Məlum olduğu kimi Prezident İlham Əliyev iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib, geniş nitq söyləyib.
Ölkə başçısı çıxışında son günlər Azərbaycan gənclərinin kütləvi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə müraciət etdiyini önə çəkib: “... Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, mənim çıxışımdan sonra orduda xidmət etmək istəyirlər. Mən demişdim, orada şüşələri qıranlar getsinlər, yazılsınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci...”
Prezidentin bir müraciəti ilə orduya könüllü yazılanların sayının qısa müddət ərzində 150-dən 50 minə çatması o deməkdir ki, ölkə başçısının müraciətlərinin cəmiyyətə, xalqa müstəsna təsir gücü var.
“Prezidentin bu fikri də vətəndaşlarımıza böyük ruh verdi”
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin cəmiyyətdə, xalq arasında reytinqi, nüfuzu çox yüksəkdir. “Ölkənin bütün əhalisi Prezidenti həm həyata keçirdiyi islahatlara, həm ən müxtəlif sahələrdəki inkişafa, apardığı milli, mütərəqqi bəşəri siyasətə, o cümlədən ordumuzun son illərdə yüksək səviyyədə inkişafına, milli dövlətçilik maraqlarımızı bütün dünyada qətiyyətlə müdafiə etdiyinə, qoruduğuna görə birmənalı olaraq dəstəkləyir. Eyni zamanda da, “bizim ərazimizdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik”kimi fikirlərlə erməni işğalı ilə bağlı konkret mövqeyini ortaya qoyduğuna görə ölkə başçısı cəmiyyətimizdə böyük nüfuza malikdir. Bu gün Prezidentin bir kəlməsi ilə 50 mindən çox insanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrində qeydiyyatdan keçməsi ölkə başçısının cəmiyyət, xalq arasındakı yüksək nüfuzu ilə bağlıdır. Cənab Prezident qeyd etmişdi ki, şəhidlərimizin qanının yerdə qalmayacaq, onların qisası alınıb və alınacaq da. Prezidentin bu fikri də vətəndaşlarımıza böyük ruh verdi. Bu gün qisas hissi və şəhidlərimizin intiqamının alınması arzusu ilə yaşayan vətəndaşlarımız kütləvi şəkildə qeydiyyatdan keçirlər. Biz bilirik ki, Azərbaycan vətəndaşları torpaqlarımızın işğaldan azad edilməsini istəyir və danışıqlar yolu ilə hər hansı bir variantın mümkün olmadığı dəfələrlə vurğulanıb. Prezidentin vurğualdığı kimi bir həftə əvvələ qədər orduya könüllü yazılanların sayı 150 nəfər idisə, bu gün 50 min nəfərə çatıb. Könüllü orduya yazılanların sayının bir neçə gün içində150 nəfərdən 50 min nəfərə çatması təsadüfi deyil, bu ölkə başçısının xalq arasındakı sarsılmaz nüfuzundan xəbər verən amildir. Bu o deməkdir ki, ölkə əhalisi, ictimaiyyət, xalq birmənalı şəkildə torpaqlarımızı işğaldan azad etmək üçün könüllü orduya yazılırlar”-deyə R.Zeyni vurğuladı.
İradə SARIYEVA