Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonunun (KİVDF) təşkilatçılığı ilə 22 iyul 2020-ci il tarixində Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.
Video-konfransa müxtəlif dövlət qurumlarını təmsil edən rəsmi şəxslər, KİV rəhbərləri və digər iştirakçılar qoşulub.
Video-konfransda müzakirə edilən məsələrə bir neçə aparıcı KİV-lərin baş redaktorunun reaksiyasını öyrəndik.
Vüqar Rəhimzadə: “Belə konfransların təşkil edilməsi bizə böyük dəstəkdir, yeni təkliflərin ortaya çıxmasına şərait yaradır”
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, KİVDF-nin yüksək səviyyədə təşkil etdiyi video-konfrans çox zəngin və geniş əhatəli olub. “Konfransda kifayət qədər medianın inkişafına töhfələr verən təkliflər səsləndirildi. Bu sahədə kadr potensialının daha da zənginləşdirilməsi, peşəkarlığın artırılması və sair məsələlərlə bağlı çox faydalı müzakirələr oldu. Mən bu video-konfransı yüksək qiymətləndirirəm və hesab edirəm ki, belə konfransların təşkil edilməsi bizə böyük dəstəkdir, yeni təkliflərin ortaya çıxmasına şərait yaradır”.
V.Rəhimzadənin fikrincə, video-konfransda aidiyyatı dövlət qurumlarının, Prezident Adminstrasiyasının və KİV təmsilçilərinin iştirakı gələcəkdə mətbuatın inkişafına böyük fayda verəcək.
Bəhruz Quliyev: “Bu video-konfransda medianın yeni trendləri müəyyən olundu”
“Səs” qəzeti və eyni adlı agentliyin rəhbəri Bəhruz Quliyev isə qeyd etdi ki, ölkəmizdə həyata keçirilən islahatlar mətbuatdan da yan keçməyib. “Azərbaycan mıtbuatının yaranmasının 145 illiyinə həsr olunan video-konfransda çox aktual məsələlərdən, mətbuatın problemləri və qarşısında duran vəzifələrdən söhbət açıldı. Eyni zamanda Azərbaycan mətbuatının indiki əsas vəzifəsinin nədən ibarət olmalı olduğu müzakirə edildi. Bilirsiz ki, son proseslər zamanı Ermənistan tərəfindən mətbuatda və sosial şəbəkələrdə dezinformasiyalar yayıldı. Bunun da qarşısı alındı, erməni yalanları tez bir zamanda ifşa olundu.
Bu video-konfransda medianın yeni trendləri müəyyən olundu. Jurnalistlərin ixtisaslaşması məsələsi də burada müzakirə edildi. Dəfələrlə qeyd etmişik ki, bizdə müxtəlif sahələr üzrə jurnalistikanın səviyyəsi qənaətbəxş deyil. Burada qaldırılan problemlər, səsləndirilən yeni ideyalar bilavasitə mətbuatın sağlamlaşmasına, inkişafına, problemlərinin aradan qaldırlmasına xidmət edir”.
Şakir Ağayev: “Xarici dilli media orqanlarının inkişaf etdirilməsi və bu sahədə Azərbaycanı beynəlxalq aləmdə təmsil edən jurnalistlərin hazırlanması məsələsi xüsusi qeyd edildi”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Pandemiya şəraitində belə bir yüksək səviyyəli video-konfransın keçiriməsini təqdir edirəm. Bütün sahələrdə olduğu kimi medianın da öz inkişaf perspektivləri, strategiyası, problemləri daim müzakirə mövzusu olmaldır. Bu müzakirələrdə yeni şəraitə uyğun olaraq qərarlar qəbul edilməli və təkliflər verilməli, təkliflərin həyata keçirilməsi yolları axtarılıb tapılmalıdır. Video-konfransda mətbuatın ümumi durumu müzakirə edildi. Burada vacib olan bir neçə məsələ qaldırıldı. Xarici dilli media orqanlarının inkişaf etdirilməsi və bu sahədə Azərbaycanı beynəlxalq aləmdə təmsil edən jurnalistlərin hazırlanması məsələsi xüsusi qeyd edildi. Bu mənim diqqətimi daha çox çəkdi”-deyə Ş.Ağayev vurğuladı.
Ş.Ağayev həmçinin qeyd etdi ki, KİV-lərin müasir texnologiyalardan geniş istifadə edilməsinin vacibliyinin, eləcə də KİV haqqında qanuna yenidən baxılması məsələsinin müzakirəyə çıxarılması da təqdirəlayiqdir.
İradə SARIYEVA