Dövlət Departamentinin bəyanatında ABŞ Azərbaycan hakimiyyətini COVİD-19-a cavab olaraq atılan addımlardan vətəndaş cəmiyyətini, müxalifət və ya ictimai tənqidi susdurmaq üçün istifadə olunmamasını təmin etməyə çağırıb:“Azərbaycan hakimiyyəti müxalifət üzvləri və hökumətin digər tənqidçilərini təqib və həbs edərək psixiatriya xəstəxanasına yerləşdirib”.
Qeyd edilir ki, ABŞ COVİD-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiyanın və insan hüquqlarının qorunmasına sadiqdir. Dövlət Departamenti hesab edir ki, insan hüquqlarına, əsas azadlıqlara, demokratik institutlara və qanunun aliliyinə hörmət edən və onu müdafiə edən cəmiyyətlər böhranlara daha yaxşı və daha səmərəli reaksiya verir. Sənəddə o da qeyd olunur ki, COVİD-19-a qarşı mübarizədən siyasi opponentlərə qarşı repressiya üçün bəhanə kimi istifadə edilməməlidir.
Görünən odur ki, Azərbaycanda həyata keçirilən antipandemiya tədbirlərini yenə müəyyən qüvvələr qaralamaq, gözdən salmaq istəyir. Bununla bağlı əsası olmayan fikirlərin səsləndirilməsi deyilənlərə sübutdur.
Maraqlıdır, Azərbaycanın ünvanına səsləndirilən sözügedən ittihamlarla bağlı konkret faktlar varmı? Varsa, hardadır belə faktlar? Bu boyda yalan və qərəzli yanaşma olar?
“Bunu heç müxalifətçilər demir, o zaman ABŞ haradan uydurur?”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət ABŞ Dövlət Departamentinin belə bir bəyanatla çıxış etməsini təəssüflə qarşıladı:“Çünki COVİD-19-la mübarizə tədbirləri çərçivəsində Azərbaycan dövləti vətəndaşlar arasında heç bir ayrıseçkilik qoymadan hamının sağlamlığının keşiyində durub. Özü də bunu bizi tənqid edən Birləşmiş Ştatlardan qat-qat yaxşı bacara bilir və həyata keçirir. Bu bir. İkincisi də, müxalifətə qarşı COVİD-19 bəhanəsi ilə hansısa siyasi təqiblərin aparılması, onların həbs edilərək psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı fakt yoxdur. Bunu heç müxalifətçilər demir, o zaman ABŞ haradan bunu uydurur? Deməli, Dövlət Departamentinin bəyanatında səslənən tənqidlər boş və əsassız bir şeydir. Bu gün hamının bir dərdi var. O da COVİD-19-a qarşı mübarizədən qalib çıxmaqdır. Yəni mümkün qədər az itki ilə bu mərhələni başa vurmaqdır. Azərbaycanda hamı bunu düşünür. Üstəlik də cəbhə xəttində məlum gərginlik baş verəndə ölkədəki bütün partiyalar vahid mövqedən çıxış etdilər. Deməyim odur ki, Azərbaycanda hakimiyyətlə müxalifət arasında bir ortaqlıq yaranmışkən, narazılıqlar arxa plana keçmişkən və bütün insanlarımız yalnız və yalnız COVİD-19-a qarşı mübarizədə səfərbər olunmuşkən Dövlət Departamenti belə bir sərsəm açıqlama verir. Bu bir daha onu göstərir ki, ABŞ nə qədər qüdrətli dövlət olsa da, bir o qədər dayaz və bəzən dünyadan xəbərsiz bir dövlətdir”.
Bütün bunlar bir daha onu göstərir ki, ABŞ Azərbaycanda pandemiyaya qarşı görülən tədbirləri yanlış dəyərləndirir.
Vidadi ORDAHALLI