“Eyni ssenari üzrə parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək. Faktiki olaraq, hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər”. Bunu Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi:“İnsanların coşqusu və ehtirasları çox müsbət istiqamətdə gedirdi. Çox nizamlı şəkildə hara gəldilər? Şəhidlər xiyabanına, ora da gəlməli idilər. Orada öz dəstəklərini ifadə etdilər. Ancaq bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var?”.
Prezident onu da qeyd edib ki, 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başladı və orada da başa çatdı:“O vaxt Azərbaycan hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki cəsarət, qətiyyət göstərmədi, iradə və ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə orada bir dəstə adam yığışan kimi, oraya basqın edən kimi hakimiyyət tamamilə dağıldı. Hərə bir tərəfə çəkildi, gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm sürürdü. Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə parlamentin binasını zəbt etmək, orada öz hakimiyyələrtini elan etmək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Amma mən dedim, onların fikri o illərə getməsin. İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi, xalqın dəstəyi var”.
Sözügedən məsələ ilə bağlı ölkə başçısının toxunduğu məqamlar maraqlıdır. Faktiki olaraq bu, uğursuz dövlət çevrilişi cəhdinə bənzəyir. Mövcud vəziyyətdən məlum qüvvələr fitnəkarcasına öz məqsədləri üçün istifadə edib dövlət çevrilişinə cəhd ediblər.
“Ölkə düşmənlə üz-üzə qaldığı bir məqamda belə bir xəyanətin baş verməsi bağışlanmazdır”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Ermənistanla müharibə şəraitində sözügedən fitnəkar qüvvələrin çevriliş cəhdi bağışlanmazdır:“Buna cəhd edənlər ən sərt cəzaya məhkum olmalıdırlar. Ona görə ki, Azərbaycan düşmənlə üz-üzə qaldığı bir məqamda belə bir xəyanətin baş verməsi bağışlanmazdır. Bu, birmənalı şəkildə xəyanət və dövlət çevrilişinə cəhddir. Bunun başqa adı yoxdur. Əhali dövlətlə, ordu ilə həmrəylik yürüşü keçirir, sözügedən qüvvələr isə parlamentə daxil olub dövlət əmlakına ziyan vurur. Çevriliş etməyə cəhd edirlər. O üzdən, düşünürəm ki, bu, birmənalı şəkildə dövlət çevrilişinə cəhddir. Onlar elə hesab edirdilər ki, hazırkı Azərbaycan 90-cı illərin əvvəllərindəki dövlətdir. Bunlar anlamırlar ki, dövlət əmin əllərdədir. Bütün bunlarla yanaşı hesab edirəm ki, onların bu əməlləri cəmiyyət tərəfindən lənətlənməlidir. Çünki bu hərəkətlər dövlətə qarşı qəsd cəhdidir və bunu bağışlamaq olmaz”.
Bütün bunlar həm də onu göstərir ki, biz hər zaman ayıq və dövlətin yanında olmalıyıq.
Vidadi ORDAHALLI