Minskdə Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında Paşinyan Azərbaycan Silahlı Qüvvələri ilə son döyüşlərdə Ermənistanın məğlub olduğunu açıq şəkildə etiraf etdi və sülh danışıqlarına alternativin olmadığını bəyan etdi. Paşinyanın qətiyyətsiz, sərsəm mövqeyi hamıya məlumdur.
Digər tərəfdən, onun bu mövqeyini sərgiləməyə vadar olduğu Ermənistanda hər gün gərginləşməkdə olan siyasi vəziyyət hökm sürür. Hazırda Ermənistan, hökumət əleyhinə mövcud siyasi qarşıdurmalarla yanaşı, 12-16 iyul tarixlərində Azərbaycana qarşı təxribatçı döyüşlərində övladlarını itirən vətəndaşlarının etiraz dalğası ilə qarşı-qarşıyadır.
Bu arada son hərbi əməliyyatlardan sonra Ermənistanın daha bir biabırçı durumu üzə çıxdı. Erməni mediası Nikol Paşinyanın döyüş zonasında məhv edilən, əlil olan hərbçilərin sığortası məqsədilə Hərbçilərin Sığortalanması Fonduna vəsait toplamaq üçün dilənçi kampaniya aparmaq çağırışı etdiyini yazdı. Sosial şəbəkədə yazdığı statusunda baş nazir vətəndaşlardan yalvara-yalvara Fonda ianələr etməyi xahiş edib. Hətta bildirib ki, bunu onlayn da edə bilərsiniz. Bir sıra erməni media saytlarında Ermənistan baş nazirinin xalqı köməyə səsləməsi ordunun maddi ehtiyatının tükənməsi kimi şərh olunur.
“Bütün bunlar isə son nəticədə ölkədə sosial gərginliyi artıracaq”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, Paşinyanın son kampaniyası Ermənistanda iqtisadi vəziyyətin acınacaqlı olmasından xəbər verir: “Məsələ ondadır ki, ümumilikdə, Ermənistan zəif sosial-iqtisadi imkanlara malikdir. Digər tərəfdən, bir neçə aydır pandemiyanın geniş vüsət alması, onsuz da ağır gündə olan ölkə iqtisadiyyatının vəziyyətini bir az da pisləşdirib. Orada vəziyyəti dramatikləşdirən odur ki, əhalinin say nisbətinə görə virusa yoluxanların sayı həddən artıq çoxdur. Ermənistan bütün mənalarda pandemiyaya hazır deyildi. Başqa bir tərəfdən, ölkənin ehtiyat resursları da yoxdur ki, çətin vəziyyətdən çıxa bilsinlər. Artıq əvvəlki kimi Ermənistan xaricdən pul dilənə bilmir. Çünki bu məqsədlə edilən yardımların böyük hissəsi korrupsiyanın yeminə çevrilir. Artıq xarici dairələr də bunun fərqində olduğu üçün Ermənistana yardım etməkdə maraqlı deyillər. Belə olan halda Paşinyanın tək əlacı qalır. O da ölkə daxilində ianə toplamaqdır. Ancaq nəzərə alsaq ki, Ermənistan əhalisinin maddi durumu yaxşı deyil, o zaman bu metod da effektli olmayacaq. Bütün bunlar son nəticədə ölkədə sosial gərginliyi artıracaq. Bu isə Paşinyana yaxşı perspektiv vəd etmir”.
Belə görünür ki, Ermənistanda bütün proseslər Paşinyanın əleyhinə işləyir.
Vidadi ORDAHALLI