Ermənistanın hərbi təxribatının iflasından sonra təcavüzkar tərəf münaqişə bölgəsində yaranan gərgin vəziyyətdən maksimum yararlanmaq istəyir. Ermənistan baş naziri Nikol Paşinyan və Xarici İşlər Nazirliyi, hətta bəzi ölkələrdəki səfirləri yenidən Azərbaycan-Ermənistan sərhədində və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində atəşkəs rejiminə nəzarət məqsədilə beynəlxalq monitorinq sisteminin, silahlı insidentlərin təhqiqi mexanizmlərinin tətbiq edilməsinin vacibliyi barədə bəyanatlarla çıxış etdilər.
Silahlı insidentlərin təhqiqi mexanizmlərini tətbiq etmək ideyasını gündəmə gətirməyə çalışan erməni tərəfi, heç şübhəsiz, özünün növbəti təcavüz aktını ört-basdır etmək istəyir. Lakin bu ideyanın ortaya atılmasının daha mühüm səbəbi təcavüzkar Ermənistanın ümumiyyətlə öz işğalçılıq siyasəyini davam etdirmək niyyətində olmasıdır. Çünki Azərbaycan ərazilərinin işğalı şəraitində beynəlxalq monitorinq sisteminin tətbiqi faktiki baxımdan status-kvonun davam olunmasına xidmət göstərəcək, diqqəti substantiv danışıqların aparılması zərurətindən ikinci dərəcəli məsələlərin müzakirəsinə yönəldəcək.
Təsadüfi deyil ki, Azərbaycan silahlı insidentlərin təhqiqi mexanizmlərinin tətbiq edilməsini prioritet vəzifə kimi qəbul etmir. Bununla da Azərbaycan tərəfi göstərir ki, münaqişənin əsas problemi “insidentlər” yox, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasıdır. Ermənistanın bu hiyləgər gedişini necə dəyərləndirmək olar?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, bu, Ermənistan siyası rəhbərliyinin yeni oyunudur:“Başlıca məqsəd status-kvonun yenidən uzadılmasıdır. Faktiki olaraq, Azərbaycan heç vaxt Ermənistan ərazisinə silahlı münaqişə, hücum, təxribat aktları etməyib və etmir də.
Azərbaycan ancaq öz sərhədində baş verən təxribatların qarşısını alır. Ermənilərin bu məqsədinin arxasında yenidən vaxt udmaq, yenidən silahlanmaq, təxribatlar törədib Azərbaycan Respublikasının sərhədində yaşayan əhaliyə zülm etmək niyyəti durur. Əslində belə bir mexanizmin qurulmasını ermənilər çoxdan tələb edir. Ancaq Azərbaycan tərəfi heç vaxt buna razı olmur. Bu heç də o anlama gəlmir ki, Azərbaycan sülh istəmir. Sadəcə, bu variant bizim suveren hüquqlarımızın pozulması anlamına gəlir. Ermənilər bununla işğal amilini uzatmaq istəyirlər. Çox qəribə məntiqdir. Gəlib torpağı işğal edib, qaytarmır, həm də deyir ki, mehriban yaşayaq. Bir dəfə Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, erməni əsgəri bizim torpaqda ölmək istəmirsə, rədd olub işğal etdikləri ərazidən çıxsın. Bu problemin həlli düstüru ifadə olunan kimidir. Silahlı insidentlərin təhqiqi mexanizmlərini tətbiq etmək ideyası 2016-ci ilin Aprel döyüşlərindən sonra aparılan danışıqlarda gündəmə daha çox gətirildi. Həm vasitəçilər, həm də Ermənistan tərəfi bildirirdi ki, atəşkəz pozuntularının qarşısını almaq üçün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində müəyyən bir monitorinq mexanizmi qurulsun. Orada müəyyən texniki vasitələr quraşdırılsın. Beləliklə, təmas xətti fasiləsiz rejimdə nəzarətdə saxlansın və atəşkəsi pozan tərəfin kim olduğu orada qeydə alınsın. Amma Azərbaycan tərəfi bu mexanizmin qurulmasına indiyə kimi razılıq verməyib. Tam haqqlı mövqedir. Azərbaycan torpaqlarını ordu gücü ilə azad edə biləcəyi faktını heç vaxt inkar etmir. Bu bizim haqqımızdır. Ermənistan sülh istəyirsə, işğal amilindən əl çəksin. Belə addım atmayacağı təqdirdə heç bir başqatma oyunu ilə işğalı davam etdirə bilməz. Azərbaycan buna getməyəcək”.
Doğrudan da, bütün bunlar Paşinyanın yeni avantürasına oxşayır. Sanki özünü sülhpərvər kimi göstərməyə çalışır. Amma belə gedişlərlə Azərbaycanı aldatmaq qeyri-mümkündür. Konstruktiv olmanın ən doğru yolu torpaqları işğaldan azad etməkdir.
Məhəmmədəli QƏRİBLİ