Dünya miqyasında müasir döyüşlərin təhlili pilotsuz uçuş aparatlarından (PUA) istifadənin gedərək ön plana çıxdığını göstərir. Bu təcrübədən yararlanan əsas ölkələrdən biri də Azərbaycandır. Elə Ermənistanın sərhəd təxribatı zamanı da Azərbaycan pilotsuz uçuş aparatlarından düşmənə zərbə endirilməsində məharətlə istifadə etdi.
Ermənilər Azərbaycanın bu texnika ilə hücumlarının qarşısında aciz olduqlarını etiraf edirlər. Elə bunun ardınca iyulun 23-də Ermənistan-Rusiya Birgə Hava Hücumundan Müdafiə sisteminin plan üzrə təlimlərinin başlanması da diqqətdən yayınmır. Təlimlərdə məqsəd kəşfiyyat və zərbə təyinatlı PUA-lara qarşı döyüş metodlarının öyrənilməsidir. Ekspertlər hesab edir ki, Ermənistan Azərbaycan PUA-ları vasitəsilə aldığı zərbələrdən qorunmaq üçün təcili belə təlimə ehtiyac duyub və həm də bununla ölkə daxilində artan narazılığı sakitləşdirmək üçün zərbə dronlarına qarşı addımlar atdığına dair erməni cəmiyyətinə mesajlar verir. Amma bunların, əslində, ermənilər üçün hansısa ciddi əhəmiyyəti də yoxdur. İlk növbədə o baxımdan ki, Azərbaycan dronları ən müasir tələblərə cavab verir və onları zərərsizləşdirmək üçün Ermənistan müvafiq texnikaya sahib deyil. Digər tərəfdən, Azərbaycan Ermənistanın bir neçə dronunu vurub və bunun görüntülərini də təqdim edib. Elə iki gün əvvəl ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı vurulub. Onun da görüntüləri Azərbaycan tərəfindən yayıldı. Ermənistan da bu iddilarda bulunur, hətta Azərbaycan tərəfinə məxsus olduğu iddia edilən dronların qırıntılarını nümayiş etdirir. Ermənistan bunu da iddia edir ki, Azərbaycan tərəfinin çoxfunksiyalı “Hermes 900” dronu da vurulub. Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatı təkzib edir. Bu dronlar İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal olunur. Bu arada elə İsrailin “Defense Update” hərbi jurnalında Tamir Eşel yazır ki, Ermənistan tərəfinin “Hermes 900” dronunu vurması Ermənistanın rəsmi dairələrinin paylaşdığı videolarda inandırıcı görünmür. O, diqqəti belə bir məqama yönəldir ki, erməni rəsmi dairələrinin yaydığı və mobil telefonla həvəskar çəkilişə bənzəyən videoda uçan hədəf optik baxımdan görünür və hətta fokusla yaxınlaşdırılır: “Sözügedən uçan obyekt V şəkilli quyruğu olan “Hermes”i yox, adi təyyarəni xatırladır. Bu an arxa plandan raket buraxılışına bənzəyən səs gəlir. Bundan sonra uzaqda partlayış parıltısı görünür. Dronun vurulması bu cür görüntülənə bilməz. Üstəlik, videoda vurulduğu iddia edilən obyekt “Hermes 900” dronuna qətiyyən bənzəmir. “Hermes 900” tipli strateji PUA-lar kəşfiyyat uçuşlarını bir qayda olaraq on cəbhə xəttindən mümkün qədər uzaqda, hava hücumundan müdafiə raketlərinin vuruş məsafəsi xaricində yerinə yetirir. Doğrudur, Ermənistanın S-300 kimi yer-göy tipli raketləri var. Lakin belə raketlər hədəfi atıldığı yerdən uzaq məsafədə vurur ki, bu zaman belə bir vizual videoçəkiliş etmək mümkün olmamalıydı. Daha yaxınvuran raketlərlə, məsələn Ermənistanın yeni TorM2MK raketi ilə vuruş vizual ola bilərdi, amma “Hermes 900”ün Tor raketlərinin vuruş dairəsinə girməsi ağlabat deyil. Erməni tərəfinin yaydığı videodakı partlayış da problemlidir. “Hermes 900” 4500 metr yüksəlikdə uçur və vurulduğu təqdirdə onun od içində yerə tökülən parçaları aydın görünməli idi. Bu mənada “Hermes 900” dronunun vurulmadığına dair Azərbaycan tərəfinin təkzibi ilə razılaşmaq lazım gəlir. Bəs, görəsən Ermənistan tərəfi niyə belə bir iddia irəli sürüb? Ermənistanın belə bir dronu vurmasını iddia etməsi Rusiya ekspertlərinin İrəvana gəlməsi və “əvvəlcədən planlaşdırılmış hava hücumundan müdafiə manevrlərinə” başlaması ilə bağlı ola bilər. Son aylarda Rusiyanın SA-22 Pantsir S səyyar müdafiə sistemlərinin Liviyada Türkiyə dronlarından rüsvayçı zərbə almasından sonra Moskvanın “qalibiyyət tablosuna” ehtiyacı var”. İsrailin “Jerusalem Post” qəzeti də məsələyə eyni prizmadan yanaşır və erməni tərəfini yalan görüntülər yaymaqda ittiham edir:“Son zamanlar Azərbaycan və Ermənistan arasında baş verən toqquşmalarda dronlar böyük rol oynayıb. Onlardan erməni mövqelərini hədəf almaq üçün istifadə olunur. Azərbaycan PUA-lardan əməliyyatlarını sənədləşdirmək üçün istifadə edir, dronlardan bağlantılar vasitəsilə erməni mövqelərinə hücum videoları qeydə alınır. Bu, Bakının dronları öz silahlı qüvvələrinə dərin inteqrasiya etdiyini göstərir. Ermənistanda məhv edilmiş Azərbaycan dronlarının nümayişi isə daha çox şouya bənzəyir. Ermənistanın görüntüsündə problem var. Bəzi dronların hələ əvvəllər, 2012 və 2016-cı illərdə sərgiləndiyi aydınlaşır.
Dron görüntülərindən hər iki tərəf istifadə edib, lakin Azərbaycanın pilotsuz təyyarələri Ermənistanın görüntülərindən daha aydındır. Ermənistan yerli istehsal olan dronlardan istifadə edir və Azərbaycanla eyni texnologiyaya malik deyil. Dronları vurmaq üçün müxtəlif sistemlər mövcud olsa da, Ermənistanın bu sistemlərə sahib olub-olmadığı bəlli deyil. PUA-ların vurulduğuna dair bəzi iddialar, daha dərindən yoxlanıldıqda, mif kimi səslənir. İsrail hakimiyyəti Azərbaycanın İsrail dronlarından istifadəsi və şirkətlərlə bağlı şərh verməyib. Bakının dronlardan necə istifadə etdiyini və Ermənistanın onları vurmasını qiymətləndirmək çətindir. Lakin görüntülər göstərir ki, Azərbaycan artilleriya atəşi zamanı onlardan səmərəli istifadə edib, həmçinin Ermənistana qarşı aparılan informasiya müharibəsi çərçivəsində Azərbaycanın imkanlarını nümayiş etdirən videoçarx bunu isbatlayır”.
Tahir TAĞIYEV