Bu gün bütün dünyada müzakirə olunan ən aktual və bir neçə qlobal məsələdən biri də ekoloji durum və ətraf mühitin mühafizəsidir. Dünya əhalisinin yüksək artım tempi, ətraf mühitin çirkləndirilməsi və suyun qeyri-səmərəli istifadəsi nəticəsində mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir.
Ümumi su balansı sabit saxlanıldığı halda son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər hər 8 saniyədə 1 uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80% xəstəliklər və ölüm hadisələri məhz içməli su ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80%-i keyfiyyətsiz sudan istifadə edir.
İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur. Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə suda sanitar və epidemioloji məsələlərlə bağlı fikir bildirib.
Prezident qeyd edib ki, uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmayıb. O cümlədən, Prezident Administrasiyasından da olmayıb. Mən Dövlət Nəzarəti şöbəsinə göstəriş verəndən sonra onlar işə başladılar, geniş arayış hazırladılar: “Gərək işi elə qurasan ki, fermerlər, vətəndaşlar razı olsunlar. Su qıtlığı ola bilər, təbii səbəblər var. Keçən il, bu il görülmədiyi səviyyədə quraqlıq var indi. Ancaq düzgün işlər görülsəydi, vaxtlı-vaxtında bu məsələlər üzə çıxsaydı, daha az itkilərlə bu vəziyyətdən çıxardıq”.
Maraqlıdır, Prezident Administrasiyasının əlaqədar qurumları məlum məsələ ilə indiyədək niyə məşğul olmayıb?
“Su probleminin belə ifrat həddə çatmasında təbii ki, bu sahəyə cavabdeh olan bəzi yerli və mərkəzi icra hakimiyyəti qurumlarının, məsul şəxslərin də məsuliyyət payı az deyil”
Millət vəkili Eldəniz Səlimov bildirdi ki, ölkəmizdə ciddi su qıtlığı, su problemi yaşanır. Xüsusilə də, son iki ildə havaların isti, quraqlıq keçməsi, əsas su mənbələrimizdən olan Kür çayında suyun azalması bu problemi daha da ciddiləşdirib. Onsuz da tarixən Azərbaycanın su ehtiyatları, su mənbələri çox, geniş olmayıb, tarixin bütün mərhələlərində bu yöndə problemlər mövcud olub: “Su problemin belə ifrat həddə çatmasında təbii ki, bu sahəyə cavabdeh olan bəzi yerli və mərkəzi icra hakimiyyəti qurumların, məsul şəxslərin də məsuliyyət payı az deyil: “Laqeydlik, səhlənkarlıq göstərilməsəydi, suyun paylanmasında ədalətsizliklər olmasaydı, həmçinin, su məsələlərinin həlli ilə bağlı büdcədən ayrılan vəsitlər vaxtında düzgün bölüşdürülsəydi və düzgün məcraya yönəldilsəydi, vəziyyət bu həddə gəlib çatmazdı. Görünür ki, bəzi qurumlar və şəxslər hələ də öz məsuliyyətlərini sonacan anlamırlar və ya anlasalar da, üzərlərinə düşən vəzifənin öhdəsindən gəlməkdə maraqlı deyillər. Odur ki, bu cür hallara tamamilə və təcili şəkildə son qoyulmalıdır”.
Qeyd edək ki, Prezident müşavirədəki çıxışı və millət vəkilinin dediyindən belə aydın olur ki, yaranmış vəziyyətdən aidiyyatı qurumlar və şəxslər ciddi dərs, nəticə çıxarmalıdır və su problemi minimuma endirilməlidir…
Günel CƏLİLOVA