Prezident İlham Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı bildirdi ki, biz heç vaxt olmadığı qədər güclüyük:
“Mən bir məsələyə də toxunmaq istəyirəm. İstəyirəm ki, Azərbaycan xalqı bunu bilsin. İndi əlbəttə ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə heç vaxt olmadığı qədər, - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Bu dəstəyə görə mən öz qardaşıma dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz daim təmasdayıq. Mənə telefonla zəng edib, dəstək ifadə edib, şəhidlərimizin həlak olması ilə əlaqədar başsağlığı verib. Deyib ki, biz sona qədər bir yerdəyik”.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, Prezident biz heç vaxt olmadığı qədər güclüyük deyərkən nə demək istədi?
“Ölkəmizin güclü olmasını şərtləndirən digər faktor xalqımızdır”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, burada söhbət bir sıra parametrlər üzrə Azərbaycanın gücündən gedir:“Məsələ ondadır ki, Azərbaycan regionda ən güclü orduya malikdir. Ordumuz müasir silahlarla silahlanıb və yüksək təhsil görmüş zabit heyətinə malikdir. Azərbaycan ordusu ən güclü 50 ordu sırasında yer alıb. Hesab edirəm ki, bu çox önəmli faktordur. İkincisi, Azərbaycan iqtisadiyyatı çox güclü inkişaf edib. Artıq bütün dünya Azərbaycanın iqtisadi gücünü görür və qəbul edir. Azərbaycan regionda aparıcı dövlətdir. Həyata keçirilən bir sıra layihələrin reallaşmasında arbitr rolunu oynayır. Azərbaycanın güclü olmasını şərtləndirən digər faktor xalqımızdır. Yəni müasir dövrdə yüksək savada malik vətənpərvər xalqımız var. Tovuz döyüşləri zamanı xalqın göstərdiyi həmrəylik , dövlətə və orduya verdiyi dəstək bunu bir daha sübut etdi. Dövlət başçısı da bütün bunlardan çıxış edərək hesab edir ki, Azərbaycan indi heç vaxt olmadığı qədər güclüdür”.
Göründüyü kimi, bir sıra faktorlar Azərbaycanın güclü olmasını şərtləndirir.
Vidadi ORDAHALLI