12 iyulda Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən təxribat terror aktı kimi qiymətləndirilməlidir. “Trend”-in məlumatlna görə, bunu mətbuat konfransında Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu təxribat təsadüfi deyil və əvvəldən planlaşdırılmış bir təxribat idi. PA rəsmisi qeyd edib ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi Dağlıq Qarabağ münaqişəsindən diqqəti yayındırmaq, sərhəddə gərginlik yaratmaq və regionu təhlükədə qoymaq, 3-cü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın beynəlxalq uğurlarına xələl gətirmək, Şərq-Qərb nəqliyyat dəhlizinə xələl gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək və sərhəddə müəyyən üstünlüklər əldə etmək, Ermənistanda ölkədaxili problemlərdən diqqəti yayındırmaq, Aprel və Günnüt əməliyyatında Ermənistana vurulmuş zərbənin qisasını almaq idi: "Lakin Ermənistan heç bir məqsədə nail ola bilmədi, Azərbaycan Ordusu Ermənistanın bu mənfur hücumunun qarşısını aldı və Ermənistan öz layiqli cavabını aldı. Bu təcavüz aktına görə məsuliyət Ermənistanın siyası rejiminin üzərinə düşür".
Bəzi konqresmenlərin erməni lobbisi ilə əlaqələri araşdırılmalıdır
Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, guya ABŞ-da Azərbaycana qarşı düzəlişin qəbul edilməsi ilə bağlı Ermənistan tərəfinin yaydığı şayiələrə münasibət də bildirib.
Belə bir məsələnin olmadığını qeyd edən H.Hacıyev deyib ki, bu, ABŞ-da olan erməni lobbi dairələrinin Azərbaycana qarşı növbəti ucuz qarayaxma kampaniyasıdır.
H.Hacıyev qeyd edib ki, elə konqresmenlər var, erməni lobbi dairələri ilə əməkdaşlıq edir və onların təsiri altındadırlar. PA rəsmisi bildirib ki, həmin konqresmenlərin erməni lobbisi ilə əlaqələri araşdırılmalıdır. H.Hacıyev vurğulayıb ki, ABŞ ictimai-siyasi darələrində bu təxribatı və regionda ictimai-siyasi vəziyyəti, o cümlədən ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlığı dərindən bilən adamlar var.
“Ermənistan tərəfi saxta şirkətlər yaradaraq qara bazarda qanunsuz silah təchizatı ilə məşğul olur”
“Ermənistan tərəfi saxta şirkətlər yaradaraq qara bazarda qanunsuz silah təchizatı ilə məşğul olur” – deyən H.Hacıyev bildirib ki, bu silahların terrorçuların əlinə keçməsi barədə də məlumatlar var: “Mən Ermənistanla bu sahədə əməkdaşlıq edən ölkələri diqqətli olmağa çağırıram”.
Minsk Qrupuna daxil olan bütün dövlətlərin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var
H.Hacıyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı onu deməliyəm ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil. H.Hacıyev bildirib ki, danışıqlar Minsk Qrupunun mandatına uyğun çərçivədə aparılmalıdır. O qeyd edib ki, Minsk Qrupunun mandatı beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq danışıqları aparmaqdır.
H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi gözləyir Minsk Qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. O əlavə edib ki, Minsk Qrupu prosesində 11 dövlət iştirak edir və bu dövlətlərin hər birinin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var.
ATƏT-in Minsk Qrupunun bu günə qədər apardığı danışıqların heç bir nəticəsi olmayıb
“Biz imitasiya xatirinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda iştirak etmək niyyətində deyilik” – deyən Prezidentin köməkçisi bildirib ki, ATƏT-in Minsk Qrupunun bu günə qədər apardığı danışıqların heç bir nəticəsi olmayıb:“Minsk Qrupunun bu günə qədər aparılan fəaliyyətini qənaətbəxsş hesab etmək olmaz. Status-kvonun saxlanması təhlükəlidir və status-kvo dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün isə işğal faktı aradan qaldırılmalıdır. Ona görə də Minsk Qrupu qarşıdan gələn müddət ərzində işğal faktının aradan qaldırılması üçün çalışmalıdır.
Biz danışıqlar formatının yox, iş metodunun dəyişdirilməsini istəyirik. Daha effektiv, konkret vaxt, cədvəl, gündəlik əsasda iş aparılmalıdır. Azərbaycan bundan sonra da münaqişə ilə bağlı məsələni beynəlxalq təşkilatlarda gündəmdə saxlayacaq”.
H.Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşmanın aparılması danışıqlar mahiyyətini darmadağın edir: “Bütün bunlara kompleks qiymət verilməlidir. Azərbaycan ictimaiyyəti buna qiymət verilməsini gözləyir. ATƏT-in Minsk qrupu öz mandatarına əsasən konkret mövqe ortaya qoymalıdır. Onların əsas mahiyyəti işğal faktını aradan qaldırmaqdır. Atəşkəs ona görə elan edildi ki, işğal faktı aradan qaldırılsın.
