Son sərhəd döyüşlərində Rusiyanın Ermənistanı müdafiə etmək niyyətindən uzaq olması, daha çox neytral mövqe sərgiləməsi İrəvanda hələ də böyük narahatlıq mənbəyidir. Bu halda Ermənistanı qorxudan məsələ Azərbaycanla yeni toqquşmalar baş verəcəyi halda Moskvanın yenə neytrallığını qoruyub-qorumayacağıdır. Hesab edilir ki, Kremlin indiki yanaşması davam edərsə, Azərbaycan Ermənistana daha ağır zərbə vuracaq.
Bundan başqa Ermənistanda belə bir məqama diqqət çəkilir ki, Rusiya artıq İrəvandan Sorosa bağlı şəxslərin hakimiyyətdən uzaqlaşmasını tələb edir. Bu tələb yerinə yetməsə, Moskva İrəvana qarşı daha sərt mövqe sərgiləyəcək. Bu zaman Ermənistan-Azərbaycan sərhədində iyulun 12-dən başlamış toqquşmaların daha sərt xarakter ala biləcəyinə dair də xəbərdarlıqlar edilir. Ermənistanın “Past” nəşri yazır ki, bu münaqişə özündə ciddi təhlükələr ehtiva edir və davamiyyət alsa, genişmiqyaslı müharibəyə çevrilsə, bütün region ciddi qeyri-sabitlik dərinliyinə yuvarlana bilər:“Erməni-rus münasibətlərində toplanmış intizamsızlıq Ermənistanın təhlükəsizlik mühitinə mənfi təsir edir, bəzi qüvvələr bundan istifadə edir”. “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədri Xaçik Asryan isə qeyd edib ki, Ermənistanın bugünkü Amerika yönümlü hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanı antirus planının üzvü edib:“Nikol Paşinyan və onun Soros yönümlü hakimiyyəti Ermənistanın normal inkişaf gedişatını məhv edir”.
Ermənistanın “Qraparak” nəşri də yazır ki, məhz Paşinyanın sayəsində Kreml Ermənistanı Azərbaycan və Türkiyənin hədəfində qoyur:“Bu günlərdə isə Moskva baş nazir Nikol Paşinyanın Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Minskə getməsini gözləmirdi. Onlar Paşinyanın Ermənistandakı epidemik vəziyyətə görə cəmi üç həftə əvvəl Moskvaya ləğv edilmiş səfərini unutmayıblar. Bu halda Moskva Ermənistanın maraqlarına məhəl qoymadan Türkiyə və ya Azərbaycanla yeni razılaşmalar əldə edir. Əlbəttə ki, Paşinyanın anti-Rusiya, anti-KTMT və anti-AİƏT demarşlarına haqq qazandırmaq artıq mümkünsüzdür. Bu fonda köhnə və yeni səhvlər, o cümlədən Rusiya əleyhinə, KTMT əleyhinə, AİƏT əleyhinə bütün lazımsız demarşaları daxil olmaqla, ölkəni və dövlət qurumlarını Sorosçu təzahürlərlə dolduran, ayrıseçkiliklə üzləşən səhvlər Paşinyanın üzünə daha çox vurula bilər. Bu durumda Rusiya mediasının qəfildən Ermənistan və Ermənistan hakimiyyəti haqqında belə kəskin, bəzən hörmətsiz bir tonda danışmağa başlaması da təsadüf deyil. Göstəriş, təbii ki, Kremldəndir, amma əsl səbəblər Ermənistandadır. Paşinyan, müttəfiq ölkənin və ya dövlətimizin və milli maraqlarımızın ləyaqətini nəzərə almadan, iki ildir açıq şəkildə Rusiyaya qarşı olan Sorosçularla dolu təbliğat aparatını yuxarıdan aşağıyadək təmizləməlidir. Styopa Safaryan və Arman Babacanyan kimi təbliğatçılarla uzağa gedə bilmərik. Onlar sadəcə hökumətdən qovulmalı, Ermənistan hökumətinin nəzdindəki “feyk fabrik” bağlanmalı və ciddi bir dövlət təbliğatına başlanmalıdır. Fırıldaqçılara Rusiya kimi bir supergücün Ermənistan və Ermənistan hakimiyyətlərinə qarşı yönəldilməsi üçün rəsmi məmur mövqelərindən istifadə edilməsinə yol verilməməlidir. Rusiyanın ən böyük kütləvi informasiya vasitəsinin milliyətçə erməni mənşəli baş redaktoru Marqarita Simonyanla Ermənistanın dövlət qurumlarında yuva salmış dələduzlar arasındakı qarşıdurma və nəticədə Ermənistanın anti-Rusiya kütləsi tərəfindən təşkil edilmiş onlayn imzalar toplanması buna əyani sübutdur. Bu halda Rusiya daha çox Azərbaycana meyl edəcək”. Bunu erməni politoloq Menya Arutyunyan da təsdiq edir:“Nikol Paşinyan və hiyləgər tayfası qərbyönümlü qrantların köməyilə Rusiya-Ermənistan münasibətlərini məhv edir”. Onun sözlərinə görə, rəsmi Kreml erməni xalqına bir neçə dəfə bildiriş göndərərək, anti-Ermənistan qüvvələrinin qovulmasının və hakimiyyətə Ermənistan-Rusiya münasibətlərini dəstəkləyənlərin gəlməsinin vacibliyini qeyd edib:“ Kremldən gələn bu mesajlara fikir verməsək, Rusiyada yaşayan ermənilər üçün vəziyyət dəyişəcək, bir çox qapılar üzümüzə bağlanacaq”.
Arutyunyan deyib ki, 2019-cu ilin payızında Rusiya prezidenti Vladimir Putinin Ermənistanın sabiq və hazırda həbsdə olan prezidenti Robert Köçəryanın həyat yoldaşı ilə görüşməsi də belə bildirişlərdən biri idi:“Bir sözlə, Ermənistan-Rusiya münasibətlərinin dağılması Ermənistanın müstəqilliyini və erməni xalqının gələcəyini şübhə altında qoyur. Təəssüflər olsun ki, informasiya əks-təsirinin yoxluğu və müttəfiq Rusiya ilə münasibətlərin ardıcıl olaraq məhv olması öz acı və qəddar bəhrələrini verir”.
Qeyd edək ki, 2019-cu ilin oktyabrında Putin Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının forumunda iştirak üçün İrəvana səfər etmiş və Köçəryanın arvadı ilə görüşmüşdü. O zaman Paşinyan Putinlə görüşə bilməmiş və onun dalınca aeroporta getmişdi. Amma bütün bunlar Rusiya-Ermənistan münasibətlərini normallşadıra bilmir. Əksinə, pisləşən münasibətlər fonunda Kremlin bundan sonra da İrəvanı yalnız buraxması gözlənir.
Nahid SALAYEV