“Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq”. Bunu Prezident İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik:“İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Orada 57 ölkə birləşir. Bu, həm haqq-ədalətə verilən, həm də Azərbaycana verilən dəstəkdir. Çünki siz də bilirsiniz, mən İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər səylər göstərirəm. Azərbaycan nə qədər çalışır ki, bəzi İslam ölkələri arasında olan hansısa ixtilaflar aradan qaldırılsın, yaxud da yumşalsın ki, ilk növbədə, biz öz evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq. Çünki əgər burada birlik olmasa, onda bizim taleyimiz necə olacaq? Müsəlman ölkələri bunu qiymətləndirir. Bütün ölkələr - 57 müsəlman ölkəsi bizi dəstəklədi. Baxmayaraq ki, bu ölkələrin bəzilərində erməni icmaları kifayət qədər böyük imkanlara malikdir. Baxmayaraq, bu ölkələrdə erməni rəsmi orqanları, onların səfirlikləri gecə-gündüz çalışırlar ki, bəzi müsəlman ölkələrini öz tərəflərinə çəksinlər. Biz bunu görürük. Bəzən səfərlər edirlər. Bəzən dövlət başçısı səviyyəsində müsəlman ölkələrinə gedirlər. Biz hər şeyi izləyirik, baxırıq, baxmalıyıq. Bəzən, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə ki, bu bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə deyirik, həmrəylik sözdə yox, əməldə olmalıdır”.
Göründüyü kimi, Prezident məlum çıxışında çox vacib məqamlara toxunub. Sözügedən məsələlər çox mühüm məqamlardır. Bütün bu deyilənlərin fonunda müsəlman dünyasında birliyin yaradılmasına necə nail olmaq olar?
“Ermənistanla yaxın əlaqələr quran bəzi müsəlman dövlətlərini inandırmalıyıq ki, düz yolda deyilsiniz”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli də qeyd etdi ki, ölkə başçısı çıxışında çox önəmli mövzulara toxundu:“Müsəlman dünyasında həmrəyliyin yaradılması çox lazımdır. Ancaq məsələ ondadır ki, bu istiqamətdə görüləsi işlər çoxdur. Eyni zamanda həm də bir qədər çətindir. Səbəbi onunla bağlıdır ki, bəzi müsəlman ölkələri arasında çox dərin ixtilaflar mövcuddur. Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan sözügedən problemlərin həlli ilə bağlı ciddi səylər göstərir. Bütövlükdə, İslam dünyasında birliyin yaradılmasına nail olmaq üçün davamlı dialoqa ehtiyac var. Hesab edirəm ki, yalnız bu minvalla həmrəyliyə nail olmaq olar. Təbii ki, sözügedən iş çətin və uzunmüddətli ola bilər, amma hələlik bunun digər alternativi yoxdur. Aktual məsələlərdən biri də bəzi müsəlman ölkələri ilə Ermənistan arasında olan yaxın münasibətlərdir. Prezident haqlı olaraq bir daha bu məsələyə toxundu. Çox təəssüflər olsun ki, bəzi İslam dövlətləri işğalçı Ermənistanla əlaqələri genişləndirir. Fikrimcə, bu yolverilməzdir. Ona görə ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etməklə yanaşı, İslam irsinə divan tutub. Bütün məscidlər, İslam abidələri dağıdılaraq məhv edilib. Belə olan halda, əlbəttə ki, bəzi müsəlman dövlətlərinin Ermənistanla əlaqələr qurması anlaşılan deyil. Bu, müsəlman kimliyinə qarşı olan bir hərəkətdir. Hesab edirəm ki, Ermənistanla yaxın əlaqələr quran bəzi müsəlman dövlətləri ilə sıx işləməliyik. Onları inandırmalıyıq ki, düz yolda deyilsiniz”.
Görünən odur ki, bu istiqamətdə səylərimizi bir qədər də artırmalıyıq.
Vidadi ORDAHALLI