Məlum olduğu kimi, Azərbaycanla normal münasibətləri olan Serbiya dövləti Ermənistana böyük həcmdə silah satıb. Həmin silahların Gürcüstan vasitəsilə Ermənistana keçirildiyi və Tovuz ətrafında yaradılan təxribat zamanı bizə qarşı işlədildiyi bildirilir. Artıq fakt təsdiqini tam tapdığı üçün Azərbaycan Serbiyadan Ermənistana silah-sursat göndərilməsinə görə izahat istəyib.
Azərbaycanın Serbiyadakı səfirliyinin bu barədə yaydığı açıqlamada deyilir ki, bu ölkənin Prezident Administrasiyasına, Xarici İşlər Nazirliyinə rəsmi şəkildə müraciət olunub:“Məsələ ilə əlaqədar izahat verilməsi, aydınlıq gətirilməsi istənilib. Hazırda Serbiya rəhbərliyinin göstərişilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılır. Məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”.
Bundan öncə Serbiyanın Bakıdakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Onunla nazir müavini Xələf Xələfov görüşərək, Ermənistana silah göndərilməsi ilə bağlı Bakının narazılığını çatdırıb. Nazirlikdən bildirilib ki, Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana, minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib:“Nazir müavini Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu deyib. 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb”.
Serbiyanın rabitə naziri isə bəyan edib ki, araşdırma aparılıb və Ermənistana Serbiyanın özəl şirkəti tərəfindən silah satıldığı məlum olub. Nazir deyib ki, rəsmi dövlət orqanları tərəfindən Ermənistana silah satılmayıb.
Göründüyü kimi, Serbiya rəsmiləri bu məsuliyyətdən yayınmaq yolunu tutublar. Onların bu cəhdləri nə dərəcədə inandırıcı sayıla bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Serbiyanın bu addımı tam sübuta yetib:“Əslində bu məsələdə biz özümüzə yaxın bildiyimiz iki ölkədən xəyanət gördük. Onlardan biri Serbiya, digəri isə Gürcüstandır. Gürcüstan əvvəlcə bu məlumatı inkar etmək istədi və yayılan xəbərləri dezinformasiya adlandırdı. Sonra maraqlı vəziyyət yarandı. Serbiya qarşısına qoyulan dəlillər qarşısında faktı etiraf etmək məcburiyyətində qaldı. Belə olan təqdirdə Gürcüstanın yayınma cəhdi inandırıcı görünə bilməz. Çünki həmin marşrut Ermənistana yalnız Gürcüstandan keçə bilərdi. Ən sonda Serbiya rəsmiləri bunu hansısa şirkətin üzərinə atmaqla məsuliyyətdən yayınmaq istədi. Hətta bu, özəl bir şirkət vasitəsilə reallaşsa belə, dövlət məsuliyyətdən yayına bilməz. Faktiki olaraq Serbiyadan işğalçı dövlətə silah göndərilib. Serbiyanın müvafiq dövlət qurumlarının bundan xəbərsiz olmaları mümkün deyil. Çünki silah satışı belədir ki, hətta o formal olaraq hansısa şirkət vasitəsilə həyata keçirilsə də, dövlətin müvafiq qurumları bundan xəbərsiz qala bilməz. Dövlət bundan yayınmağa cəhd edirsə, bunun bir neçə səbəbi ola bilər. Birincisi, Azərbaycanla münasibəti korlamamaq istəyi, digəri isə silahın hansısa qacaqmalçılıq yolu ilə Ermənistana satılmasıdır. Çünki dövlətlərarası razılaşmada silah alveri ola bilir. Ermənistan Rusiyaya və digər ölkələrə niyə Azərbaycana silah satmaqları ilə bağlı etiraz edəndə sərt cavab almışdı. Demişdilər ki, açıq bazardı, istəyirsiniz gəlin siz də alın. Eyni açıqlamanı Serbiya da deyə bilərdi, amma yayınır. Deməli, burada nəsə qanuni deyil. Həmçinin Gürcüstan dövləti burada məsuliyyət daşıyır ki, beynəlxalq öhdəliklərə görə, ərazisindən başqa dövlətə silah daşınmasına imkan verə bilməz. Bu iradı Gürcüstanın öz müxailfəti də hakimiyyətlərinə bildirdi. Hesab edirəm ki, bu silah skandalı Serbiyaya ciddi problemlər yaşada bilər. Onların Avropa Birliyinə üzvlüyü müxtəlif amillər əsas tutularaq əngəllənir. Burada əslində Rusiya amili var. Bu fakt da Avropada Serbiyaya mane olmaq istəyənlərin əlinə ciddi bir əsas vermiş olur. Azərbaycan bir qədər də fəallıq göstərsə, Serbiya ciddi problemlə üzləşə bilər”.
Göründüyü kimi, bu məsələdə mənəvi ilə yanaşı, həm də hüquqi pozuntulara yol verilib. Serbiyanın bu məsələnin altından necə çıxacağı çox maraqlı görünür.
Məhəmmədəli QƏRİBLİ