Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri “Dağlıq Qarabağa sülh və ədalət” adlı bəyanat yayıblar.
Baki-xeber.com xəbər verir ki, bəyanatda deyilir:
Biz Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyirik.
Azərbaycan güclü beynəlxalq qanuni dəstək alıb: BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Beynəlxalq ictimaiyyət ərazinin müharibə yolu ilə ələ keçirilməsini tanımadığını bir daha təsdiqləyib. Qanunsuz yolla gücün tətbiqi heç bir şəkildə əsaslandırıla bilməz. Biz Ermənistan və Azərbaycan sərhədi boyunca Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Qanunsuz fəaliyyətlər, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılma dayandırılmalıdır.
Bu gün təxribatlara, atəşkəs sazişinin pozulmasına baxmayaraq, Azərbaycan yenə də təmkin göstərərək, müvafiq qanuni kanallar vasitəsilə vəziyyəti düzəltməyə çalışır. Münaqişə qan tökülməsi və resurs itkisi bahasına başa gəlir.
İndi bütün mümkün diplomatik kanalları fəallaşdırmağın vaxtıdır. BMT və Avropa İttifaqı dərhal atəşkəsə çağırmalı və beynəlxalq səviyyədə mümkün olan hər bir vasitədən istifadə etməklə növbəti hərbi fəaliyyətin qarşısını almalıdır. Lakin uzunmüddətli münaqişənin nəhayət həlli üçün axtarış istiqamətində irəliləyiş zəruridir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas prinsiplərindən biri sülhməramlı yollarla sülh üçün çalışmaqdır. Beləliklə, biz beynəlxalq ictimaiyyəti əvvəlki qətnamələrin, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasını, tələb olunduğu kimi, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılmasını təmin etməyə və Ermənistan-Azərbaycan münaqişəsinin davamlı həllinə nail olmağa çağırırıq.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın vasitəçilik etdikləri danışıqlar prosesi münaqişənin həll olunması üçün heç bir real nəticə verməyib. Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələrək mandat əldə edən həmsədrlər davamlı sülhə nail olmaq istiqamətində məqsədyönlü danışıqlar aparılmasını təmin etmək üçün öz səylərini ikiqat artırmalıdırlar.
Bütün bəşəriyyətin ümumi düşmən olan COVID-19 ilə mübarizə apardığı belə bir zamanda insanlıq üçün məntiqə uyğun deyil ki, bütün enerjimizi və resurslarımızı bir-birimizi öldürmək və məhv etmək üçün istifadə edək. Gəlin məntiqlə və qanunun aliliyi prinsipini əsas tutaraq Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək.
Həqiqi sülh daha vacibdir və o, yalnız ədalət və inklüzivlik üzərində qurula bilər. Bu, Avropa İttıfaqının vəzifələrinə uyğundur və BMT-nin 75-ci ildönümündə müvafiq canlanma yaradacaqdır. Beləliklə, gəlin biz beynəlxalq ictimaiyyətlə bərabər çalışaraq keçmişin ədalətsiz miraslarını geridə qoyub qlobal çağırışlar üzərində duraraq daha yaxşı sabahlar üçün təməl qoyaq.