Məlum olduğu kimi, ermənilər Belçika, Paris, Brüssel və Moldovada yaşayan azərbaycanlılara qarşı hücumlar edərək vəhşiliklər törədirlər. Nəticədə bir neçə azərbaycanlı ilə yanaşı, bizim xaricdə akreditasiya olunan xanım jurnalistimizə də ağır xəsarət yetiriblər. Tarixdən məlumdur ki, ermənilər ASALA və digər terror qruplaşmaları ilə türk diplomatlarına, digər ölkələrin vətəndaşlarına həmişə bu kimi hücumlar edib, terrorlar törədiblər. Bu gün də Ermənistan dövləti, eyni zamanda onun xaricdə dəstəklədiyi ASALA terror təşkilatı tərəfindən vətəndaşlarımıza qarşı hücumlar edilir.
Bir neçə gün əvvəl isə analoji hücuma ABŞ-dakı soydaşlarımız məruz qaldı. Ermənilərin bu vəhşilikləri bütün dünyada yaşayan soydaşlarımızı bərk hiddətləndirib. Təəssüflə qeyd etməliyik ki, biz ermənilərə verilən cavablarda xarici ölkələrdə oturub, öz üzərinə söyüş mühacirləri adını götürmüş və daima ölkəmizin atributlarını təhqir edən şəxslərin “imzasına” rast gəlmirik. Bu milli təəssübsüzlüyün başlıca səbəbi nə ilə bağlıdır?
İctimai Siyasi Proseslər - Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir neçə gündür acınacaqlı mənzərə seyr edirik: “Xüsusilə də Avropanın demokratiyanın beşiyi sayılan ölkələrində baş verən bu vəhşiliklər bütün vətəndaşlarımızı məyus edib. Bir sıra ölkələrdəki cavanlarımız ermənilərin hərəkətinə analoji cavablar veriblər. Vəziyyətin “isti başla” hərəkət edilərək bu hal aldığını anlayıram. Amma biz bu cür hərəkətləri durdurmalıyıq. Bundan bir sıra ölkələr özümüzə qarşı istifadə edə bilər. Zatən açıq görünür ki, ermənilərin niyyəti bundan ibarət olub ki, bizi provokasiyaya çəksinlər. Biz daha sistemli və düşünülmüş plan üzrə hərəkət etməliyik. Həmin ölkələrdə olan diaspor təşkilatlarımız və səfirliklərimiz təzyiqə məruz qalan soydaşlarımızın bundan sonrakı təhlükəsizliyini təmin etməlidir. Eyni zamanda, həmin adamlar üçün yaxşı vəkillər tutulmalıdır. Hadisələrin baş verdiyi ölkələrin mətbutaına bu barədə faktlar təqdim olunmalıdır ki, qoy onların cəmiyyətləri necə vəhşi millətlə birgə yaşadığının fərqinə varsın. Prosesi Avropa İnsan Haqları Məhkəməsinə kimi aparıb çıxarmalıyıq. Heç cür provokasiyaya uymaq olmaz”.
İSBAM rəhbərinin sözlərinə görə, xaricdəki söyüşçül müxalifətin və telefon jurnalistikası ilə məşğul olan mühacirlərin bu məsələyə reaksiya verməməsi o qədər də təəccüblü deyil: “Onların indiyə qədərki fəaliyyət tezislərini, səsləndirdikləri bəyanatları analiz edin. Bilirsiniz nəyi görəcəksiniz? Ermənilərlə tam sinxronluq. Buna görə də cavab vermirlər. Necə olur ki, həmin adamlar Azərbaycanın bir uğuru olan kimi gedib məhz həmin ölkələrdə aksiyalar keçirib etiraz səslərini ucaldırdılar, indi niyə yoxdurlar? Bu cür hadisələr kimin hansı niyyətlə fəaliyyət göstərdiyinə tam işıq salmış olur. Yeri gəlsə, onların köməyinə heç ehtiyacımız da yoxdur. Son hadisələr göstərdi ki, artıq diasporumuz vahid mövqedən çıxış etməyi bacarır. Əminəm ki, dövləti sevən adamların resursları ilə biz erməniləri tam məğlub edəcəyik”.
Biz bu hücumlardan çəkinməyərək öz haqlı mübarizəmizi və etirazımızı davam etdirməliyik. İşğalçılara qarşı etirazımızı və öz sözümüzü deməliyik. Ordumuzun 12 iyulda ermənilərə verdiyi dərsi biz Avropa və başqa ölkələrdə sivil mübarizə ilə təkrarlayacağıq.
Məhəmmədəli QƏRİBLİ