konstruktiv mövqe ilə bağlıdır. İkincisi, Minsk Qrupunun passiv fəaliyyəti ilə bağlıdır. Məsələ ondadır ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı konkret və optimal mövqe sərgiləmir. Üçüncüsü, Rusiyanın regionda həlledici mövqeyi nəzərə alınır. 1994-cü ildə atəşkəsin əldə olunması məhz Rusiyanın vasitəçiliyilə mümkün oldu. O baxımdan, guya Rusiyanın prosesdən uzaqlaşdırılması ilə bağlı təşəbbüslərin göstərilməsi absurddur. Paşinyan belə açıqlama verməklə həm hədəf yayındırmaq istəyir, həm də iki ölkə arasında qarşıdurma yaratmaq məqsədi güdür. Həm də bununla vaxt qazanmaq istəyir. Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyadan asılıdır. Paşinyan prosesi uzatmaqla istəyir ki, Rusiyanın təsir dairəsindən çıxmaq üçün zəmin yaransın. O yaxşı bilir ki, onun apardığı siyasət Kremldə məmnunluqla qarşılanmır. Ona görə də Ermənistan hazırda Rusiyanın özünü də bu təxribata çəkməklə bu ölkə ilə Türkiyə arasında münasibətlərdə gərginliyin dərinləşməsinə səy göstərir. Məsələ ondadır ki, Liviya məsələsində Rusiya və Türkiyə arasında müəyyən fikir ayrılıqları var. Ermənistan rəhbərliyi yaxşı bilir ki, Türkiyənin Cənubi Qafqazla bağlı maraqlarında Azərbaycan rəsmi Ankara üçün kifayət qədər həssas bir bölgədir. Azərbaycanın Türkiyə üçün əhəmiyyəti həm də ciddi iqtisadi faktorlar üzərində qurulub. Söhbət Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən, Bakl-Tbilisi-Qars dəmir yolundan gedir. Ermənistan Tovuz təxribatını törətməklə istədi ki, Rusiya ilə Türkiyəni üz-üzə qoysun. Həm də Ermənistan istəyir ki, bir sıra məsələlərlə bağlı Rusiya, Türkiyə, İran və Azərbaycan arasında mövcud olan koalisiyada çat yaransın”.
Belə məlum oldu ki, Paşinyanın məlum təxribatçı fikirlərinin arxasında bir sıra pozucu məqsədlər olub. Ancaq o nə qədər çalışsa belə, öz niyyətlərini reallaşdıra bilməz.
Vidadi ORDAHALLI