Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatdan istifadə etməsi ətrafında qalmaqal böyüyür. Məsələ burasındadır ki, Azərbaycan daim çətin günlərində yardım etdiyi Serbiyadan belə addım gözləmirdi. Çünki Bakı Kosovo məsələsində daim rəsmi Belqarda dəstək verib, eyni zamanda Serbiyanın kredit istəklərini təmin edib, onun iqtisadiyyatına yatrımlar qoyub, bir neçə dəfə də bu ölkəyə humanitar yardım göndərib. Sonuncu belə yardım koronavirus pandemiyası ilə bağlı cari ilin may ayına təsadüf edib. İki ölkə arasında strateji tərəfdaşlığa dair razılaşmalar da var. Bütün bunlar fonunda Serbiyanın Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və Azərbaycana doğrulacağını bildiyi halda Ermənistana silah tədarük etməsi təəccüb və təəssüf doğurur.
Xatırladaq ki, məsələ ilə bağl artıq Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib. Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minaatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib. Bunlardan sonra Serbiya Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç silahların Ermənistana verilməsini qismən etiraf edib:“2020-ci ildə Ermənistana silahlar bir özəl şirkət tərəfindən verilib, dövlət şirkətləri bu məsələdə iştirak etməyib. Hansı şirkətdən bəhs etdiyimizi deyə bilmərəm, amma bilirik ki, şirkət əsasən avtomat və tapançalar verir. Anlaşmanın ümumi məbləği isə bir milyon avrodan azdır. Sözügedən yük may-iyun aylarında Ermənistana çatdırılıb”. Lyaiç onu da vurğulayıb ki, rəhbərlik etdiyi nazirlikdən əlavə, ixrac icazəsinə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi də imza atıb. Onu da qeyd edək ki, Serbiyadan Gürcüstana silahları Slobodan Tesiç adlı məşhur kriminal silah alverçisi çatdırıb. O, “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyaları altındadır. Minaatan mərmiləri qismində yükü göndərən Serbiyanın “Vectura Trans D.O.O.” şirkətidir. “Vectura Trans” şirkəti də “Maqnitski Aktı” çərçivəsində ABŞ-ın sanksiyası altındadır. Sursat Serbiyanın Niş şəhərindən MDB respublikalarından birinin aviaşirkəti vasitəsilə göndərilib.
Slobadan Tesçiçin adına Rusiyada axtarışda olan David Qalstyan barədə araşdırmada da rast gəlinir. Tesiç və Qalstyan partnyorlardır, bu da Serbiya hökuməti üçün sirr deyil. Serbiyalı biznesmenin adı 2000-ci illərin əvvəllərində, BMT-nin embarqosuna baxmayaraq, Liberiya və İraqa silah tədarük etməsilə bütün dünyada məşhur olub. ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada Teşiçin bir neçə şirkətdə "səssiz ortaq" olaraq silah ticarəti ilə məşğul olmağa davam etdiyi, yəni rəsmi olaraq şirkət sahibi və ya direktoru olmadan bu işlə məşğul olduğu qeyd olunub. Teşiç müxtəlif dövlətlərlə silah tədarükünə dair müqavilələri bağlamaq üçün rüşvət və maddi yardım təqdim edib. Bundan əlavə o da məlumdur ki, Serbiyanın “Kruşik” Hərbi Holdinq Korporasiyası Ermənistan Müdafiə Nazirliyini çoxsaylı artileriya mərmiləri, reaktiv mərmilər, minaatanlar və digər silahlarla 2018-ci ildən bu yana təmin etməkdədir. Bunun üçün vahid mexanizm qurulub və silahlar Serbiyadan ofşor şirkətin adına sənədləşdirlir və çıxarılır, daha sonra isə ikinci ofşor şirkətin adı ilə alıcı dövlətin Müdafiə Nazirliyinə göndərilir. Ermənistana çatdırılan silahlar ilk öncə Moldovanın Ungeni Azad İqtisadi Bölgəsində qeydiyyatdan keçmiş ofşor şirkətlə alğı-satqı müqaviləsi ilə sənədləşdirilib. Silah və sursat sonradan Serbiyadan hava yolu ilə ofşor yük statusu ilə Moldovaya çatdırılıb, Ungenidə təkrar sənədləşdirildikdən sonra Moldovanın Çurculeşti beynəlxalq dəniz limanına gətirilib və buradan da Moldova gömrüyünün möhürlənmiş sənədləri ilə dəniz-quru yolu ilə Ermənistana göndərilib. Bununla Serbiya Azərbaycanla tərəfdaşlıq əlaqələrinə də ciddi ziyan vurur. Bunu Belqrad Geostrateji Tədqiqatlar Mərkəzinin direktoru Draqana Trifkoviç də xüsusi olaraq vurğulayır:“Serbiyanın Ermənistana niyə silah satdığına rasional cavab tapa bilmirəm. Son illər Azərbaycan və Serbiya arasında əməkdaşlıq sürətlə inkişaf edir və sizin tərəfinizdən olan təşəbbüs bir çox hallarda buna şərait yaradıb. Bir çox hallarda Serbiyanın yardıma ehtiyacı olanda, Azərbaycan ilk yardım əlini uzadanlardan olub. Məhz buna görə mən Serbiyanın Dağlıq Qarabağ ucbatından konfliktdə olduğunuz Ermənistana niyə silah satdığına rasional cavab tapa bilmirəm. Düşünürəm ki, bu doğru olmayan addımdır, amma təəssüf ki, serb rəhbərliyi strateji siyasət aparmır, əvəzində çox risqli addımlar atır. Ona görə də biz dəfələrlə qeyri-adi situasiyalara düşmüşük. Bu, diplomatik qalmaqal yaradan ilk silah satışı deyil. Mümkündür ki, hansısa üçüncü tərəf Serbiyaya bu məsələdə təsir göstərib. Hesab edirəm ki, Azərbaycan bütün diplomatik addımları atıb, Serbiya rəhbərliyindən izahat tələb etməlidir. Məncə, Serbiyanın Azərbaycan-Ermənistan konfliktinə müdaxilə üçün heç bir əsası yoxdur”. Ekspert “axar” portalına açıqlamasında silah skandalının Belqrad-Bakı münasibətlərinə təsir edəcəyini bildirib. Bununla belə o, tərəflər arasında münasibətlərin ciddi zədələnəcəyinə inanmadığını deyib.
Samirə SƏFƏROVA