Rusiyanın ORT kanalının “Vremya pokajet” verilişinin aparıcıları Anatoli Kuziçev və Artyom Şeynin Azərbaycan-Ermənistan sərhədində baş verənləri, Fud Siti olaylarını və ümumiyyətlə Qarabağın işğalını birtərəfli, yəni ermənipərəst mövqedən şərh edib.
Buna cavab olaraq, Azərbaycanın məşhur bəstəkarı Qara Qarayevin oğlu, Çaykovski adına Moskva Konservatoriyasının professoru, bəstəkar Fərəc Qarayev videomüraciət yayaraq tutarlı arqumentlərlə sözügedən verilişin aparıcılarının payını verib. Professor Fərəc Qarayev müraciət etdiyi videoda haqlı sual verir ki, Rusiyanın ərazisini, konkret olaraq Krımı və Krım ətrafındakı Rusiya ərazisinin 20 faizini Ukrayna işğal etsəydi, siz onlara haqq qazandırardınızmı?
İkincisi, belə bir vəziyyətdə Belarusda Ukrayna ticarətçiləri Rusiya bazasına meyvə gətirsəydi və bir neçə gün əvvəl də Rusiya generalı Ukrayna tərəfindən öldürülsəydi, deyərdinizmi ki, yaxşı eləmisiniz, buralar sizə qurbandır?
Çox yerində və sanballı cavabdır. O da məlumdur ki, Rusiyada çoxsaylı Azərbaycan əsilli ziyalılar fəaliyyət göstərir. Olmazmı ki, onlar da ümumiyyətlə Qarabağ məsələsində bənzər fəallıq göstərsinlər, belə situasiyalarda çevik və adekvat cavab versinlər? Niyə bu o qədər də özünü göstərmir?
“Azərbaycan əsilli ziyalılar belə hallarda ciddi mövqe ortaya qoysunlar, nədənsə çəkinməsinlər”
Məsələyə münasibət bildirən tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı bunun səbəbini onların Rusiya hakimiyyətindən çəkinmələri ilə əlaqələndirdi: “Rusiyada vətənpərvər, orada olmasından asılı olmayaraq Azərbaycanı sevən soydaşlarımız az deyil. Yeri gələndə, imkan daxilində mövqe ortaya qoyurlar. Rusiya azərbaycanlıları içərisində Azərbaycan təəssübünü çəkən ziyalılar var. Ancaq onlar, digər ölkələrdən fərqli olaraq, Rusiyada daha çətin şəraitdə yaşayırlar. Məsələ ondadır ki, Rusiya Ermənistanın müttəfiqidir və Qarabağın işğal altına düşməsində başlıca rol oynayıb. Onlar Qarabağ məsələsində Rusiyanın siyasətini bildikləri üçün açıq mövqe ortaya qoymaqda çətinlik çəkirlər. Nəzərə almaq lazımdır ki, Rusiya Qərbi Avropa dövlətləri kimi demokratik ölkə deyil. Deməyim odur ki, bu məsələdə hər kəsin açıq mövqe ortaya qoymaq imkanı yoxdur. Baxmayaraq ki, onların ürəkləri var, amma hamı Fərəc Qarayev kimi mövqe ortaya qoya bilmir. O üzdən, məsələnin bu tərəfini də nəzərə almaq lazımdır. Lakin bütün çətinliklərə rəğmən, yaxşı olardı ki, Azərbaycan əsilli ziyalılar belə hallarda ciddi mövqe ortaya qoysunlar, nədənsə çəkinməsinlər”.
Görünən odur ki, Rusiya elitasında təmsil olunan Azərbaycan əsilli ziyalıların fəal olmasına ciddi ehtiyac var.
Vidadi ORDAHALLI