2016-cı ildə olduğu kimi, Azərbaycan ordusu Ermənisrtanın sərhəd təxrubatı zamanı Tovuz istiqamətində də düşmənə güclü və effektiv zərbələr vurdu. Bu zaman yenə, digər silahlarla yanaşı, pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə olundu. İndi erməni mediası özü də etiraf edir ki, PUA baxımından da Azərbaycan birmənalı üstünlüyə malikdir.
Qeyd edək ki, ordumuz əsas etibarı ilə İsrail və Türkiyədən çoxsaylı müasir PUA-lar alıb. Bundan başqa, yerli zərbə və kəşfiyyat dronları da ordumuzun ixtiyarındadır. Amma hadisələrin gedişi göstərir ki, ordumuzun ixtiyarında digər ölkələrin, o cümlədən ABŞ-ın istehsalı olan belə dronlar da peyda ola bilər. Bunu Rusiyanın “Kommersant” qəzeti də istisna etmir. Qəzet xatırladır ki, ABŞ belə silahların ixracına qadağaları aradan qaldırır:“Ötən cümə günü ABŞ hakimiyyəti Raket Texnologiyalarına Nəzarət Rejiminin (RTNR) bəzi müddəalarını yenidən şərh etmək niyyətini açıqlayıb. Bu andan etibarən o, sürəti saatda 800 kilometri keçməyən ağır zərbə və kəşfiyyat pilotsuz uçan aparatlarını sərbəst satmaq hüququna sahib olacaq. RTNR kütləvi qırğın silahlarını çatdırmaq üçün istifadə edilə biləcək ağır dronların ixracını ciddi şəkildə məhdudlaşdırır. Birləşmiş Ştatlar öz qərarını - sürətlə böyüyən çox milyard dollarlıq silah bazarındakı payı geri qaytarmaq istəyini adı açıqlanmayan bir RTNR üzvü olan ölkənin bu rejimin modernləşdirməsinə imkan verməməsi ilə izah edir. “Kommersant”ın məlumatına görə, söhbət Rusiyadan gedir. Ağ Evin saytında Moskva vaxtı ilə ötən cümə axşamı əhəmiyyətli bir xəbər yerləşdirilib. Məlumatda deyilir:“Prezident Donald Tramp PUA ixrac standartlarını yeniləmək üçün addımlar atıb”. Eyni zamanda, mətndən daha aydın olur ki, söhbət standartları qaldırmaqdan deyil, onları yumşaltmadan gedir.
ABŞ administrasiyasının fikrincə, RTNR köhnəlib və yeniləmə tələb edir:“RTNR-in kütləvi qırğın silahlarının yayılmasını yavaşlatması sülh və təhlükəsizliyin təşviq edilməsi baxımından vacib olsa da, PUA-larla əlaqəli modernizasiyaya ehtiyac duyulur”. Raket Texnologiyalarına Nəzarət Rejimi raket silahlarının və texnologiyasının ixracına ortaq “məsuliyyətli” yanaşmalar barədə razılığa gələn 35 ölkənin qeyri-rəsmi birliyidir. 1987-ci ildə o, 7 Qərb ölkəsi tərəfindən qurulub, Rusiya 1995-ci ildə ona qoşulub. RTNR-ə uyğun olaraq qəbul edilən razılaşmalar çərçivəsində ölkələr silah və texnologiyaların ixracında müəyyən məhdudiyyətlərə riayət edir, məlumat mübadiləsi aparır və milli lisenziyalaşdırma fəaliyyətlərini əlaqələndirir. “Kommersant”ın daha əvvəl xəbər verdiyi kimi, RTNR çərçivəsində bəzi məhdudiyyətlərin qaldırılması üçün ABŞ-ın hərbi-sənaye kompleksi ən fəal şəkildə lobbiçilik edir. Əvvəla, biznes digər ölkələrə ötürülmə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran, 300 kq və ya 500 kq-dan daha çox yük ağırlığı olan raketləri, həmçinin ağır zərbə və kəşfiyyat PUA-larını birinci kateqoriyadan çıxartmağı istəyib. Amerikalı mütəxəssislərin proqnozlarına görə, 2029-cu ilədək ağır dron bazarının illik satış həcmi indiki 15,8 milyard dollardan 20 milyard dollara qədər artacaq. İndi Çin və İsrail məhsulları bazarda üstünlük təşkil edir (onlar RTNR üzvü deyillər). Ağ Ev, yayımlanan mesajdan anlaşıldığı kimi, Amerika biznesinin