Rusiya mediasında Ermənistana yönəlik sərt tənqidlər davam edir. Rusiyanın "Svobodnaya pressa” nəşri yazır ki, 1987-1995-ci illər ərzində Ermənistan faktiki olaraq monoetnik dövlətə çevrildi.
Qeyd olunur ki, bu təmizləmələr nəticəsində ölkə əhalisinin 98 faizi ermənilərdən ibarət olub. Cəmi bir faiz yezidilər, 0,4 faiz isə ruslardır. Yada salmaq kifayət edir ki, 1987-ci ildə əhalinin 93,9 faizi ermənilər idi. İkinci yerdə azərbaycanlılar idi. Burada azərbaycanlıların sayı 2,6 faiz idi. Kürdlər 1,7, ruslar 1,5 faiz idi. Tək iki il müddətdə iki yüz mindən artıq azərbaycanlı ölkədən qovulub. Müəllif yazır ki, rusların “qardaş” Ermənistanda sayının üç dəfə azalması çox mətləbdən xəbər verir. Burada ermənilərin ruslara münasibətinin necə olması qeyd olunur. Leninakanda baş verən zəlzələdən dörd il sonra, 1992-ci ildə beş rus desantçısı edam olunub. Özü də onlar Leninakanda zəlzələnin nəticələrinin aradan qaldırılmasında yaxından kömək göstəriblər . Müəllif yazır ki, bu addım onun həmin xalq haqqında fikirlərini dəyişib:“O zaman Ermənistan bütün dünyaya Rusiya hərbçilərinin cinayətkar əməlləri barədə məlumat verirdi. Guya həmin hərbçilər avtomobillə uşağı əziblər, sonra isə silah tətbiq ediblər”.
Müəllif sonda bu nəticəyə gəlir ki, 30 il bundan əvvəl olduğu kimi, indi də ermənilər növbəti dəfə Rusiyaya "atmağa” və onu satmağa çalışır:“Ölkə rəhbərliyi bununla həm də sadə erməniləri satmış olur. Məhz onlar erməni hökumətinin satqın hərəkətlərinin hesabını verməli olacaqlar. Erməni siyasi avantüristlərin hərəkətlərinin qurbanına çevriləcəklər. Lakin İrəvanda bunu anlamırlar. Rusiya isə artıq 1990-cı ilin yox, 2020-ci ilin Rusiyasıdır. Putin də Yeltsin deyil”.
Göründüyü kimi, artıq Rusiya mediası da ermənilərin iç üzünü açaraq ortaya qoyur. Məlum olur ki, Ermənistanın monoetnik dövlətə çevrilməsinin kökündə onların xəbis niyyətləri dayanır. Yəni ermənilər yalnız öz mənafeyini düşünür və bundan ötrü nəyə desən əl atarlar.
“Ölkənin monoetnik dövlətə çevrilməsi aparılan davamlı siyasətin nəticəsidir”
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, Ermənistanın monoetnik dövlətə çevrilməsi aparılan davamlı siyasətin nəticəsidir: “Əvvəla, indiki Ermənistan Qərbi Azərbaycan torpaqlarında yaradılıb. Sözügedən ərazilər Naxçıvan və İrəvan xanlıqlarının ərazisi idi. Bu, tarix kitablarında, müxtəlif sənədlərdə var. Həmçinin, bu onların abidələrində özünü göstərir. Bir sözlə, bununla bağlı yüzlərlə fakt var. Ermənilər həmin ərazilərə köçürüləndən sonra toponimləri saxtalaşdırdılar və s. 1918-ci ildə yoxdan Ararat respublikasını yaratdılar və onların Azərbaycana qarşı ərazi iddiaları daha da genişləndi. Sovetlər dönəmində, 1948-1953-cü illərdə azərbaycanlıların bir hissəsi ata-baba yurdlarından deportasiya edildi. Ancaq 1987-ci ildən Ermənistanın başlatdığı deportasiya siyasəti azərbaycanlı əhalinin yenidən oradan çıxarılmasına səbəb oldu. 250 min azərbaycanlını vəhşicəsinə Ermənistandan qovdular. O cümlədən, rusları, yezidiləri, həmçinin kürdləri sıxışdırmağa başladılar. Nəticədə digər xalqların da sayı kəskin azaldı və Ermənistan monoetnik respublikaya çevrildi. Yəni pisniyyət ermənilər özlərindən başqa heç kəsi sevmədikləri üçün Ermənistanda digər etnik qrup, demək olar qalmayıb. O cümlədən, rusların sayı kəskin azalıb. Bu azmış kimi, rus məktəblərini, bağçaları bağlatdırırlar. Nə yaxşı ki, artıq rus mətbuatı bütün bunları işıqlandırır. Ancaq hesab edirəm ki, Rusiya mətbuatında belə yazılar epizodik xarakterli olmamalıdır”.
Bütün bunlar bir daha ermənilərin xəbis niyyətini ortaya qoyur. Yəni onlar yalnız öz mənafeyini güdür.
Vidadi ORDAHALLI