Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə müraciət edib.
Müraciətdə Mehriban xanım bir sıra məsələlərə toxunub. Qeyd edib ki, Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr, milyonlarla azərbaycanlı kimi, onu da dərindən hiddətləndirib:“Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar. Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib”.
Müraciətdə, həmçinin, insan haqlarının müdafiəsi ilə məşğul olan bəzi təşkilatlara çağırış yer alıb:“Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə, biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər”.
Göründüyü kimi, Mehriban xanım çox haqlı olaraq insan hüquqlarının müdafiəsi ilə məşğul olan sözügedən təşkilatlardan baş verənlərə münasibət bildirmələrini istəyib.
Maraqlıdır, bu təşkilatlar Mehriban xanımın müraciətinə lazımı reaksiya verməsə, alternativ olaraq nə kimi təsir vasitələrinə əl atmalıyıq?
“O zaman biz digər qurumlara müraciət etməliyik və...”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sözügedən müraciəti çox sanballı məzmuna malikdir:“Müraciətdə əksini tapan bütün məqamlar tutarlı əsaslara malikdir. Mehriban xanım hər zaman Azərbaycan xalqının, dövlətinin mənafeyini qoruyub. Ümumilikdə o, çox böyük işlər görüb. Bir sıra Qərb ölkələrində ermənilərin son günlər törətdiyi vandalizm aktlarına gəldikdə isə, bu çox aktual məsələdir. Həqiqətən də yaxşı olardı ki, insan hüquqları adından danışan “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatları bu yaşananlara münasibət bildirsin. Ancaq təəssüflər olsun ki, sözügedən təşkilatlar ermənilərin törətdiyi cinayətləri “ənənəvi” olaraq susqunluqla izləyirlər. Bu hər zaman belə olub. İstisna deyil ki, bu dəfə də həmin təşkilatlar riyakar mövqe sərgiləyəcək. O zaman biz digər qurumlara müraciət etməliyik və ənənəvi ermənipərəst mövqedən çıxış edən hüquq müdafiə təşkilatlarını ifşa etməliyik”.
Belə məlum oldu ki, biz bütün ədalətsizliklərə, ikili standartlara baxmayaraq, mübarizəni davam etdirməliyik.
Vidadi ORDAHALLI