istəklərinə qulaq asır. ABŞ administrasiyasının açıqlamasında texnologiyanın sürətlə inkişaf etdiyi və “RTNR standartlarının 30 ildən çoxdur” mövcud olduğu vurğulanır. Eyni zamanda, mətndən görünür ki, amerikalılar iki ildir RTNR-dəki tərəfdaşlarının dronların ixracına qoyulan məhdudiyyətləri yenidən nəzərdən keçirməsi üçün ortaq qərar hazırlamağa çalışırlar. Lakin bunu etmək mümkün olmayıb, çünki RTNR-də konsensus qaydası qüvvədədir və Vaşinqtonun təşəbbüsünə qarşı çıxanlar var. Hudson İnstitutunda bu mövzuda danışan ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik və yaymama üzrə köməkçisi Kristofer Ford islahatın bir ölkə tərəfindən bloklandığını izah edib. O, həmin ölkənin adını açıqlamayıb, ancaq deyib ki, “bu dövlət ABŞ-dan gələn hər bir təklifə qarşı çıxır”. Dövlət Departamentinə yaxın bir mənbə “Kommersant”a Kristofer Fordun Rusiya haqqında danışdığını söyləyib. Moskva isə Vaşinqtonun planlarına mənfi münasibətini gizlətmir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə açıqlamasında bildirib ki, ağır PUA kateqoriyasını ilk RTNR yoxlama siyahısından çıxartmaq rejimə ciddi zərbə vuracaq. Ryabkov bildirib:“Bu, ABŞ-ı Vaşinqtonun planlarının həyata keçirilməsinə mane olan hər hansı bir məhdudiyyətdən azad etmək və hərbi-sənaye kompleksi, o cümlədən ixrac imkanlarını genişləndirməklə daha əlverişli şərait yaratmaq üçün ümumi meylin əksidir”.
Ağır dronların satışına dair razılıq olmadığı təqdirdə, ABŞ təklikdə hərəkət etməyi qərara alıb və sürəti saatda 800 kilometrdən çox olmayan dronlar birinci kateqoriyaya aid deyil, onlar ikinci kateqoriya aid ediləcək, yəni ciddi ixrac məhdudiyyətləri ilə üzləşməyəcək. Böyük dronlar, “Northrop Grumman Corp” kimi ABŞ hərbi sənaye nəhənglərinin əksəriyyətinə bu, fayda verəcək. Bu, “Global Hawk”, ən yüksək sürəti təxminən saatda 640 kilometrə bərabər dron istehsalçısıdır. “General Atomics Aeronautical Systems Inc.” şirkət isə “Reaper” (sürəti saatda 400 km-dən çoxdur) istehsal edir, bu ilin yanvar ayında iranlı general Qasim Süleymani onun vasitəsilə öldürülüb. Ağ Ev ABŞ-ın qərarının RTNR ilə ziddiyyət təşkil etmədiyinə əmindir. Eyni zamanda, mesajda deyildiyi kimi, “tərəfdaşların potensialını artırmaqla, ABŞ-ın milli təhlükəsizliyini gücləndirəcək və Amerika istehsalçıları üçün PUA bazarını açaraq ölkənin iqtisadi təhlükəsizliyinə töhfə verəcək”. Eksklüziv hallar istisna olmaqla, kruiz raketləri, hipersəs sürətli silahlar və inkişaf etmiş pilotsuz nəqliyyat vasitələrinin ixracı üçün qadağa qalacaq. Ağır dronların satışına gəlincə, Ağ Ev mümkün sövdələşmələri diqqətlə izləyəcəyinə söz verir. “PUA-ların hər hansı bir ölkəyə satılmasının təsdiqlənməsi və ya rədd edilməsi milli qərardır və milli təhlükəsizliyimiz, yaymama və xarici siyasət məqsədlərimiz, satın alan ölkənin Amerika mənşəli texnologiyadan məsuliyyətlə istifadəsi və qorumaq qabiliyyəti nəzərə alınır”.
Bütün bu qeyd edilənlər fonunda Amerika mediasında yer alan məlumatlara görə, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və Rumıniya kimi ölkələr “Global Hawk” və “Reaper” dronlarına maraq göstərir. Bunların sırasına Azərbaycanın da qatılacağı proqnozlaşdırılır. Çünki Azərbaycan ordunun silahlanmasında dron texnologiyasına xüsusi önəm verir.
Tahir TAĞIYEV