Ötən yazımızda Ermənistan-Azərbaycan sərhədində baş vermiş məlum silahlı toqquşma ilə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə və ordusuna dəstəyini bildirmək məqsədilə müxtəlif aksiyalar keçirdiyi barədə ətraflı məlumat vermişdik. Həmin yazımız sərhədlərimizdə yaradılan təxribatın ilk günlərinə təsadüf edirdi.
Çox maraqlıdır ki, bu müddət ərzində də soydaşlarımızın dövlətimizə dəstək aksiyaları artan xətt üzrə davam etdirilib. İstərdik, son günlər ərzində soydaşlarımızın keçirdiyi yeni dəstək aksiyalarına diqqət edək. Almaniya-Azərbaycan Alyansının və Almaniyadakı Azərbaycan Diaspor Təşkilatlarının Mərkəzi Əlaqələndirmə Şurasının təşəbbüsü ilə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında Almaniya paytaxtında yaşayan həmvətənlərimizin genişmiqyaslı etiraz aksiyası keçirilib.
Şəhərin hakimiyyət orqanları bu mitinqdə 200 nəfərin iştirakına icazə verib. Tədbirdə Vətənin səsinə hər dəqiqə səs verməyə və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan Azərbaycan vətənpərvərləri toplaşıblar. Bu aksiyada iştirak etmək üçün gəlmiş, lakin pandemiya səbəbindən tədbirdə iştirak etməsinə icazə verilən insanların sayından çox olan daha 500 nəfər isə iştirakçıların əsas qrupunun toplaşdığı yerin yaxınlığında sıraya düzülərək əsas iştirakçılar qrupunun səsləndirdiyi şüarları onlarla birlikdə xorla təkrar ediblər.
Mitinq iştirakçılarının söylədiyi “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları erməniləri lərzəyə gətirib! Ermənistanın Berlindəki səfirliyi bu şüarların əks-sədasından silkələnib! Qoy pərdə arxasında gizlənmiş bədbəxt diplomatlar bu səsi eşitsinlər, qoy onlar satqın nasist Nikol Vardanovıç Paşinyanın meydandan baş nazir kürsüsünə hoppanmış nəvəsinə məruzə etsinlər: illər keçdikcə azərbaycanlılar, sizin ümidlərinizə rəğmən, Qarabağı nəinki unutmayıblar, hətta Vətənin azad edilməsi uğrunda canlarından belə keçməyə daha böyük əzmlə hazırdırlar!Azərbaycan diaspor təşkilatlarının rəhbərləri həmvətənlərimizin qarşısında çıxış ediblər.
Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatların pisləndiyi, Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkəmizin Ukraynadakı səfirliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Türkiyənin icma nümayəndələri, yerli KİV təmsilçiləri iştirak edib. 200-dən artıq iştirakçısı olan aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Biz Poladıq!” şüarları səsləndirilib. Aksiya Azərbaycanın və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göstərdikləri dəstəyə görə soydaşlarımıza təşəkkürünü bildirən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib ki, son hadisələr bir daha Azərbaycan dövlətinin, ordusunun qüdrətli olduğunu sübut etdi. Bu gün dünyanın bütün ölkələrində Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Milli Ordumuza dəstək aksiyaları keçirilir. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Səfir qeyd edib ki, Tovuz hadisələri zamanı dünya ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəklədi:“Mən, xüsusilə Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə təşəkkürümü bildirirəm”.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılar həmişə Azərbaycan dövlətinin, Prezidentinin yanında olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. “Ukraynada yaşayan azərbaycanlılar Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri əsasında torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bütün dünya azərbaycanlıları Ermənistana qarşı mübarizədə həmrəylik göstərir, xalqla dövlət arasında birlik mövcuddur”, - deyə R.Tağıyev əlavə edib. Mitinqdə daha sonra Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, diaspor fəalı Əbülfəz Qasımov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, Konqresin Mirqorod şəhər təşkilatının sədri Zamiq İsmayılov çıxış edərək Ermənistanın işğalçılıq siyasətini pisləyiblər.
Budapeştin mərkəzində, Qəhrəmanlar Meydanında həmvətənlərimizin kütləvi aksiyası keçirilib. “Qardaşlıq” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi (AHYU) və bu yaxınlarda Budapeştdə açılan Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə Dunay üzərində şəhərin mərkəzi hissəsində keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları əllərində Azərbaycan, Türkiyə, Macarıstan bayraqları, həmçinin Ermənistanın regionda davranışını pisləyən transparantlar tutublar. İştirakçılar arasında müxtəlif, o cümlədən türk, qazax, Bosniya diasporlarının təmsilçiləri də olub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin binası önündə də ordumuza dəstək aksiyası keçirilib. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək bildirib ki, son günlər Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın sərhəd bölgəsindəki Tovuz rayonu istiqamətində törətdiyi təxribat bütün dünyanın diqqət mərkəzindədir. Dünya azərbaycanlıları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsini çox yüksək qiymətləndirib.