Azərbaycan predmentli danışıqların tərəfdarıdır. Nə zaman kı, münaqişə ilə bağlı danışıqlar olur, Ermənistan tərəfi siyasi və hərbi təxribatlara əl atır. Danışıqların irəli aparılması üçün Azərbaycan tərəfi bütün imkanları yaradır. Bunun müqabilində isə biz Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamalarını, hərbi təxribatını, Ermənistan rəhbərliyinin gülünc açıqlamalarını görürük. Bütün bunlara qiymət verilməlidir”.
“Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman mülki obyektlərin hədəfə alınması barədə düşünməyib”
Azərbaycanın guya Ermnənistanın Metsamor AES-ni hədəfə alması barədə Ermənistan tərəfinin yaydığı dezinformasiyaya münasibət bildirən H.Hacıyev deyib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman mülki obyektlərin hədəfə alınması barədə düşünməyib. H.Hacıyev bildirib ki, Ermənistan tərəfi qəsdən belə dezinformasiya yayaraq bu məsələni siyasiləşdirməyə çalışır. O bildirib ki, Azərbaycan tərəfi heç zaman mülki obyektləri hədəfə almaqla bağlı fikir səsləndirməyib:“Ancaq Ermənistan tərəfi dəfələrlə Azərbaycanın Mingəçevir su anbarını, neft-qaz boru kəmərlərini, Azərbaycanın şəhərlərini vurmaqla bağlı təhdid dolu bəyanatlar səsləndirib.
Bütün bunlar Ermənistanın hərbi siyasi rəhbərliyinin məkrli məqsədini göstərir. Ermənistan tərəfi bu cür məsələlərlə öz cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa cəhd edir”.
“12 iyul hadisəsi Ermənistan tərəfindən törədilən hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir”
“12 iyul hadisəsi Ermənistan tərəfindən törədilən hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, Ermənistan tərəfindən başladılan bu hərbi təxribatla bağlı beynəlxalq ictimaiyyət də narahatlıq keçirdi. O bildirib ki, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatını qəti şəkildə pisləyən bəyanatlarla çıxış etdilər, Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qəti şəkildə pislədilər.
L.Abdullayeva vurğulayıb ki, beynəlxalq təşiklatlar Azərbaycanı birmənalı dəstəklədilər: “Ermənistanın yeni təxribat, gücdən istifadə etmək və yeni ərazilər əldə etmək cəhdi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənib”.
ABŞ Konqresində Azərbaycanın xeyrinə düzəliş qəbul edilib
L.Abdullayeva qeyd edib ki, Konqresin Nümayəndələr Palatasında qəbul olunmuş çox önəmli bir düzəliş var. O bildirib ki, düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şarlot və Stiv Koendir.
“Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə, Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. Burada söhbət İşğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur”.
Serbiyanın vəkili Ermənistana silah göndərilməsindən xəbərsiz olduğunu bildirib
L.Abdullayeva qeyd edib ki, Serbiyanın müvəqqəti işlər vəkili ölkəsinin Ermənistana silah göndərməsi ilə bağlı məlumatdan xəbərsiz olduğunu bildirib. L.Abdullayeva bildirib ki, müvəqqəti işlər vəkili hadisədən xəbərsiz olduğunu və baş verənlərdən təəssüf etdiyi deyib:“O bildirdi ki, bu məsələ ilə bağlı öz ölkəsinin rəhbərliyinə məlumat verəcək və ümid etdiyini bildirib ki, bu hadisə Azərbaycanla Serbiya arasında əməkdaşlığa xələl gətirməyəcək”.
“Aprel döyüşlərində olduğu kimi, Ermənistan bu döyüşlər zamanı da itkilərini gizlədir”
“12 iyulda Ermənistan əvvəlcə yüngül silahlardan mövqelərimizi atəşə tutmağa başladı, daha sonra ağır silahlardan istifadə etməklə həm mövqelərimizi, həm də mülki yaşayış məntəqələrini atəşə tutmağa başladı”. Bunu isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı keçirilən mətbuat konfransında deyib.
V.Dərgahlı bildirib ki, Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində düşmənin hücumunun qarşısı alındı, Ermənistanın yüzlərlə hərbi qulluqçusu, texnikası, dayaq məntəqələri məhv edildi.
V.Dərgahlı vurğulayıb ki, aprel döyüşlərində olduğu kimi, Ermənistan rəhbərliyi bu döyüşlər zamanı da itkilərini gizlədir: “Yəqin ki, bir müddət keçəcək, Ermənistan tərəfi itkilərini müxtəlif adlar altında üzə çıxaracaq”.
V.Dərgahlı vurğulayıb ki, döyüşlərdə məhv edilənlər arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç etmiş ermənilərin də olduğu ehtimal edilir.
MN rəsmisi xüsusi olaraq qeyd edib ki, bu döyüşlər zamanı hər hansı ərazi itkisi olmayıb:“Bəzi bəlli olmayan mənbələr tərəfindən yayılan hansısa ərazi itkisinin olması barədə məlumatları qəti şəkildə rədd edirik və bildiririk ki, heç bir ərazi itkisi olmayıb”.