Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılov milli mətbuatın 145 illik yubileyi münasibətilə müsahibə verib.
O, qarşıdakı dönəmdə Fondun görməyə hazırlaşdığı işlərdən danışıb: “...Qeyd etmək istəyirəm ki, qarşıdakı günlərdə jurnalistlər üçün əcnəbi ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək, bununla da qələm sahiblərinin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində daha bir addım atılmış olacaq. Eyni zamanda vurğulayım ki, sahəvi jurnalistikanın inkişafına nail olunması istiqamətində işlər həyata keçiriləcək. Hazırda bununla bağlı təhlillər aparılır və ümid edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət nəticəyə nail olacağıq. Daha bir məqamı qeyd edə bilərəm. 145 illik yubileyə həsr olunmuş, milli mətbuatın inkişaf yolundan bəhs edən sənədli film və videoçarx hazırlanıb. Rəsmi sosial şəbəkə hesablarımız və eyni zamanda televiziya kanallarında bu gündən etibarən videoçarxımız yayımlanmaqdadır. “Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı xüsusi yubiley jurnalının nəşr edilməsi də nəzərdə tutulan işlər sırasındadır. Bundan əlavə, qəzet redaktorları üçün dünyada çap mediası sahəsində tendensiyalar və idarəetmə mövzularında xarici mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması da fondun gündəliyində duran məsələlərdəndir. Qəzetlərin oxunaqlığının artırılmasında dizayn və rəng məsələləri də böyük önəm kəsb edir. Çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir və bu davam etdiriləcək. Sevindirici haldır ki, artıq bir sıra redaksiyalar fondun təklif etdiyi yeniliklərə qoşularaq qəzetlərini rəngli formatda çap etdirirlər. Bundan əlavə qeyd edim ki, dünya təcrübəsi nəzərə alınmaqla, “E-qəzet” formatının tətbiqi barədə də təhlillər aparılır və nəticələrə uyğun surətdə təkliflərimiz olacaqdır.
Vurğulamaq istədiyim daha bir məqam da ondan ibarətdir ki, hazırda onlayn media ilə fondun əməkdaşlıq imkanları təhlil edilməkdədir. Təhlilin nəticəsinə uyğun olaraq yaxın gələcəkdə maraqlı və səmərəli layihələrlə çıxış etməyi düşünürük”.
Qeyd edək ki, onlayn media ilə bağlı yeniliyin olması barədə təkliflər zaman-zaman səslənib. Xüsusilə də həmin resursların maliyyələşməsi məsələsi ətrafında daima fikir mübadilələri aparılıb. KİVDF-nin yeni rəhbərliyinin bu məsələni diqqətdə saxlamasına ekspertlərin münasibəti necədir?
Media məsələləri üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hər zaman onlayın media ilə bağlı problemləri diqqətə çatdırıb:“KİVDF-nin mövcudluğu dönəmində mən hər zaman onlayn mediaya daha böyük diqqətin ayrılmasının vacibliyini vurğulamışan. Bəlli olduğu kimi, Mətbuat Şurasında mən onlayn medianın təmsilçisi olaraq yer alıram. Orada onlayn mediaya 5 yer ayrılıb. Onlardan birində də mən təmsil olunuram. 15 il bundan əvvəl, hələ onlayn media indiki qədər populyar olmayanda irəliyə baxaraq təkliflər səsləndirirdik, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda onlayn mediaya daha çox yerin verilməsini tələb edirdik. Təəssüflər olsun ki, bizim bu çağrışımız vaxtında eşidilmirdi. KİVDF-nin yeni icraçı direktorunun bu məsələni gündəmə gətirməsi və xüsusi vurğulaması, artıq buzun yerindən tərpənməsindən xəbər verir. Görünür, yeni rəhbər çağdaş çağırışları kifayət qədər anlayır ki, bu məsələnin üzərinə gəlir. Hesab edirəm ki, bu məsələdə hamılıqla ona dəstək olmalıyıq. Biz həm də çalışmalıyıq ki, KİVDF qısa bir müddətdə ölkədəki aparıcı onlayn KİV rəhbərləri və Mətbuat Şurasında təmsil olunan onlayn sahənin təmsilçiləri arasında virtual bir toplantı keçirsin. Bu çağırışları orada müzakirə edib, ortaq bir nəticəyə gəlmək olar. Hesab edirəm ki, mümkün qədər tez qərar verib, onlayn medianın inkişafı üçün dövlət dəstəyi konsepsiyasını təqdim etməliyik. İlkin işartılar bizi çox ümidləndirir. Bu işartılar çox tez bir vaxtda gerçəkləşmiş olacaq. Bizim üzərimizə nə düşürsə hazırıq. Beynəlxalq təcrübənin öyrənilməsi, bəzi başqa texniki məsələlərlə bağlı tam dəstək verməyə hazırıq”.
Onlayn media ictimai rəyə təsir edən yeni trenddir. Bu sahəyə dövlətin qayğısı həm də həmin sahədəki bəzi neqativliklərin aradan qalxamasına xidmət edər.
Məhəmmədəli QƏRİBLİ