Çıxışlarda Gürcüstan azərbaycanlılarının Azərbaycan uğrunda döyüşməyə hazır olduqları da diqqətə çatdırılıb.
Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ermənistan, Qarabağdan əlini çək!” kimi şüarlar səsləndiriblər.
Ancaq ermənilərin kompakt yaşadığı ABŞ-ın Los Anceles ştatında soydaşlarımızın keçirdiyi aksiya insidentsiz ötüşməyib. Həmin şəhərdə yaşayan ermənilər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.
Los Ancelesdəki Baş Konsulluqdan verilən məlumata görə, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri ermənilərin təxribatına mane olub. İngilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət”, “Ermənistan COVID-19 pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər çoxsaylı şüarlar yazılan şəkilli plakatlar nümayiş etdiriblər. Ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Təhlükəsizliyi təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb. Biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb, xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək xəsarət alan həmyerlilərimizlə görüşüb, erməni cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır.
Keçirilən bu aksiyalarda diqqət çəkən məqam bundan ibarətdir ki, həmin tədbirlərdə başqa millətlərin və diasporların nümayəndələri də bizimlə çiyin-çiyinə durub, ermənilərə öz etirazlarını bildiriblər. Azərbaycanın rəsmi qurumu olan Disporla İş üzrə Dövlət Komitəsi də söydaşlarımızın dəstək aksiyasını yüksək dəyərləndirib: "Əziz soydaşlarımız! Son bir həftə ərzində erməni təxribatçılarının Azərbaycan ərazisinin Tovuz istiqamətində hücumlarına Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında bütün istiqamətlərdə lazimı cavablar verilməkdədir. Sizin Ermənistanın bu çirkin niyyətini ifşa edərək yerli ictimaiyyətə çatdırmaqda xüsusi rolunuzu qeyd etmək istəyirik. İşğalçı dövlət bu çirkin əməlləri ilə həm də mülki əhalini hədəf alıb və müxtəlif vandalizm aktları həyata keçirilib.
Azərbaycan ordusunun təxribatçıya endirdiyi zərbələr kimi, siz də ordumuza dəstək olaraq xüsusi birlik nümayiş etdirmisiniz. 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları 100-ə qədər bəyanat verib. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Ümumilikdə bu müddət ərzində 20 xarici ölkədə 41 aksiya keçirilib və aksiyalarda 10 mindən çox soydaşımış iştirak edib. Bu aksiyalar mütləq şəkildə davam etdiriləcək...”
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında soydaşlarımızın budəfəki birliyindən qürur duyduğunu dedi:“Mən xarici ölkələrdə tez-tez oluram. Bəzən həmin ölkələrdəki diaspor təşkilatlarımızın pərakəndəliyi bizi narahat edirdi. Tovuz hadisələri tamamilə başqa bir mənzərəni ortaya qoydu. Diaspor təşkilatlarımız nəinki təxribatlara etiraz etdi, hətta bütün ölkələrdəki səfirliklərimizin binalarına canlarını sipər edərək onları qorudu. Bu da bir döyüş meydanıydı və soydaşlarımız bu döyüşlərdən ləyqaətlə çıxdılar. Diqqət çəkən ən mühüm məqamlardan biri də bu oldu ki, dəstək aksiyalarında türk və başqa diaspor təşkilatları da bizimlə yanaşı oldu. Bütün bunlar bizim xaricdəki diaspor təşkilatlarımızın nüfuzunun artmasına dəlalət edən amildi. Mən çox istərdim ki, xarici ölkələrdəki diaspor təşkilatlarımız bu birliyi daim qoruyub saxlasınlar. Onlara yalnız təşəkkür düşür”.
Biz də, öz növbəmizdə, Ermənistanın işğalçı siyasətini ifşa edərək, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və ərazi bütövlüyünü dəstəklədikləri üçün bütün diaspor təşkilatlarımıza və onlarla birlikdə həmin aksiyalara qatılan digər millətlərin nümayəndələrinə təşəkkürümüzü bildiririk. Onlara “biz sizinlə fəxr edirik!”, deyirik.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.