Azərbaycan və Ermənistan arasında savaş bu gün tək cəbhədə yox, diplomatiya, diaspor kimi istiqamətlərdə də şiddətlənir. Məlum Tovuz hadisələrindən sonra dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın keçirdiyi aksiyalar fonunda bu məsələ özünü qabarıq şəkildə büruzə verdi. Bunlar xalqımızın dünya miqyasında ermənilərlə mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda, bütün bu hadisələr digər bir amil olan erməni vəhşiliyini və terrorizmini də dünyaya göstərdi. Söhbət ABŞ-da, Avropada, Rusiyada aksiya keçirən soydaşlarımıza ermənilərin hücumundan gedir.
Məlumdur ki, iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki konsulluğunun önünə toplaşan 3 minə yaxın erməni 30 azərbaycanlıya hücum edib. Nəticədə biri qadın olmaqla 7 azərbaycanlı, o cümlədən, şəhər polis departamentinin əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Analoji hal digər ölkə və şəhərlərdə də baş verir. Ermənilər dinc azərbaycanlıların aksiyalarına hücum edir, onlara fiziki xəsarətlər yetirirlər. Bu vandalizm aktları bir əsrdən çoxdur davam edən erməni terrorunun növbəti dalğası və erməni vəhşiliyinin qlobal miqyasda təsdiqi sayılır. İstisna deyil ki, ermənilər bu barbar hücumlarını qarşıdakı dövrdə də davam etdirəcək. Hətta burada terror qruplaşmalarından istifadə belə istisna deyil. Artıq bu xüsusda xarici işlər nazirinin müavini Xələf Xələfov müəyyən xəbərdarlıq da edib: “Ermənilərin maskası tam yırtılıb. Ermənistanın xarici siyasəti iflasa uğrayıb və ehtimal olunur ki, yenə gərginliyi artırmağa çalışacaqlar. İstisna olunmur ki, ermənilər “Daşnaksütyun”, ASALA kimi terror təşkilatlarını da xaricdə zorakılıqlara yönəldəcəklər. Ona görə də dost ölkələrimizə çağırışlarımız odur ki, diqqətlərini artırsınlar. Bizim soydaşlarımız da ehtiyatlı olmalıdır. Bunun üçün təlimatlar vermişik. Dövlət, təhlükəsizlik orqanları, diplomatik missiyalar, sadə vətəndaşlar, hamımız ayıq olmalıyıq. 1990-cı illərdə torpaqlarımız işğal edilən zaman Yevlaxda və digər bölgələrdə törədilən terror aktları uzaq tarix deyil”.
Yeri gəlmişkən qeyd edək ki, Niderlandda Azərbaycan səfirliyinin binası önünə toplaşan ermənilərin ASALA-nın adının yazıldığı köynəklər geyinməsi erməni terrorunun yenidən baş qaldırmasına dair nazir müavininin dediklərinin heç də əsassız olmadığını təsdiq edir. Dinc azərbaycanlıların aksiyalarına edilən hücumlar sərbəst toplaşmaq və söz azadlığına, eləcə də insan hüquq və azadlıqlarına qarşı vandalizm aktıdır. Bu bir daha onu deməyə əsas verir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, erməni xalqı türklərə və azərbaycanlılara patoloji nifrət bəsləyir. Elə Los-Anceles polisinın Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara ermənilərin hücum edərək xəsarət yetirməsi barədə yaydığı məlumat da bunu təsdiq edir. Məlumatda baş verənlərlə bağlı olduqca maraqlı məqamlar yer alıb. Bildirilir ki, ermənilərin soydaşlarımıza hücumu məhz etnik zəmində baş verib.
Qeyd edək ki, hadisədən dərhal sonra baş konsul Los-Anceles Polis İdarəsinin rəisi Maykl Mur ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. O, Los-Anceles polisinin icmamızın keçirəcəyi bu əks-nümayişdən xəbərdar öncədən olduğunu və baş konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına dair zəmanət verdiyini deyib. Maykl Mur isə baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib. Hazırda bir nəfər erməni saxlanıb və digərlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üzrə istintaq prosesi davam edir. Hadisənin isə məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini tapıb. Bundan əlavə, polis bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib. Hesab edilir ki, beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır.
Xatırladaq ki, Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son 10 gün ərzində 25 ölkədə 56 aksiya keçirilib. Aksiyalar zamanı Belçikada 10 nəfərədək, ABŞ, Los-Ancelesdə isə 30-a yaxın soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliklərin binalarına ziyan vurulub. Bütün bunlara rəğmən, erməni hücum və vəhşiliklərinə qarşı aksiyaların bundan sonra da davam etməsi gözlənilir. Bu halda, qeyd olunduğu kimi, artıq beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır. Eyni zamanda, xaricdəki soydaşlarımız daha sıx şəkildə həmrəy olmalıdırlar. Indilikdə isə ermənilər beynəlxalq ictimai rəyi çaşdırmaq üçün təxribatlarını davam etdiririr və indi də bunun üzərində müxtəlif ssenarilər qurub reallaşdırmağa çalışırlar. Məhz bu təxribata daha effektiv cavab verilməlidir.
Samirə SƏFƏROVA