Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilən Anar Kərimov artıq nazirin səlahiyyətlərini icra etməyə başlayıb.
A.Kərimovun təyinatından sonra sosial şəbəkələrdə, vatsap qruplarında A.Kərimovun toyda, yaxud hansısa şənlikdə şıdırğı rəqs etdiyini əks etdirən video yayılıb. Bir çox sosial şəbəkə istifadəçiləri videonun altına müxtəlif rəylər yazırlar, qeyd edirlər ki, belə rəqs edən bir adamdan nazir ola bilməz, o illərdir mədəniyyət sektorunda üst-üstə qalaqlanan problemləri həll etmək gücündə deyil. Hələ iki-üç gündür nazir səlahiyyətlərini icra edən A.Kərimovla bağlı indidəndən belə kampaniya aparılır. Əslində isə onun fəaliyyətini bu şəkildə bəribaşdan qaralamaq A.Kərimovun necə nazir olacağını göstərə bilməz. Onun necə nazir olacağını mədəniyyət sahəsindəki problemlərin həlli göstərə bilər.
“Onu bu şəkildə qaralamaq istəyənlər isə Azərbaycan dövlətinin həyata keçirdiyi kadr islahatlarına kölgə salmaq istəyən qüvvələrdir”
İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, A.Kərimovu rəqs etdiyinə görə qınayanlar islahatlara kölgə salmaq niyyətində olanlardır: “Bildiyimiz kimi Anar Kərimov yeni təyinatına qədər uzun müddət Azərbaycanın UNESKO-dakı daimi nümayəndəliyinin rəhbəri olub. Mehriban Əliyevanın UNESCO-da Azərbaycan dövlətinin siyasətinin təbliğində çox böyük rolu var. Bizim bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrimiz UNUECO-ya daxil olaraq ümumbəşəri sərvət kimi qorunu və onlar Azərbaycanın milli pasporu kimi təbliğ olunur. Bu işlərdə də Anar Kərimov kimi istedadlı, mədəniyyəti, incəsənəti, müasir art və kultroloji prosesləri dərindən təhlil etmək bacarığına malik olan bir şəxsin dövlətə, Prezidentə, Birinci vitse-prezidentə kömək etməsi göz qabağında idi. Məhz Prezidentin göstərişi, Mehriban xanımın rəhbərliyi və Anar Kərimovun səyləri nəticəsində UNESCO ilə Azərbaycan arasında çox böyük əlaqələr quruldu, Azərbaycanda UNESCO-nun bir sıra beynəlxalq tədbirləri, dinlərarası, dövlətlərarası forumları keçirildi. Bu baxımdan, Anar Kərimovun mədəniyyət nazirinin səlahiyyətlərini yerinə yetirməsi üçün onun nazirin birinci müavini təyin edilməsi gözlənilən idi.
O, beynəlxalq UNESCO-da çox böyük məktəb keçib və sözsüz ki, bu da ona kömək edəcək.
Anar Kərimov mədəniyyət sahəsində çox peşəkardır. Onu bu şəkildə qaralamaq istəyənlər isə Azərbaycan dövlətinin həyata keçirdiyi kadr islahatlarına kölgə salmaq istəyən qüvvələrdir. Anar müəllimin hansısa bir şənlikdə rəqs etməsinin görüntülərini sosial şəbəkələrdə yayımlanması təbii haldır. Çünki bu çirkin kampaniyanı bizim mədəniyyətimizin inkişafını istəməyənlər aparır. Kim toyda, şənlikdə rəqs etmir ki. Hər birimiz rəqs edirik… Bəyəm Angela Merkel, Tramp rəqs etməyib? “Rəqs edən bir adamdan nazir ola bilməz” deyənləri sadəcə olaraq qınayıram. Əlbəttə, biz Anar Kərimovdan çox şey gözləyirik, inanırıq ki, böyük islahatlar həyata keçirəcək və mədəniyyətin mövcud problemlərini həll edəcək”.
İradə SARIYEVA