Məlum olduğu kimi, iyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribat fiaskoya uğradı. Azərbaycan ordusu güclü əks-zərbələr endirərək düşməni yerinə oturtdu.
Bundan nəticə çıxarmayan Ermənistan tərəfi indi də bizi nüvə silahı ilə hədələyir. Erməni mediası yazır ki, erməni diplomatiyasının əsas işi Ermənistanın nüvə silahına malik olmaq hüququnu tanıtmaq üçün səylərini artırmaq olmalıdır:“Mövzunun son dərəcə həssas olduğu aydındır və çoxları üçün Ermənistanın nüvə silahına sahib olması inanılmaz görünə bilər. Ancaq bunların hamısı beynəlxalq mühitdən və şəraitdən asılıdır. Dünya fərqli qüvvələr tarazlığını, məsuliyyət bölgələrini dəyişdirərək yeni təhlükəsizlik sistemlərinin qurulmasını nəzərdə tutan yeni bir dünya nizamının formalaşması mərhələsinə qədəm qoyur. Bu, inanılmazları etmək şansı verə bilər. Üstəlik, regional və beynəlxalq təhlükəsizlik üçün təhdid halına gələn Azərbaycan bunun üçün yaxşı bir səbəb verdi”.
Daha sonra iddia edilir ki, Azərbaycan təhdidinin arxasında Türkiyə dayandığı üçün Ermənistanın təhlükəsizlik sistemini daha adekvat vasitələrlə doldurmaq lazımdır. Bütün bu deyilənlərin fonunda, erməni tərəfinin sözügedən iddiaları nə dərəcədə əsaslıdır?
“Forpost bir ölkənin belə bir imkana nail olması əsla mümkün deyil”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, erməni tərəfinin iddialarının heç bir əsası yoxdur:“Əvvəla bu, beynəlxalq hüquqa ziddir. Çünki nüvə silahlarının yayılması qadağan olunub. Başqa bir tərəfdən, nüvə silahını əldə etmək iqtisadiyyata söykənən məsələdir. Bunu təkcə arzulamaqla başa gəlmir. Bu, iqtisadiyyata, reallığa söykənən məsələdir. Ermənistanın hazırkı vəziyyətdə və qarşıdan gələn 10 il ərzində hər hansı iqtisadi inkişafından söhbət gedə bilməz. Ermənistanın, ümumiyyətlə, atom silahı əldə etmək istəyi reallıqdan uzaqdır. Bunun bir neçə səbəbi var. Əsas səbəb onunla bağlıdır ki, nüvə silahının əldə edilməsi üçün külli miqdarda maliyyə lazımdır. İkincisi, bununla bağlı elmi baza lazımdır. Yəni kənardan, tutaq ki, nə qədər yardım edilsə də, fundamental elmi baza olmadığı halda nüvə silahına sahib olmaq mümkün deyil. Digər məsələ nüvə silahına malik olan ölkələrin siyasi mövqeyi və gücü ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Ermənistan dünyada siyasi mövqesiz ölkə olaraq tanınır. Bu ölkə Rusiyanın forpostu olduğu halda, Qərblə də müəyyən separat danışıqlar aparır. Başlıca məqamlardan biri də ondan ibarətdir ki, aparıcı nüvə dövlətləri dünyada nüvə silahlarının yayılmasında maraqlı deyil. O üzdən, Ermənistanın nüvə silahına malik olması reallıqdan uzaqdır”.
R. Məmmədli onu da qeyd etdi ki, erməni tərəfi nüvə silahına sahib olmaq istəyini Azərbaycanın “aqressiyası” ilə əlaqələndirmək istəyir:“Guya ki, Ermənistan nüvə silahına malik olarsa, bu “problem” öz həllini tapar. Bu, erməni xislətinin növbəti riyakarlığıdır. Bu, həm də ictimai rəyə hesablanıb. Guya Ermənistan ciddi ölkədir və öz təhlükəsizliyini daha etibarlı qorumaq istəyir. Bütün parametrlərə uyğun olaraq bu işi görə bilər. Əslində ermənilərin belə bir istəklə çıxış etməsi çox gülüncdür. Çünki forpost bir ölkənin belə bir imkana nail olması əsla mümkün deyil”.
Hərbi ekspertin fikrincə, Ermənistanın bəzi istəkləri heç vaxt həyata keçməz.
Vidadi ORDAHALLI